Minnətdarlığın dərinliyi

Sovet dövrünün məşhur Azərbaycan filmlərindən birində belə bir dialoq var, yəqin çoxunuz xatırlayacaqsınız:

– Siz qazmaçısınız?

– Bəli, mən qazıram, bu isə qazmır. Bu montajlayır.

– Deyin görək, sonuncu dəfə qazdığınız quyunun dərinliyi nə qədər idi?

– Mən qazdığım?

– Bəli.

– 10 metr.

– Neçə?

– 5 metr.

Mən bu dialoqu tez-tez xatırlayıram, daha doğrusu, azərbaycanlıların minnətdarlıq mədəniyyəti məni həmin dialoqu tez-tez xatırlamağa məcbur edir. Biz hər gün kimlərinsə “dərin minnətdarlığını bildirməsi” haqqında eşidirik. “Dərin minnətdarlığın” ünvanı isə bir qayda olaraq “möhtərəm cənab prezident”dir. O, ev verir, xəstələrə şəfa verir, prezident təqaüdü verir, “Şöhrət” ordeni verir, ad günlərini Ağcabədidə qaçqınlarla keçirir, yeraltı keçidin qırmızı lentini kəsir, bütün bunlara görə isə ona sadəcə, minnətdar olmaq azdır. Gərək mütləq “dərin minnətdarlığını” bildirəsən. Guya, dayaz da minnətdarlıq olur!

Açığı, azərbaycanlıların minnətdarlığının dərinliyi məni çox düşündürür. Söhbət məşhur filmdə deyildiyi kimi, neçə metr dərinlikdən gedir? Ümumiyyətlə, minnətdarlığı necə  dərinləşdirirlər? Azərbaycanda neft quyularının dərinliyinin minnətdarlığın dərinliyinə nisbəti nə qədərdir? Hesab edirəm ki, Milli Elmlər Akademiyası axır ki, ciddi bir işlə məşğul olmalı, bu suallar ətrafında geniş tədqiqatlar aparmalı, onların cavabını tapmalıdır. Bizim bu sualların cavabını tapmaq üçün hər cür potensialımız var. Dünya elminə öz layiqli töhfəmizi vermək vaxtı yetişmişdir.

Bəlkə də gülürsünüz ki, hazırkı vurhavurda, basabas və soxhasoxda heç “dərin minnətdarlıq” söhbətinin yeridir? Məncə, yeridir. Azərbaycanı düşdüyü bu fəlakətlərdən qurtarmağın bir yolu da artıq insanlarımıza fərqli danışıq üslubu və tonu aşılamaqdan keçir. Nə qədər ki, dilimizdə “dərin minnətdarlıq”, “dövlətimizin diqqət və qayğısı”, “uğurlu daxili və xarici siyasət” kimi ibarələr olacaq, biz belə sözləri hər addımda eşidəcəyik, Azərbaycan üçün gözəl günlər, xoş sabahlar bir o qədər xəyal olacaq. Həmin sözlər ölkədəki çağdışı, talançı rejimin açar sözləridir. Onlar insanların şüuraltında köləlik, mütilik toxumları əkməkdədir. Elə ona görə də bu üslubu bilərəkdən yayğınlaşdırırlar, kütləviləşdirirlər. Lap “ağzını aç, deyim kimsən” məntiqi ilə. Sovetdənqalma bu ritorikanın uğuruna inananlar onu yaşatmaq və yaymaqla toplumun beynində itaətkarlığı, barışqanlığı möhkəmləndirirlər. Əvəzində isə “istefa”, “azadlıq” kimi sözlər zorla arxaikləşdirilir, onlar 88-ci ilin ritorikası kimi qələmə verilərək gözdən salmağa çalışılır. Bu sözləri, hətta 5 yaşlı bir qızcığazın dilindən eşitməyi belə həzm edə bilmirlər.

Bəzən gileylənirik ki, AzTV-nin, rejim qəzetlərinin üslubu sanki 50-60-cı illərdən qalıb, yaptokratlar ən azı, bunu da dəyişə bilməzlərmi? Əlbəttə, dəyişə bilməzlər! Bacarmazlar demirəm, bacararlar. Amma dəyişməzlər! Çünki o üslubu dəyişmək hansısa iribuynuzlu naziri dəyişməkdən qat-qat çətin və təhlükəlidir. O üslubu çağa uyğunlaşdırmaq, yeniləşdirmək, dəyişdirmək ölkədəki, toplumdakı ümumi əhval-ruhiyyəni dəyişmək deməkdir. Insanlara, dünyaya baxış bucağını dəyişmək deməkdir. Və nəhayət, artıq bunların özlərinin dəyişməli olduğunun etirafı deməkdir.

Ona görə də əllərindəki bütün resurslarla, imkanlarla insanlara Sovetdənqalma, normal, sivil, mədəni, açıq cəmiyyətlər üçün yad, bayağı, yalnız qapalı rejimlərə xas danışıq dilini, danışıq ruhunu aşılayırlar. Leksikonu insanların itaətkarlığının, təslimçiliyinin görsənişi olan boyat və standart söz, ifadə, ibarələrlə zənginləşdirirlər. Lap “dərin minnətdarlıq” kimi.

Minnətdarlıq nə qədər dərin olsa, bir xalqın ləyaqətli gələcəklə bağlı arzu və xəyallarını orada boğmaq, batırmaq da asanlaşar.