Yalnız kağız üzərində olan mülkiyyət toxunulmazlığı… – ARAŞDIRMA

“Mənim evimi zorla əlimdən aldılar. Bazar qiymətlərinə uyğun kompensasiya vermədilər. Qızıma və mənə məxsus olan mənzillərimizə verilən pulla şəhərin mərkəzində bir dənə üç otaqlı mənzil almaq olmaz” – bu sözlərin müəllifi Ağdamdan məcburi köçkün düşən Gülgəz Məmmədovadır. İndi o ikinci dəfə evindən didərgin düşüb. Birinci dəfə ermənilər onu yurdundan qovmuşdusa, ikinci dəfə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bunu ona yaşatdı.

Vətəndaş zorla, mer isə gülə-gülə evindən çıxdığını deyir

Gülgəz Məmmədova Ağdam işğal olan zaman üç şəhid verərək iki aylıq körpəsiylə Bakıya – qohumlarına yanına pənah gətirir. Ötən 20 il ərzində bir neçə yerdə işləyərək özünə və qızına çətinliklə də olsa özünə mənzil ala bilir. İndi isə…

İndi, BŞİH onu evindən çıxartdı və əvəzində isə mənzilinin hər kvadrat metrinə görə, 1500 manatdan kompensasiya verdi. Gülgəz Məmmədova bununla razılaşmasa da, polis gücünə Bakı Ağır Cinayətlər Məhkəməsiylə üzbəüz binada yerləşən mənzilindən zorla çıxarıldı. Aldığı pulla isə yaxınlıqda yerləşən binada mənzil almağa çatmadı. Çünki Məmmədovlara verilən 300 min manat pulla , qonşuluqdakı tikilən yeni binada kvadratı 4 min manata olan mənzillərdən almaq mümkün deyil.  Yəni, BŞİH-in zorla aldığı evin ölçüsünə yaxın mənzil almaq üçün Gülgəz Məmmədovaya əlavə 200 min manat da gərəkdi.

Gülgəz Məmmədova və onun kimi onlarla “Qış parkı”na görə evlərindən çıxarılan sakinlər ya kirayələrdə yaşayırlar, ya da Bakının mərkəzindən xeyli kənarda mənzil alıblar. Hətta orada elə ailələr var ki, onlar bir manat da olsun kompensasiya verilməyib, paytaxtın Hövsan qəsəbəsində yeni tikililərdəki mənzillərlə təmin ediblər.

Ancaq Bakı meri Hacıbala Abutalıbov Gülgəz Məmmədovanı nəzərdə tutaraq deyir ki, o evindən gülə-gülə çıxdı. Abutalıbovun fikrincə Məmmədovanın heç bir narazılığı olmayıb və verilən kompensasiya ilə razılaşıb.

Gülgəz Məmmədova Bakı merinin bu açıqlamasını isə yalan adlandırır və bildirir ki, onu zorla çıxardıblar: “Mən pul istəmirdim. Qonşuluqdakı binada iki dənə sahəsə 150-200 kvadrat metr olan ev istəyirdim. Bunu vermədilər. Bu ərazini alan şəxs dövlətə hər mənzilə görə, kvadratı 4 min manatdan pul ödəyib. Bəs camaata niyə aşağı qiymətdən ödəyirlər? Burada ticarət mərkəzi və yaşayış binaları tikiləcək. Ərazini alan adam qoyduğu pulu artıqlamasıyla qazanacaq. Çünki bu yerlər şəhərin ən gözəgəlimli ünvanlarıdır.

Ekspertlər hesab edir ki, vətəndaş mənzilindən çıxarılanda ona bazar qiymətlərinə uyğun kompensasiya verilməklə yanaşı təmir və evi hazır olana qədər kirayə haqqı, o cümlədən əşyalarını daşımaq üçün fəhlə pulu verilməlidir. Ancaq bunların heç biri verilmir.

Sakinlər razıdırlarmı?

