“Bayıl”da bir otaq…

Yanılmıramsa, 1992-ci ildə mətbuatda Əkrəm Əylislinin “Açıq məktub”u çap olunmuşdu. Bu məktub o zamanlar böyük səs-küyə səbəb oldu. Heydər Əliyevin hökmranlıq illərinin xofundan  yazmışdı və bu məktubu indi motivini dəqiq xatırlamadığım bir səbəbdən məhz rəhmətlik Aydın Məmmədova ünvanlamışdı. Məktubun bir yerində deyilirdi ki, siz (yəni Aydın Məmmədov) yazıçıların filan qurultayında gerçəkləri söyləməkdən qorxaraq çıxış etmədiniz və filan-filan məsələləri söyləmədiniz. Sizə elə gəldi ki, bu çıxışı eləsəniz, Kişi (yəni Əliyev) dərhal sizə Bayılda bir hücrə ayırtdıracaq. Ancaq nahaq yerə…

Bu məktubu nədən xatırladım?

Bildiyimiz kimi, indi sosial şəbəkələrdə hər cür paylaşmalar olur. Ən primitiv və əttökənindən tutmuş ən ciddi, intellektualına kimi. Yazarların da yazısı şəbəkələrdə paylaşılır, müzakirəyə çıxarılır, beləliklə də, daha çox oxucu cəlb eləmiş olur. Şəbəkə üzvləri paylaşılan yazının yer aldığı sayta daxil olur, oxuyur, bəyənərlərsə “bəyən” düyməsinə basıb, həm yazını təkrar paylaşır, həm də şərh bölümündə fikirlərini yazırlar.

Yəqin bunu da hər kəsə təsdiqləyər ki, sosial şəbəkələrdə daha çox qeyri-ciddi, sentimental, erotik məzmunlu və nəhayət siyasətdən uzaq statuslar “layk” qazanır. Ancaq az da olsa, siyasi məzmunlulara da diqqət ayıranlar var. Adamlar bir-birinin statusunu, yazısını, paylaşımını bəyənir və öz yazılarının da belə bəyənilməsini istəyirlər. Buradakı “layk”ların heç bir ticari məqsədi daşımır, demək ki, söhbət yalnız bir-birinin fikrini qarşılıqlı şəkildə dəstəkləməkdən gedir. Xətir-hörmət “layk”ları da var…

Dünən həm həyatda, həm virtualda dostum olan birinin inboksuna məktub yazmaqdan özümü saxlaya bilmədim. Adamın Fb-də öz adıyla hesabı var və o şəxs dövlət məmurudu. Onun üst-üstə “Azadlıq”da gedən yazılarımı, sərt statuslarımı “layk” etdiyini görüb… nə gizlədim, kövrəldim və məktub yazası oldum. Sadəcə, bir cümlə: “Səni çox istəyirəm, qardaş…”. Sonra söhbətimiz oldu. Məlum oldu ki, onun bir iş yoldaşı məni çox dəyərləndirir, ancaq qorxusundan (açıq etiraf edir) yazılarımı oxumağa cürət etmirmiş. Və özü də bunu deyib öz halına ürəkdən gülür.

Sizcə, bu xırda dərddimi? Faciə deyilmi bu? Bu rejimin xislətini açmağa yetmirmi? Dövlət başçısının ölkədəki demokratiya, söz, fikir, ifadə azadlığı haqda dediklərinin üstündən qalın qara xətt çəkmirmi? Əslində, heç ana yasalarda bu haqda bir kəlmə də yazılmayıb – istədiyin yazını, məqaləni oxumaq azadlığı. Yəni bura qədəri heç kimsənin ağlının ucundan da keçməyib. Axı adama gülərlər. Necə yəni, hardasa yayımlanan yazını oxumaq olar, ya yox?..

Indi görün dəhşət hara yetib ki, adam bundan da qorxur. Düşünür ki, birdən nə cürsə müəyyənləşdirib, onu yabı kimi cəzalandırarlar.

Bir dəfə traktorçu qohumumun dediyi maraqlı bir kəlməni yazımda işlətmişdim. Baməzə cavanlar ona xəbər veriblər. Adam da başlayıb məni yamanlamağa ki, qoymaz xarabamda rahat oturum da! Halbuki dediyi sözün siyasətin “se”sinə belə yaxınlığı yox idi və yazıda adını da çəkməmişdim. Sadəcə, adı çəkilmədən dediyi sözün “Azadlıq”da getməsi onu vahiməyə salıb. Xofun bu qədər qəddar və cılızının var olduğu ikinci ölkəni təsəvvürümə gətirə bilmirəm. Hətta Şimali Koreya daxil.

Daha bir misal. FB-də və həyatda çox yaxın olan dostlarımın (çoxu da intellektual, savadlı, mütaliəli, ağı-qaradan seçən və rejimə nifrət edən) yazılarımı bəyənməkdən necə qorxduqlarını açıq demələri, kimisi qardaşının, kimisi atasının hansısa dövlət qulluğunda çalışmasını və ya həbs olunacağı qorxusunu səbəb göstərməsi ürəyimi ağrıdır. Biri hətta xofunu qırıb “layk”a başlayandan sonra beləcə də dedi: “Içəri atsalar, atam söz verib məndən imtina edəcək, sən mənə türməyə çörək gətirəcəksənmi barı?”. 

Təəccüblə özündən soruşursan: Yəni gerçəkdənmi biz XXI əsrdə yaşayırıq? Ölkəni bu günə salanlar zərrəcə utanırmı barı? Şəxsən mən sıravi vətəndaş kimi utanıram…