Bakıda “Xədicəyə dəstək” aksiyası

Xanım jurnalistlər Xədicə Ismayıla qarşı qarayaxma kampaniyasına etirazlarını ifadə etdilər

Avqustun 2-i saat 18.00-da Bakıda bir qrup xanım jurnalist həmkarları – “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla qarşı qarayaxma kampaniyasına etiraz olaraq, aksiya keçirməyə cəhd göstərib.
Onlar “Nizami” metrostansiyasının qarşısında toplaşaraq, Fəvvarələr Meydanına qədər yürüş etməyi nəzərdə tutublar. Jurnalistlər əllərində “Dördüncü hakimiyyət bizik!”, “Mənim evim, mənim yatağım korrupsiya deyil!”, “Xədicə, biz səninləyik!” şüarları yazılan plakatlar tutublar.
Polislər aksiyaya imkan verməyib. Aksiya gələnləri elə metrostansiyanın qarşısında saxlayaraq, avtobusa mindiriblər. Aksiyaçı jurnalistlərlə yanaşı, hadisəni işıqlandırmağa gedən media təmsilçiləri də saxlanılıb. Onların hamısını birlikdə Yasamal rayon 27-ci polis bölməsinə aparıblar. Saxlanılan 21 nəfər jurnalist təxminən saat 20 radələrində sərbəst buraxılıb.

İnformasiya şöbəsi