Ötən ilin aprel ayında Nazirlər Kabinetində keçirilən iclasında ölkə başçısı İlham Əliyev BŞİH-in verdiyi kompensasiyanı ən yüksək səviyyədə olduğunu deyib: “Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Ancaq təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur”.

Ölkə başçısının dediklərindən açıq-aydın görünür ki, şəhərin mərkəzində evlərin sökülməsi üçün verilən pullar ədalətlidir. Qeyd olunur ki, sökülən evlər heç bir “dövlət əhəmiyyətli obyekt” adıyla sökülmür. Yalnız şəhərin görünüşü üçün edilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə diqqət yetirək:

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Birinci və üçüncü bəndlərdə qeyd edilir ki, mülkiyyət heç bir halda dağıdıla, məhv edilə bilməz. Bu qanunda göstərilsə də təəssüf ki, yerinə yetirilmir.

İlham Əliyevin “ədalətli kompensasiyası” ədalətlidirmi?

Biz İlham Əliyevin Nazirlər kabinetinin iclasındakı çıxışından bir parçasına diqqət etdik.

Həqiqətənmi hər kvadrat metr üçün ödənilən məbləğ ədalətlidir? İlham Əliyevin dediyi 1500 manat indiki bazar qiymətləriylə real sayıla bilməz.

“Qış bulvarı” adı altında sökülən ünvanlarda evlərin hər kvadrat metri üçün 1500 manat verildiyi halda həmin əraziyə yaxın yerləşən Səməd Vurğun küçəsində tikilən təzə binada təmirsiz evlərin hər kvadrat metri ən yaxşı halda 2000 manatdan yuxarıdır. Qiymətlər mərtəbədən asılı olaraq dəyişir. Birincidən yeddinci mərtəbələrə qədər olan mənzillər ən baha qiymətə satılır.

Rəşid Behbudov küçəsi “Aqua Park”-ın yanında 4 otaqlı 155 kvadrat metrli ev 280 min manata satılır. Bu isə bir kvadrat metrin 1806 manata olduğunu göstərir.

Dövlət Statistika Komitəsi ilə üzbəüz “Gilan” İnşaata məxsus Qaya daşınmaz əmlakda təmirsiz mənzillər 1 kavdart metr 1700 manatdan başlayır. Düzdür, sözügedən ünvanda kvadratı 1300 manata olan mənzillər də satılır, ancaq bu yuxarı mərtəbələrdə, küncdə və şəhərin mənzərəsinə “yox” edən mənzillərdir. Bir sözlə alıcı olmadığı üçün bu cür yerləri 1300 manatdan satırlar.

İzmir parkında da təmirsiz evlərin satışı kvadrat metri 1700 manatdan başlayır. 88 kvadratdan az olmayan mənzillərin qiymətlərində mərtəbədən asılı olaraq qiymətlərində qalxma-endirim olur.

Hesablamalara görə, bir kvadrat metrin orta təmiri üçün 150-250 manat arasında pul lazım olur. Deməli, vətəndaşın evini əlindən alanda o təmirsiz evdə yaşamağa məhkum olur.

Ucuz alınır, baha satılır

Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz tikilən binanın ərazisində beşmərtəbəli “xruşşovka”lar idi, orada alimlər yaşayırdı. İndi ərazidə “Gilan” İnşaat hündürmərtəbəli iki bina tikir. Alimlər kirayədə yaşasa da, bu ilin sonuna qədər hazır olacaq. Alimlərin mənzilləri veriləndən sonra qalan mənzillər isə satışa çıxarılacaq. Hələki 12 mərtəbəsi inşa olunan binada mənzillərin kvadratı 2500 manatdır. Ancaq bina tam hazır olandan sonra baha satılmaq ehtimalı var. Yəni, tikinti işləri gedə-gedə mənzil almaq istəyənlər bu məbləğlə razılaşmalıdır.satılan evlər isə təmirsizdir. Təmir pulunu da əlavə etsək qiymət “Qış parkı”na görə sakinlərə verilən kompensasiya ilə tərs mütənasibdir.

