«Azərbaycanın MDB Gömrük Ittifaqına qoşulmasına dair məsələ ən kritik müzakirə mövzusu olacaq»
Razi Nurullayev: «Ən azı seçkilərə qədər Azərbaycan Avrasiya Ittifaqına razılaşmayacaq»
Rusiya prezidenti Vladimir Putinin Bakıya gözlənilən səfəri zamanı müzakirə olunacaq məsələlərlə bağlı müxtəlif versiyalar səslənməkdədir. Ehtimallara görə, Rusiya prezidentinin Bakıda aparacağı danışıqlarda iki ölkə arasında enerji əməkdaşlığına dair yeni layihələrlə yanaşı Azərbaycanın MDB Gömrük Ittifaqına qoşulmasına dair məsələ ən kritik müzakirə mövzusu olacaq.
Rəsmi Bakını razı salmaq üçün Putinə onunla eyni vaxtda ölkəmizə gələcək qazaxıstanlı həmkarı Nursultan Nazarbayev də yardım edəcək. Putin-Nazarbayev-Əliyev formatında görüş də məhz bu məqsədlə nəzərdə tutulub.
Bu ehtimalların reallaşması mümkündürmü və Nazarbayevin Bakıya gəlişi Əliyevin Gömrük Ittifaqı və Avrasiya Birliyi ilə bağlı mövqeyinə təsir edəcəkmi?
Politoloq Razi Nurullayev Nazarbayevlə Putin arasında Avrasiya Ittifaqı ideyasının kimə məxsus olması barədə mübahisələrin getdiyini deyir. Hər iki prezident bu ideyanın ona məxsus olduğunu düşünür. Bu baxımdan Nazarbayevin Putinlə birgə Azərbaycanın Avrasiya Ittifaqına üzv olmasına çalışması fikrində həqiqət var.
Ekspertin sözlərinə görə, Putin Bakıya enerji məsələlərini müzakirə etməyə gəlir. Azərbaycanın da müəyyən məsələlərdə ona güzəşt edəcəyini gözləmək olar.
Ekspert Rusiyanın Azərbaycanın balanslı siyasət yeritməsinə razı olmayacağını da qeyd edir. Çünki rəsmi Bakı balanslı siyasətlə Rusiyanı razı sala bilmir. Rusiya Azərbaycandan qəti möve tələb edir: “Rusiya istəyir ki, Azərbaycan Avrasiya Ittifaqına qoşulub onun yanında olsun. Fərqli mövqeyi qəbul etmir. Bu da modern bolşevizmdir. Azərbaycan əvvəllər balanslı siyasətlə həm Rusiyanı, həm də Iranı razı sala bilirdi. Indi də həm Avrointeqrasiya yolunu tutub, həm də Rusiya ilə əməkdaşlıq etmək istəyir. Israillə əməkdaşlıq edib Iranla da əməkdaşlıq etmək istəyir.
Putinin Nazarbayevlə Bakıdakı söhbətlərində də məhz Azərbaycanın Avrasiya Ittifaqına qoşulması imkanlarını müzakirə edəcəyini deyən ekspert ən azı seçkilərə qədər Azərbaycanın buna razılaşmayacağını da qeyd etdi. Seçkidən sonra isə Əliyev Avrasiya Ittifaqı, Gömrük Birliyi və Rusiyanın təşəbüsü ilə yaradılan digər regional layihələrdə iştirakda maraqlı olduğunu bəyan edə bilər.
Fizzə


