Müxtəlif saytlar ermənilərin Kəlbəcərdən çəkdikləri bir videonu yayıb. Ağır videodur. Baxmaq çətindir. Gərək daş olasan, həyəcanlanmamağı bacarasan, ürəyin buz baltası ola.
Bu videonu yaymağın insanlıq adına yaraşıb-yaraşmadığını da dartışmaq istəmirəm. Bu başqa məsələdir.
Ancaq videoya yazılan şərhlərdə çoxları bunu ermənilərin çirkin siyasi təbliğatı sayır, düşməni – erməniləri söyür, aşağılayır. Başadüşüləndir.
Ancaq orda danışdırılan qarının, azərbaycanlı nənənin bir sözünü millət adına həzm eləmək çox çətindir. “Bizim yiyəmiz yoxdur” – o, bu sözləri ermənini əzizləyə-əzizləyə deyir, ölüm qorxusundan hələ gülümsəyir də. Əsirliyin öz qaydaları var. Qəhrəmanlıq yeri deyil. O səbəbdən qadının hansı durumda olduğu başadüşüləndir. Ümidlidir. Bəlkə rəhmə gəlib öldürmədilər. Qocalığına, yaşına, ağarmış saçına, illərin cadar çəkdiyi, şırım açdığı üzünə, əsrlərin gor qonşuluğuna görə yox, o, yiyəsizliyinə görə düşməndən aman istəyir. Həm də xahiş edir ki, Gəncəyə, Bakıya yolları düşsə, onu da özləriylə aparsınlar…
Qarı gümanında yanılmayıb, onu Kəlbəcərdə atıb öz canlarını qurtaran yaxınları ya Gəncədə, ya da Bakıda məskunlaşıblar. Bəlkə də Daşkəsən də… Gediləsi başqa yermi var? Ana yəqin övladlarından narahatdır, onlardan xəbər almaq, görüşmək, bağrına basmaq, hal-əhval tutmaq istəyir. Illərin həsrətinə son qoymaq istəyir. Yaxınlarına, əzizlərinə (onu atıb getsələr belə) qovuşmaq istəyir. Soruşulası çox şey var;
necə canlarını qurtarıblar, necə yerləşiblər, nəvələrin sayını artırıblar, maldan-heyvandan nələri var, özlərinə ev-eşik qura biliblərmi, qohum-əqrəbadan kimlər hardadır, kimlər ölüb, kimlər qalıb?.. Veriləsi suallar çoxdur. Illərlə yığılıb qalmış suallar. Ancaq o suallara cavabların nə qədər inandırıcı, təsəlliverici, yaxud sarsıdıcı olduğunu demək çətindir. Yaxınlarına qovuşsa, həsrəti bitsə, yenə başqa, çoxlu sualları olacaq, ancaq bir ağır sual var. O sualı, yəqin ki, heç vaxt verməyəcək. Çox güman ki, “niyə dalımca gəlmədiz, niyə vertolyot göndərmədiz” deyə onları sınağa çəkməyəcək. Saxlayacaq ürəyində, yaxınlarının, övladlarının ürəyini qırmamaq, ağrıtmamaq üçün, özlərinə dərd eləməmələri üçün bu sualı dəhşətli əzablar çəkmiş ürəyində saxlayacaq, ona yük edəcək. Nə qədə ömrü var…
Bu video təxribatdır deyirlər, olsun, biz də qəbul elədik ki, təxribatdır, ancaq gerçəklikdir axı. 20 il əsirlikmi olar? 20 il yol gözləməkmi olar?
Hanı Azərbaycan ordusunun qüdrəti? Hanı büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olan Milli Ordumuz? Ali Baş Komandan hər çıxışında ordunun büdcəsinin artmasından, ordumuzun istənilən vaxt işğaldakı torpaqlarımızı azad etməsindən danışır. Üst-üstə 20 ildir. Hakimiyyət dəyişməyib, həminkidir. Vədlər də dəyişməyib… Ordunun büdcəsi hər il artır, ancaq nə qədər artsa da ofşorlara ötürülən 48 milyarda gəlib çatmaq bilmir…
Əsirlərimizdən nə qədərinin sağ olduğunu heç kəs bilmir, ermənilərdən başqa. Hər halda bizdə – jurnalistlərdə bu barədə bilgi yoxdur, hakimiyyətdəkiləri deyə bilmərəm. Onlar hər hansı informasiyanı cəmiyyətlə bölüşməkdə həmişə xəsislik edirlər. Aldıqlarımızı da çox çətinliklə əldə edirik. Bəzən qanunsuz yolla olsa da…
Səlahiyyət yiyələrinin o videoya baxıb-baxmadığını bilmirəm, bəlkə də baxıblar. Ilham Əliyev, Səfər Əbiyev, Ramil Usubov, Eldar Mahmudov və başqaları… Baxıblarsa hansı hissləri keçiriblər?!.
***
…Əsirlikdə sağ qalan varsa, hələ də gözü yoldadır. Onların da bizim kimi Lazımı gözlədiyini bilmirəm, ancaq qəhrəman, xilaskar Azərbaycan əsgərini hər dəqiqə, hər an gözlədikləri dəqiqdir. Aradan əsrlərə bərabər 20 il keçsə belə…