“Sizin kimi diktaturaya qarşı fədakarlıqla mübarizə aparan böyük ziyalılarımız qürur mənbəyimizdir”
AXCP sədri Əli Kərimli VAMBP sədri, Milli Şuranın üzvü, professor Hacıbaba Əzimovu 75 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Tarix elmini öyrənən, tarixi qələmə alan, tədqiq edən alimlər çox olub. Lakin öz xalqının, ölkəsinin tarixini özü yaradan, yazan cəsarətli ziyalılar daha azdır. Çox sevindirici haldır ki, belə əqidəli, mübariz, vətəndaşlıq mövqeyi ilə seçilən, millətin mənafeyini hər şeydən üstün tutan dəyərli elm xadimlərindən Azərbaycan xalqının da payına düşüb, onlardan biri də tarix elmləri doktoru, professor Hacıbaba Əzimovdur. Hacıbaba müəllim həm bir alim, həm ictimai-siyasi xadim, deputat, həm də minlərlə tələbə yetişdirən ustad kimi hər işi səmimi, peşəkarcasına, yüksək vətənpərvərlik hissləri, möhkəm əqidə ilə görüb. Millətimiz, vətənimiz üçün ən çətin zamanlarda haqqın, ədalətin yanında olub, zülmə, tiranlığa qətiyyətlə etiraz edib. Milli Azadlıq Hərəkatı dövründə ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizəyə qalxan Hacıbaba Əzimov 1990-95-ci illərdə deputat, ilk Milli Məclisin, Lənkəran Dövlət Universitetinin yaradıcılarından olmuşdur. Əsil millət vəkili nümunəsi göstərərək seçicilərinin səsinə layiq olduğunu çoxsaylı əməlləri ilə sübut etmişdir. Hacıbaba müəllim tariximizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə səs verən cəmi 43 nəfər millət vəkilindən biri, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı kimi tarixi sənədi hazırlayan deputat komissiyasının sədri, Konstitusiya Aktının əsas müəllifi, istiqlalçı deputat olaraq da düşüb. 1992-97-ci illərdə Lənkəran Dövlət Universitetinin ilk rektoru vəzifəsində ölkəmizin təhsil sahəsinə verdiyi dəyərli töhfələr danılmazdır. Hazırda H.Əzimov Demokratik Qüvvələrin Milli Şurasının fəal üzvü kimi siyasi fəaliyyətini şərəflə davam etdirir.
Hörmətli Hacıbaba müəllim, sizi 75 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizin kimi ləyaqətli, heç bir təzyiqdən qorxmadan uzun illər əzmlə diktaturaya qarşı fədakarlıqla mübarizə aparan, daim milli birlik ideyasının daşıyıcısı olan böyük ziyalılarımız qürur mənbəyimizdir. Sizə cansağlığı, uzun ömür, amallarınızın həyata keçməsini, azad, bütöv, demokratik Azərbaycanda firavan günlər, siyasi və elmi fəaliyyətinizdə yeni uğurlar arzulayıram.


