Başlıca uğur formulu: özümüz!

Avropa komissiyasının prezidenti Joze Manuel Barrozo hakimiyət üçün çətin, düşkünlük dönəmində çox gərəkli qulluqda bulundu. O, Ilham Əliyevi “demokratik dəyərlərə bağlı insan” adlandırdı. Bu eləcə dəyərləndirmə deyil, açıq-aydın KORRUPSIYA görsənişi, KORRUPSIYA dəyərləndirməsidir. Ola bilsin, bizdə kimlər üçünsə bu Avropa Birliyi adına yaraşmayan, əliyevçi rejim gerçəyindən bütünlüklə uzaq dəyərləndirmə sürpriz oldu, məndən ötrü belə deyil. Mən bir sıra yazılarımda ispaniyalı Barrozonu çoxdan KORRUPSIONER adlandırmışam. Belə damğalarıma görə məni qınayanlar çoxdur, daha çox da ölkəiçi görsənişlərlə bağlı. 

Görsəniş dedim. Jurnalistin, analitikin başlıca işi görsənişləri fiksasiya etmək, başqa cür desək, göstərməkdir. Deyə bilərsiz: görsənişi göstərməyə nə gərək? Bu sorudan ortaya başqa bir soru da çıxır: görsənişi hamı görürmü? Burada belə bir sorun var: adam görsənişi görür, ancaq gördüyünü yetərincə görüb qavraya bilmir, onun nədən, niyə baş verdiyi, eləcə də gerçək necəliyi ona çatmır. Belədə jurnalist-analitik işinə, göstərmə-tanıtmasına gərək yaranır. Belə olurkən biz ölkəiçi görsənişlərdən yazanda “qərəzli”, “subyektiv”, ölkədışı görsənişlərdən yazandasa “politkorrekt” olmuruq. Burasını soruşan yoxdur: doğrudanmı biz hər yerdə POLITKORREKT olmalıyıq? Məncə, yox. Daha çox da Azərbaycanla, Azərbaycanın çıxarları ilə bağlı hər yerdə, hər çağda POLITKORREKT olmaq ən azı Avropada geniş yayılmış bir prinsipi – real politika prinsipini tanımamaq, saymamaq deməkdir. Real politika prinsipini saymamaq, ona sayğısızlıq göstərmək isə başqalarına deyil, özümüzə itkilər qazandıracaq görsənişlərdəndir. 

2010-cu ilin yayında indiki Barrozo Azərbaycana gəlmişdi. Gəldi, I.Əliyevin qarşısında qoşul qoyub getdi. Bu qoşullara görə, I.Əliyev elə o ilin sentyabrınadək ölkədə yeni bir dönəmin başlanğıcını qoymalı idi: radikal demokratik reformalara başlamaqla rüşvət-korrupsiya aradan qaldırılmalı, monopoliyalara son qoyulmalıydı… Deyəsən, Barrozoya tələsik pul gərək olmuşdu, özü də çoxlu pul. Axı, Avropa birliyinin, AŞ PA-nın, ABŞ-ın I.Əliyevə 7-8 ildə gördürə bilmədiyi işləri Barrozo bir neçə ayın içində gördürməyə girişmişdi! Sonuc nə oldu: I.Əliyev ölkədə demokratiyanın axırına çıxdı, diktatura yönətimini daha da gücləndirdi, siyasi dustaqların sayını qat-qat artırdı. Bütün bunlardan sonra Barrozonun I.Əliyevə “demokratik dəyərlərə bağlı insan” dəyərləndirməsinin dəyərləndirilməsi yalnız belə ola bilər: KORRUPSIYA!

Yeri gəlmişkən, bizim ünlü siyasi dustaqlardan biri – Ilqar Məmmədov Barrozoya başvuruda bulunaraq onu, qısaca desək, Avropa dəyərlərinə bağlı qalmağa çağırıb. Məncə, ən azı indilikdə Ilqar bəy ünvanı düzgün seçməyib: yetməzmi, qardaşlar? Yetməzmi biz illərlə özümüzdən çox özgələrə güvəndik? Illərlə özümüzdən çox özgələrə güvəndik, onlarsa bizə nə Qarabağı qaytardılar, nə də bizi demokratiyaya qovuşdurdular. Özlərinə gərəkən, özlərinə yararlı REAL POLITIKA axarında onlar bizi Qarabağdan da, Demokratiyadan da uzaqlaşdırdıqca uzaqlaşdırdılar. Bütün bunlardan sonra, ən azı indi biz hamıdan çox özümüzə güvənməli, hamıdan çox özümüzə arxalanmalı, dilədiyimiz dəyişikliyi də, gözlədiyimiz GƏLƏCƏYI də hamıdan çox özümüzdən ummalıyıq. 

Avropa Komissiyasını bütünlüklə korrupsiyalaşmış qurum olaraq suçlayan M.Tetçer bu qurumu buraxmağa çağırırdı. B.Britanıyanın Avropa birliyi ilə ilişkilərindən danışan M.Tetçer yazır: “Iş bundadır: Avropa birliyi bizə gərək olduğundan çox biz Avropa birliyinə gərəyik. Ancaq biz özümüzü Avropada elə yerə qoymuşuq bu yerin ucbatından öz üstünlüklərimizdən effektli yararlana bilmirik”. Illərdi bizdə belə bir sindrom yaşanır. Baxın: biz kimlərinsə gedib ABŞ-da, Avropada seçki ilə bağlı müxalifət adına iş apardıqlarını eşidib-bilirik. Ölkə içindəsə… durğunluqdur!..