Həbib Müntəzir həyatına sui-qəsd cəhdinin təfərrüatlarını “Azadlıq”a danışdı
“Mənə qarşı sui-qəsd planı barədə əvvəlcə Berlindəki mənbələrdən məlumat aldım. Bir qədər sonra eyni məlumat Bakıdan gəldi. Mən məsələnin ciddi olduğunu görüb, tədbir görməyə başladım”. Bu sözləri “Azadlıq”a Almaniyada yaşayan blogger Həbib Müntəzir həyatına sui-qəsd cəhdindən danışarkən deyib.
Xatırladaq ki, bu barədə ilk dəfə Almaniyada yaşayan başqa bir blogger Emin Milli “Facebook” səhifəsində yazıb. O, bildirib ki, Maldiv adalarında oteldə meyiti tapılan Tural Qurbanov əslində MTN əməkdaşıdır. O, Həbib Müntəzirə sui-qəsd təşkil etmək üçün Almaniyaya göndərilib. Lakin bu plan ifşa olunduğuna görə aradan götürülüb.
Həbib Müntəzir deyir ki, Bakıdan da ona Tural Qurbanov adlı bir şəxsin Almaniyaya xüsusi missiya ilə gəldiyini bildiriblər: “Bu təsadüf ola bilməzdi. Eyni məlumat bir neçə mənbədən verildi. Bildirirdilər ki, Tural Qurbanov MTN əməkdaşıdır. Lakin o Almaniyada səfirliyin birinci katibi vəzifəsinə təyin olunmuşdu. Özü də ona xüsusi imtiyazlar tanınmışdı. Bizim araşdırlaramıza görə o, Almaniyaya gəlməmişdən əvvəl onun üçün xidməti maşın, ev ayrılıbmış. O, Berlindəki kürd və çeçen kriminal qruplarının xidmətindən yararlanmağı düşünürmüş. Lakin biz vaxtında xəbər tutduq. Dərhal Almaniyanın ombudsmanı Markus Löninqlə görüşdük. Məsələni onun diqqətinə çatdırdıq. Markus Löninq bizə alman polisinə müraciət etməyi məsləhət gördü. Biz də dərhal alman polisinə və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Onu da qeyd edim ki, Tural Qurbanov Bakıda prokurorlardan birinin oğludur. Həmin prokurorun adı da mənə bəllidir, lakin açıqlamağı məqsədəuyğun saymıram”.
Həbib Müntəzir əlavə edib ki, məsələdən vaxtında xəbər tutduqlarına və tədbir gördüklərinə görə sui-qəsd cəhdi baş tutmayıb: “Bir qədər sonra isə Tural Qurbanovun oteldə meyitinin tapılması barədə xəbər yayıldı. Bu xəbəri BBC və Maldivdəki nəşrlər yaydı. Həmin məlumatda Tural Qurbanovun polis olduğu göstərildi. Amma qeyd etdiyim kimi o MTN əməkdaşıdır. Mənim fikrimcə, plan baş tutmadığına görə onu aradan götürüblər”.
Blogger onu şou yaratmaqda ittiham edənlərə də cavab verib: “Belə iddialar var ki, guya mən şou yaradıram. Deyirlər, Həbib kimdir ki, hakimiyyət onu aradan götürsün. Mən özüm haqqında yüksək fikirdə deyiləm. Mənə də hakimiyyətin bu hərəkətləri gülməli gəlir. Amma fakt odur ki, hakimiyyət məni özünə təhlükə sayır. Əgər belə olmasaydı, ən çox izlənilən “Youtube” kanalım bağlanmazdı. Bundan əvvəl isə mən satirik sayt açmışdım: tinsohbeti.com. Ramil Usubov səviyyəsində mənə xəbərdarlıq edilmişdi saytı bağlayım. Məhz daxili işlər nazirinin tapşırığı ilə Berlinə bir şəxs gəlmişdi, adını açıqlamaq istəmirəm, qarşıma bir qovluq qoydu. Həmin qovluqda mənim qohumlarımla bağlı anket məlumatları var idi. Yəni, məni qohumlarımla təhdid etdilər.
Bundan başqa təsəvvür edin, hakimiyyət Milli Şura ilə bağlı mənim adıma sayt açır, Emin Millinin adından orada açıqlama yayır və s. Bunlar bir güllə ilə bir neçə hədəfi vurmaq istəyir. Amma internetdən anlayışımız olduğundan və dərhal tədbir gördüyümüzdən hakimiyyəti ifşa edirik”.
Azad