Avqustun 1-i Yasamal Rayon Məhkəməsində Müdafiə Nazirliyinin “Azadlıq”a və qəzetin əməkdaşı Xaqani Əliyevə qarşı iddiası üzrə proses keçirilib.
Iddia bu il martın 20-də “Azadlıq”da çıxan “Ordu, yoxsa can bazarı?” sərlövhəli yazıya görə qaldırılıb. “Azadlıq”ın təkzib verməsi, qəzetdən və Xaqani Əliyevdən ümumilikdə 100 min manat məbləğində təzminat tutulması, vəsaitin Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsi tələbləri qoyulub.
Cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin mövcud olduğunu iddia edən şikayətçi tərəf qəzet və yazı müəllifi barəsində xüsusi qərar çıxarılması tələbini də irəli sürüb.
Məhkəmədə Xaqani Əliyevin ifadəsi dinlənilib. O, köşə yazısında orduda baş verənlər barədə oxuduqları, eşitdikləri və gördükləri əsasında gəldiyi nəticəni – qiymətləndirici mülahizələri qələmə aldığını bildirib.
Vəkil Intiqam Əliyev “Azadlıq”a açıqlamasında bildirdi ki, nazirlik bu nəticəyə gəlib ki, “Azadlıq” qəzeti həqiqətə uyğun olmayan məlumatları yaymaqla, böhtan atmış, yəni həmin yalan məlumatların həqiqətə uyğun olmadığını və vəzifəli şəxslərin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyəcəyini bilə-bilə onları kütləvi şəkildə yaymışdır. Avropa Məhkəməsi çoxsaylı qərarlarında bildirib ki, faktla qiymətləndirici mülahizənin fərqi ondadır ki, faktın doğru və ya yalan olduğunu sübut etməyi jurnalistdən tələb etmək olar (bu onun vəzifəsidir), qiymətləndirici mülahizənin doğruluğunu və ya yalanlığını sübut etməyi isə yox.
Mübahisəyə səbəb olan yazı ordu ilə bağlı ictimaiyyəti narahat edən çox ciddi bir problemə toxunur. Məqalə ordunun ərzaq təminatında korrupsiya, əsgərlərə qarşı zorakılıq, ölüm hallarının artması və digər mövzularda mediada gedən yüzlərlə yazının açdığı müzakirələri davam etdirir.
Bu işdə iddiaçı dövlət orqanıdır. Dövlət orqanlarının şərəfi, ləyaqəti, işgüzar nüfuzu olmur. Bunlar fiziki şəxslərə və sahibkarlara, kommersiya şirkətlərinə xas məfhumlardır. Demokratik cəmiyyətlərdə söz azadlığı, məlumat azadlığı və müraciət etmək hüququ dövlət orqanının nüfuzundan üstün tutulur”.
I.Əliyev dediklərinin sübutu kimi orduda korrupsiya ilə bağlı mediada dərc olunmuş 20-dən çox yazı təqdim edib. O yazılarda yerli və beynəlxalq təşkilatların hesabatlarına, orduda xidmət edən zabit və əsgərlərin özlərinin, yaxınlarının, ekspertlərin dilindən səslənən çoxsaylı faktlara istinad olunub.
Müdafiə Nazirliyinin jurnalistin mənbələrinin olmaması ilə bağlı iradına cavabında I.Əliyev bildirib ki, əgər məhkəmə hesab etsə ki, jurnalist mənbələri açıqlamalıdır, biz onların məhkəməyə gələrək ifadə vermələrini təmin edə bilərik. Düşünmürəm ki, o biabırçı, utanc gətirən faktların məhkəmədə səslənməsi Müdafiə Nazirliyinin marağında olar.
Bundan sonra Müdafiə Nazirliyinin nümayəndəsi sənədlərlə tanış olmasını əsas göstərərək prosesin təxirə salınmasını xahiş edib. Növbəti proses avqustun 19-da 14.30-da keçiriləcək.
Ilham Hüseyn


