“Texnikabank” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi dünən də davam etdirilib.
Bu iş üzrə artıq məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamını müdafiə edən prokuror da çıxış edərək, təqsirləndirilən şəxslərə kifayət qədər ağır cəzalar istəyib. Hazırda məhkəmə prosesində müdafiəçilərin çıxışı mərhələsidir. Vəkillərin də əksəriyyəti çıxış edib.
Dünənki məhkəmə iclasında daha üç vəkil müdafiə nitqilə çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin günahsızlığına dair arqumentləri ortaya qoyublar. Onlar müvəkkillərinə qarşı ittihamların sübuta yetirilmədiyini bildirərək, məhkəmədən onlara bəraət verilməsini istəyiblər.
Indiyədək çıxış etməmiş vəkillər dünənki məhkəmə iclasında iştirak etmədiyindən müdafiə tərəfin çıxışı mərhələsini dünən yekunlaşdırmaq mümkün olmayıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva prosesin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan edib.


