MTN-inin keçmiş əməkdaşı ilə bağlı yeni təfərrüatlar

Turac Zeynalovun ailəsini susdurmaq tapşırığı alan Ibrahim Musayev niyə həbs olunub?  

Əsabəli Mustafayev: «Turacın işində Ibrahim Musayev əsas şahiddir, həbsi onu susdurmaq niyyəti güdür»

Naxçıvan MTN-nin keçmiş əməkdaşı Ibrahim Musayevin həbs edilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, Moskvada həbs edilən Ibrahim Musayev dələduzluqda təqsirləndirilir. Hazırda onun ekstradisiyası ilə bağlı danışıqlar gedir və güman ki, yaxın günlərdə Naxçıvan MTN-inin keçmiş əməkdaşı Azərbaycana təhvil veriləcək.

Ibrahim Musayevin adı oxuculara Naxçıvan MTN-inin “Turac Zeynalov işi”ndən tanışdır. O, işgəncə nəticəsində qətlə yetirilən Turac Zeynalovun ailəsini susdurmaq üçün iyrənc əməliyyatın əsas iştirakçısı olub. Ibrahim Musayev “Azadlıq” qəzetinə və “Azərbaycan saat”ına açıqlamalarında bildirib ki, Naxçıvan MTN-nin qurduğu əməliyyat planına görə o, mərhumun həyat yoldaşı Gülnar Ağayeva ilə münasibət qurmalı, yanında etibar qazanmalı və onu tələyə salmalıdır. Ibrahim Musayev əməliyyatın birinci hissəsini uğurla başa vurub. Daha sonra isə Gülnar Ağayevanın narkotiklə “ilişdirib”. Turac Zeynalovun xanımı sonradan əslində nə baş verdiyini anlayıb. Naxçıvan MTN-ni onun ifşaedici açıqlamalarından ehtiyat edərək Ibrahim Musayevə qadını öldürməyi tapşırıb. Lakin o, bu tapşırığı yerinə yetirməyərək ölkədən qaçıb. 

Ibrahim Musayev bu faktları Azərbaycandan kənarda olanda açıqlayıb.

Əvvəlcə Turac Zeynalovun xanımının, daha sonra isə atasının nümayəndəsi olan vəkil Əsabəli Musatafayev bu məsələ ilə bağlı bəzi təfərrüatları “Azadlıq”a açıqlayıb. Əsabəli Mustafayev bildirib: “Mən mərhum Turac  Zeynalovun hüquqi varisi sayılan arvadının nümayəndəsi olmuşam.  O zaman mən çox çalışırdım ki, istintaq orqanında, yəni Naxçıvan MTN-də Turac Zeynalova aid olan sənədlərin – ittiham elan olunması, cinayət işinə xitam verilməsi barədə qərarların, ekspertiza rəyinin və digər bu kimi prosessual sənədlərin surətlərini əldə edim. Lakin bu istəyə nail olmadım, halbuki belə sənədlərin mütləq vəkilə verilməsi barədə normalar mövcuddur. Görünür istintaq qorxurdu ki, bu sənədlərlə ifşa olunacaqdır. Ilk dəfə müqaviləni mənimlə mərhum Turac  Zeynalovun arvadı Gülnar bağlamışdır. Ilk aylar o işin gedişatı ilə çox maraqlanırdı. Lakin bir müddətdən sonra qəflətən şikayətdən imtina etdiyini bildirdi və sonra onun video müsahibəsi yayıldı. O zaman Gülnarın bu davranışının səbəbləri haqqında ehtimalım olsa da, dəqiq bilmirdim. Yalnız Ibrahim Musayevin keçən ilin dekabrında mətbuatda verdiyi müsahibələri bu məsələyə aydınlıq gətirdi. Gülnarın imtinasından sonra mənimlə müqaviləni Turacın atası bağladı və mən öz fəaliyyətimi davam etdirirdim. Ölkə daxilində qanuni tələblərimizə nail ola bilmədiyimizdən, Avropa Məhkəməsinə şikayət göndərdik. Həmin şikayətdə sərəncamımızda olan məlumatlara istinad edərək Turacın Naxçıvan MTN-də işgəncələrə məruz qalması və ölməsi bildirilirdi. Turac  Zeynalovun ölümü ilə bağlı Naxçıvan MTN-nin keçmiş əməkdaşı Ibrahim Musayevin açıqlamalarını mən hələ keçən ilin dekabrında mətbuata verdiyi müsahibələrdən tanış idim. Onun bu haqda dedikləri çox ciddi məqamlar idi. Lakin onun özü belə deyək, ortada yox idi. Bu səbəbdən mətbuatda gedən müsahibəyə mən bir qədər inamsızlıqla yanaşdım. Bu yaxınlarda mən bir sıra beynalxalq təşkilatların vasitəsi ilə Ibrahim Musayevin özü və oradakı vəkili ilə təmaslar qura bildim. Ibrahim öz açıqlamalarını öz əli ilə yazaraq və hər vərəqəsinə imza edərək mənə çatdırdı. Bu artıq sənəd idi və mən onu Avropa Məhkəməsinə göndərdim ki, Turac Zeynalovun işinə əlavə edilsin. Məhkəməyə həmçinin Ibrahimin ”Azərbaycan saatı” telekanalına verdiyi audio müsahibəsi də göndərilmişdir. Beləliklə də, Turacın işində  Ibrahim Musayev artıq əsas şahiddir. Artıq məlumdur ki, Ibrahim Musayev hal-hazırda Rusiyada həbsdədir. Həbsin səbəbi Ibrahim Musayev tərəfindən miqrasiya qanunlarının pozulmasıdır. Eyni zamanda Azərbaycanın hüquq-mühafizə orqanları onun təhvil verilməsi ilə bağlı Rusiyanın müvafiq orqanlarına müraciət ediblər. Əsas da göstərilib ki, guya Ibrahim Musayevin Naxçıvanda kimlərəsə 1500 dollar borcu var. Bu səbəbdən ona qarşı dələduzluq ittihamı ilə cinayət işi başlanıbdır. Aydındır ki, bu ittiham və Ibrahim Musayevi geri qaytarmaq cəhdi onu bir şahid kimi susdurmaq niyyəti güdür. Lakin hesab edirəm ki, həmin cəhdlər istənilən nəticəni verməyəcəklər. Ona görə ki, birincisi, onun şahid ifadələrinin həm əl yazması, həm də audio yazısı artıq Avropa Məhkəməsindədir. Bundan sonra Ibrahim Musayev Azərbaycana gətirilərək, təzyiq altında həmin ifadələrindən imtina etsə belə, Avropa Məhkəməsi onun əvvəlki ifadələrinə sübut kimi istinad edəcəkdir. Ikincisi, güman edirəm, beynəlxalq təşkilatların , xüsusilə də Avropa Məhkəməsinin müdaxiləsi ilə biz Ibrahim Musayevin geri qaytarmasının qarşısını ala biləcəyik. Artıq Rusiyada mütəxəsislər Avropa Məhkəməsinin Reqlamentinin 39-cu maddəsinin tətbiqi ilə bağlı müraciət hazırlayırlar. Bu müraciətin təmin olunması ehtimalı çox böyükdür. Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları da bu məsələdə öz sözlərini deməlidirlər və Ibrahim Musayevin geri qaytarmasının qarşısının alınmasına töhfə verməlidirlər”.