Putinin səfəri ilə paralel olaraq…

Rusiya prezidentinin Bakıya gözlənilən səfərinin məqsədi bəlli olmasa da, hazırkı iqtidar bundan piar kimi istifadə etməyə başlayıb. Hətta müxalifətlə iqtidar arasında var-gəl edən bir jurnalisitin tələsik Ilham Əliyevi 3-cü prezidentlik münasibəti ilə təbrik etməsi də gözümə sataşdı. Bu səfərdən Azərbaycan xalqının nə qazanacağını belə bildirmədən, aşıq Telli Borçalının “elə hər kəsin acığına”  tərzində, nümayişkaranə şəkildə təbrik edirdi. Yeri gəlmişkən, yazımda bu təbrikdən sitat gətirmək üçün “virtual” aləmi nə qədər bir-birinə “vurdumsa” tapa bilmədim, silinmişdi. Sanki bu yazılar kiməsə göstərilmək üçün saytlara qoyulur, lazımi adamlar baxdıqdan sonra isə,  qara camaat görməsin deyə yığışdırılır…

Qara camaat demişkən, Putinin səfəri ilə paralel olaraq, Rusiyanın iri şəhərləri olan Moskva və Peterburqun azərbaycanlılardan təmizlənməsi prosesi gedir – bazarlar bağlanır, pasport, viza şərtləri ağırlaşdırılır. Bütün bunlar azmış kimi, artıq rus millətçi qruplaşmaları dəstə – dəstə bazarlara üz tutaraq, həmyerlilərimizin mal və can güvənliyinə təhlükə yaratmağa başlayıblar. Peterburqun küçələrində və bazarlarında ticarətlə məşğul olan həmyerlilərimizə qarşı rus millətçilərinin və onları himayə edən polisin davranışlarıni əks etdirən videomaterialları həyəcansız seyr etməmək qeyri-mümkündür. Piştaxtalar dağıdılır, meyvə-tərəvəz və digər ərzaqlar küçədən keçənlərə peşkəş edilir, həmyerlilərimiz isə polis maşınına oturdularaq bölmələrə aparılır. 

Maraqlıdır ki, bu vandalizmə dövlətdən heç bir reaksiya verilmir…

Etiraf edək ki, buna qədər də rus polisi heç vaxt həmyerlilərimizə laqeyd qalmamışdı, amma bu qədər də yox… 

Rusiyada baş verən və qeyri-rus tərəfindən törədilən istənilən səs-küylü cinayətdən, xüsusilə də terror aktından sonra başda “OMON” olmaqla, rus hüquq mühafizə orqanları bazarlara axışır desəm, yəqin ki, yanılmaram. Təsəvvür edin, çeçen kamikadze binanı partladır, sabahı günü onu tapmaq üçün bunlar bazara axışır, azərbaycanlıları maşınlara dolduraraq, naməlum istiqamətlərə aparıb “yoxlayandan” sonra buraxırlar. Özü də maşına mindirərkən heç kimin üst-başını belə yoxlamırlar, yaxşı bilirlər ki, azərbaycanlıda puldan başqa heç nə olmur. Belə reydlərin birində orada təsadüfən olmağıma və sənədlərimin də qaydasında olmasına baxmayaraq, məni də digər soydaşlarım kimi, şəhər ətrafına aparıb, ciblərimizi boşaldıb, sərbəst buraxdılar…

Hazırda vəziyyət başqadır, bu səhnələri seyr etdikcə,  millətçi qruplaşmalarına könülsüz şəkildə tabe olan polislər kədərli görünür. Kadrlardan da görünür ki, onları buna məcbur edirlər. Onlarsız, yəni azərbaycanlılarsız quru maaşa baxacaq olan polislər, olduqca dilxor idilər. Buna qədər başıqırxıq və başıpozuq millətçilər uzaq başı polis özünü yetirənə qədər yaramazlıq edə bilirdilər. Onların bir gün polislə “əl-ələ verib”, azərbaycanlılara divan tutmağa məcbur ediləcəyi kimin ağlına gələrdi ki…

Qayıdaq Putinin səfərinə… Rusiya Azərbaycan üçün Qarabağın işğalından tutmuş, Ermənistanın himayəsinə qədər nə lazımsa edib. Hətta bu işğala susan bir rejimin müdafiəsinə qədər. Çoxları vəziyyəti dramatikləşdirmək üçün şimal təhlükəsindən danışır. Unutmaq lazım deyil ki, Rusiyanın Azərbaycanla olan sərhədində on minlərlə etnik azərbaycanlı yaşayır və ruslar bunun nə demək olduğunu gözəl anlayır… 

Rusların hazırda ən böyük silahı yuxarıda qeyd etdiyimiz, taleyi haqqında narahatçılığımız bildirdiyimiz 2 milyondan artıq qürbətçi azərbaycanlıdır. Rusiyada daimi qeydiyyatı olmayan bu soydaşlarımızın prezident seçkiləri ərəfəsində  deportasiya edilməsi hakimiyyət üçün ağlasığmaz sonluqlarla nəticələnə bilər.

Işsiz və buna qədər nisbətən azad mühitdə, azad şəkildə yaşamağa və işləməyə adət etmiş bu qədər soydaşımızla Əliyev rejiminin baş edəcəyi, demək olar, qeyri-mümkündür. Nəzərə alsaq ki, bu soydaşlarımızın əksəriyyəti məhz bu iqtidarın zamanında Vətəndən didərgin düşüb, məsələ bir az da mürəkkəbləşir. 

Rejimin onun iradəsindən kənarda yaranan diaspor təşkilatlarına necə isterik şəkildə reaksiya verməsini yəqin ki, xatırlayırsınız…

Bəli, Əliyev iqtidarının istədiyi tək bir şey var – o da hakimiyyətdə qalmaq. 20 ildir ki, işğal olunmuş 20% torpaqların bir santimetrini ala bilməyən və düşməni paradla hədələyən rejimin qorxduğu yeganə amil xalq kütlələridir… 

Bunu gözəl anlayan Putinin səfəri yəqin ki, əvvəlkilərə bənzəməyəcək. Hələlik məlum olan budur ki, o, yolüstü dönəcək, özü də gəmidə gələcək…

Dediyim odur ki, tələsməyək…