Elçin Abıyev: «Şərlənərək həbs olunmağımdan şikayət edirəm. Mənə təzyiq edirlər ki, şikayət etməyim»
“Neftçalanın hüquq-mühafizə orqanların mənə yaşamağa imkan vermir. Artıq bezib ölüm aclığına başlamışam”. Bu sözləri “Azadlıq”a Neftaçala rayonu, Heydər Əliyev prospekti ev 61 ünvanında yaşayan Abıyev Elçin Mirzəli oğlu deyib.
Elçin Abıyevin sözlərinə görə, artıq 10 gündür ki, aclıq edir: “2008-ci ildə rayonun icra başçısından, bələdiyyə sədrinin qanunsuzluqlarından şikayət etdiyimə görə şərlənərək həbs olundum. O zaman polis işçisi Aydın Veysəlov narkotiki cibimə atıb tutdu. 3 il 6 ay cəza verdilər. Indi azadlıqdayam. Özümə olan haqsızlığı qəbul edə bilmirəm. Şərlənərək həbs olunmağımdan şikayət edirəm. Mənə təzyiq edirlər ki, şikayət etməyim. Adam polislə nə qədər qaçdı-tutdu oynayar? Dəfələrlə Daxili Işlər Nazirliyinin 102 xidmətinə zəng etmişəm. Məni haqsız yerə tutanlardan şikayət edirəm. Neftçala prokurorluğu şikayətimə baxmır. Bunlar da məni yaşamağa qoymurlar”.
Şikayətçinin sözlərinə görə, polis əməkdaşlarının ona qarşı qanunsuz əməllərinə görə dəfələrlə intihar etmək istəyib: “Himayəmdə olan iki gözü anadangəlmə görməyən anama və 2 övladıma yazığım gəlir. Yoxsa özümü çoxdan öldürmüşdüm. Nə istəyirlər məndən? 1 kor anamdır, 2 övladım. Imkan versinlər yaşayım. Aclığı da buna görə edirəm. Məni yenə də narkotiklə şərləyib tutmaq istəyirlər. Ombudsmana, Baş Prokurorluğa zəng etmişəm. Araşdırma aparıb ədaləti bərpa etmək istəmirlər. Bir əlacım qalıb ki, kor anamı belimə alıb Prezident Adminstrasiyasına gəlim. Uşaqlarımı da yanıma salım. Bəlkə mənim şikayətlərimə ədalətli baxılsın”.


