Kürdəmirdə bazar üsyanı (FOTO)

Satıcılar etiraza qalxdı; polislə qarşıdurmanın və xəsarət alanların olduğu deyilir

Avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkarlar etiraz aksiya keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır. Bu haqda “Azadlıq” radiosuna hadisə yerində olmuş yerli hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib. O deyib ki, 300 nəfər sahibkar dəmiryolunu kəsib. Polis hadisəyə müdaxilə edib.
Bəzi məlumatlarda polislə toquşşma baş verdiyi və xəsarət alanların olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-nın sualına cavab olaraq yayılan məlumatların həqiqətə uyğun olmadığını, məsələnin şişirdildiyini deyib. Onun sözlərinə görə, Kürdəmirdə yaşanan xırda, adi məişət hadisəsini şişirdib böyük qarşıdurma kimi təqdim ediblər. “Bu gün Kürdəmirin mərkəzi bazarında xırda alverlə məşğul olan bir qrup şəxs narazılıqlarını bildirmək üçün bazarın qarşısına toplaşıb. Həmin ərazidə xidmət aparan Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları onları nəqliyyatın və piyadaların hərəkətinə mane olmamaq üçün nizam-intizama, asayişi pozmamağa dəvət ediblər. Bu yöndə onlarla profilaktik söhbət aparılıb. Polisin tələblərinə anlayışla yanaşan həmin şəxslər dağılışıblar”, – deyə DİN rəsmisi qeyd edib.

Baş verən narazılığa aydınlıq gətirmək üçün rayon Polis Şöbəsində araşdırma aparıldığını deyən E. Zahidov “bəzilərinin iddia etdiyi kimi, polis tərəfindən saxlanılanların, xəsarət alanların olması, dəmir yolunun, avtomagistralın bağlanması barədə məlumatlar kökündən yanlışdır”, – deyə bildirib.

Rayondan verilən məlumatlarda isə aksiyaya görə saxlanılanların olduğu deyilir. Müsavat Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Baha Mikayılov “Azadlıq” radiosuna deyib ki, aksiyaya görə 8 nəfər polis şöbəsinə aparılıb. Saxlanılanlar arasında o və yerli hüquq müdafiəçisi Lətafət Məlikova da olub.
«Ad qoyurlar ki, təşkilatçı bizik. Avqustun 5-də İlham Əliyevin Kürdəmirə gəlməsi gözlənilir. Narahatdırlar ki, birdən bu günkü aksiyanın davamı olar. Ona görə camaatı tutub, gətiriblər. Hamı haqqında inzibati protokol tərtib olunur. Buraxılıb-buraxılmayacağımızı bilmirik», – deyə B.Mikayılov bildirib.

Saxlanılanlar axşam saatlarında sərbəst buraxılıblar.

Bazarın deputat Fərhad Qəribovun oğlu Elnur Qəribova məxsus olduğu bildirir.

Fərhad Qəribov da polis şöbəsinə gedibmiş. Şöbədən çıxandan sonra o, “Azadlıq” radiosuna deyib ki, bazar həqiqətən onun oğluna məxsusdur. Ancaq bazarda heç bir qiymət artımı olmayıb, baş verənlərdən də xəbəri yoxdur.