Xədicə Ismayılova: «Mən hakimiyyətin jurnalistikaya «diqqətini» şəxsi həyatımda dəfələrlə hiss etmişəm»
Rəşid Hacılı: «Mətbuata qayğı göstərmək yox, azadlıq vermək lazımdır»
Şahvələd Çobanoğlu: «Hakimiyyətin mətbuata qayğıdan danışması «analoqsuz inkişaf» nağılının növbəti hissəsidir»
“Vaxtilə jurnalistlərə necə təzyiqlər göstərildiyi, yəqin ki, yadınızdadır. Jurnalistlər döyülür, maşının yük yerinə basılaraq aparılır, onlara təzyiqlər edilirdi. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Lakin bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb. Dünyanın heç yerində mətbuata, jurnalistikaya bu qədər diqqət və qayğı yoxdur”.
Bu fikirləri PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov MSK-da çıxışı zamanı söyləyib. Bəli, Əli müəllim bildirib ki, Azərbaycanda mətbuat azadlığı, jurnalistlərə yüksək qayğı artan xətt üzrə davam edir.
Bizim dilimizdə yaxşı bir məsəl var “utanmasan, oynamağa nə var”.
Əvvəla, PA rəsmisi Rüstəm Ibrahimbəyova işarə edərək “jurnalistlərin ağzından vurmaq” ifadəsini işlədərkən fikri konteksdən çıxarıb. Hamı bilir ki, Rüstəm Ibrahimbəyov o fikri hansı mənada deyib.
Ikincisi, Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətini “mətbuatın yırtıcısı”, “mətbuatın qənimi”, “mətbuatın düşməni” adlandırdığını niyə unudur?
Bu gün də Azərbaycanda jurnalistlər həbsdə deyilmi? Bu ölkədə nə qədər jurnalistin döyüldüyü, öldürüldüyü Əli Həsənovun niyə yadına düşmür?
Mətbuatın azad olduğu ölkədə, tənqidçi media niyə barmaqla sayılacaq qədərdi?
Tanınmış jurnalistlər də deyilənlərə münasibət bildirdi.

Xədicə Ismayılova Azərbaycan hakimiyyətinin mətbuata qayğısını rüşvət kimi qiymətləndirir və mətbuata qarşı basqıların kifayət qədər nümunəsinin olduğunu deyir: “Mən bu hakimiyyətin ”diqqətini” şəxsən öz həyatımda hiss etmişəm. Mənim jurnalist fəaliyyətimi məhdudlaşdırmaq, məni gözdən salmaq üçün hakimiyyət hamam otağıma, yataq otağıma kamera quraşdırmağı da özünə rəva gördü. “Vikiliks” saytının açıqlamalarında göründü ki, Ilham Əliyev Beynəlxalq diplomatlarla görüşlərində məndən danışır, şikayət edir, mənim həyat tərzimi tənqid edir. Mənimlə bağlı son kampaniyanın arxasında da prezident dayanır. Mətbuata qayğıya gəlincə, deyə bilərəm ki, bu qayğı deyil, rüşvətdi və jurnalistləri susdurmaq cəhdidir”.
Media Hüququ Institunun rəhbəri Rəşid Hacılı hesab edir ki, jurnalistikaya qayğı göstərmək yox, azadlıq vermək lazımdır: “Jurnalistikaya qayğı göstərilməsi pis əlamətdi. Çünki qayğını köməksiz, yaşlı, xəstə adamlara, uşaqlara göstərərlər. Normal ölkələrdə jurnalistika 4-cü hakimiyyət sayılır. Yəni bu sahə hakimiyyətin başqa qolları kimi gücə sahib olmalıdır. Jurnalistə pul, ev vermək onun qayğısına qalmaq deyil. Əsas mətbuata qayğı göstərmək yox, mətbuata mane olmamaqdır. Mətbuata azadlıq vermək lazımdır. Bu illər ərzində yüzlərlə jurnalistə qarşı zorakılıq halları müşahidə olunub, bu və ya başqa formada təhqir olunublar. Ancaq bu işlərin, demək olar, heç biri araşdırılmayıb. Mətbuata pul vermək, ona azadlıq vermək anlamına gəlmir. Əksinə, mətbuatın özünün maddi imkanları, sosial dayaqları olmalıdır. Hakimiyyətin ritorikası onu göstərir ki, mətbuat ciddi problemlərin məngənəsindədir”.
Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, Azərbaycanda mətbuat, söz azadlığı boğulmuş vəziyyətdədir və bunu beynəlxalq təşkilatların hesabatlarında da görmək olar: “Hakimiyyət jurnalistlərə ev paylamaqla, pul verməklə özünə platforma yaratmaq məqsədi güdürdü. Azərbaycan hakimiyyəti mətbuata qarşı cinayətkarcasına təzyiqlər göstərir. Mətbuat iqtisadi, siyasi yollarla susdurulur. Jurnalistlərə qarşı zorakılıq olur, həmkarlarımızdan biri öldürülüb, həbsdə olanlar var, ölkədə azad televiziya kanalı yoxdur, köşklər bağlanılıb, kəndlərdə, ümumiyyətlə, qəzet köşkləri yoxdur. Bütün bu halları gizlətmək üçün Azərbaycan hakimiyyəti pulu işə salıb. Ancaq nə Azərbaycanda, nə də dünyada heç kim bu fikirlərə inanmır. Beynəlxalq hesabatlarda Azərbaycan avtoritar ölkə kimi qiymətləndirilir. Mətubata qayğıdan danışmaq, hakimiyyətin ”analoqsuz inkişaf” nağılının növbəti hissəsidir”.
Ilham Hüseyn


