“Seçki portalı”nın təqdimatı olub

Iyulun 30-da prezident seçkisinə ictimai nəzarətin gücləndirilməsinə yardım etmək məqsədilə yaradılan “Seçki portalı” internet layihəsinin təqdimatı keçirilib.ÿ

Amerika Beynəlxalq Inkişaf Agentliyinin (USAID) dəstəklədiyi layihəni Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Demokratik Jurnalistika Məktəbi reallaşdırır.

“Turan”ın məlumatına görə, Demokratik Jurnalistika Məktəbinin rəhbəri Rövşən Hacıyev bildirib ki, bu layihə vətəndaşlara seçkiqabağı və seçki dövründə aşkar edilmiş hüquqpozmalar haqda bütün məlumatları, habelə fotoları və video materialları SMS və e-mail vasitəsilə göndərmək imkanı yaradır.

Layihənin mühüm hissəsi “Ictimai müşahidə xəritələri”dir, burada daxil olan məlumat ümumiləşdiriləcək və regionlar üzrə pozuntuların sayı göstəriləcək.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, daxil olan məlumat 11 pozuntu növü üzrə (seçici siyahılarında çatışmazlıqlar, müşahidəçilər üçün maneələr, seçkiqabağı təşviqat materiallarının məhv edilməsi, namizədlərin seçicilərlə görüşlərinə müdaxilə, məntəqə seçki komissiyalarının rəhbərlərinin və üzvlərinin səsverməsinə müdaxilə, seçicilərə qarşı təzyiq və zorakılıq və s.) təsnif ediləcək.

“Ictimai müşahidə xəritəsi” üç mərhələyə bölünəcək – seçkiqabağı dövr, səsvermə günü və seçkilərdən sonrakı dövr.

“Seçki portalı”nın təqdimatında çıxış edən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, Müsavat da belə bir pozuntular xəritəsi yaratmaq niyyətindədir, lakin öz müşahidəçilərindən daxil olan məlumatlara istinad edəcək.

Müzakirələr zamanı qeyd edilib ki, ictimai onlayn müşahidələr təkcə seçkilərin şəffaflığına yardım üçün əhəmiyyətli deyil, həm də seçki zamanı pozuntularla bağlı şikayətlərə baxılması prosesində dəlil kimi istifadə oluna bilər.