İndi şəhərin mərkəzində satışa çıxarılan torpaq sahələrinə diqqət yetirək. “Milyonerlər məhəlləsi” kimi ad çıxaran, metronun “Gənclik” stansiyasının yaxınlığında olan Teymur Əliyev küçəsində torpağın bir sotu 300 min manatdan yuxarı satılır. Deməli, 1 sot torpaq üzərində ev tikən Bakı sakininə İlham Əliyevin qoyduğu şərtlər əsasında 150 min manat ödəyirlər. Teymur Əliyev küçəsində təkcə torpaq sahəsi üçün ən azı 300 min manat ödənilməlidir. Yaxud 2 sot torpaq üzərində tikdiyi evinin sökülməsi nəticəsində aldığı kompensasiyadan sözügedən ünvanda 1 sot boş torpaq almalıdır. Hələ bu torpağın üstündə tikəcəyi evin pulunu qeyd etmirik.

Nizami küçəsində (“Tarqovıy”), metronun “Sahil” və “İçərişəhər” stansiyalarının yaxınlığında yerləşən torpağın sotu 500 min manatdan aşağı deyil.

Nümunəvi qonşularımız…

Mülkiyyət toxunulmazdır. Toxunulmazdırsa deməli onu sökümək, buldozerin ağzına vermək olmaz. Qonşularımızı missal göstərə bilərik. Məsələn, İranda mülkiyyətə çox diqqət yetirilir. Təbrizdə yaşayan Qəfar Hatəmi deyir ki, burada vətəndaşın mülkiyyəti hər hansı dövlət əhəmiyyətli obyektə görə sökürsə ona bazaar qiymətlərindən çox kompensasiya verilir: “Əvvəla, vətəndaşən mülkiyyətini almaq üçün onunla danışığa gəlirlər. Dövlət öz qiymətini açıqlayır. Həmin məbləğ mənzilin sahibini qane etmirsə, özü məbləği açıqlayır. Təbii ki, fantastic rəqəm deyilə bilməz. Əgər həmin adam pul yox mənzil istəyirsə, yaşadığı yerdən 300 metr aralıda olmamaq şərti ilə ona əvvəlkindən ən azı 50 kvadrat metr böyük və təmirli evlə təmin edirlər. Bundan başqa kompensasiya da ödənilir”.

Müsahibimiz deyir ki, əgər vətəndaş ona edilən heç bir təklifi qəbul etmirsə mülkiyyəti sökülmür: “İranda onlarla ev var ki, parkın içindədir. Yəni, mülkin sahibi köçmür. Nəticədə tikilən park, yaxud hər hansı bir tikili həmin vətəndaşın mənzilinin yaxınlığında olur və heç bir zərər vermir”.

Bu hal Türkiyədə də var. İstanbulda yaşayan İbrahim Koçarın sözlərinə görə, burada heç kimi evindən zorla bayıra tamaq olmaz: “Bu, qanunsuzluqdur. Vətəndaş məhkəməyə verib, dövlətdən böyük təzminat ala bilər. Ona görə də mülkiyyət sahibinin razı olmadan onu zorla heç kim evindən çıxarda bilməz”.

Avropada da mülkiyyət toxunulmazlığı var və bu, ölkələrin qoşulduğu beynəlxalq konvensasiya ilə təsbit olunur. Azərbaycan da həmin konvensiyalara qoşulub. Ancaq Konstitusiyanın 13-cü maddəsinə əməl edilmədiyi kimi, konvensiyaya qoşulmaq da formal xarakter daşıyır.

Son söz əvəzi…

Mülkiyyət müqəddəsdir. Belə deyirdilər. İndi müqəddəsdir, ya yox, bunu biz yox siz deyə bilərsiniz. Ancaq mütəfəkkir Makievellinin belə bir sözü var: İnsanlar valideynlərinin ölümü ilə barışırlar, mülklərinin əllərindən getməsiylə yox!

Mülkiyyət müqəddəsdirmi?!

Ramin DEKO

Yazı Azərbaycan Hüquqçuları Asossasiyasının keçirdiyi müsabiqəyə təqdim edilir…