Milli Şuranın Bakıda saxlanılan Ukrayna təmsilçisi «Azadlıq»a danışdı
Iyulun 28-də Bakı aeroportunda saxlanılan və 19 saat dindirmədən sonra sərbəst buraxılan Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu “Azadlıq”a açıqlama verib.
Yalçın Qəhrəmanoğlu bildirib ki, saxlanılması siyasi fəaliyyətilə bağlıdır və ona təzyiq xarakteri daşıyır: “Mən hər zaman demokratik düşərgədə olmuşam və bu düşərgənin mövqeyini bölüşmüşəm. Milli Şura yarandıqdan sonra Ukraynada da bir fəallıq hiss olunmağa başladı və bu fəallığı istiqamətləndirən insanlardan biri də mənəm. Biz Milli Şuraya dəstək məqsədilə təşəbbüs qrupu yaratdıq. Daha sonra dəstək forumu keçirdik və bu forum çox uğurlu oldu. Bu fəaliyyətimdən narahat olan qüvvələr məni aeroportda saxlayıb Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə apardılar. Guya, sənədlərimi yoxlayırlar, tanışlıq xarakteri daşıyır. Ancaq bu məsələnin ictimailəşməsi, mətbuatın bu hadisəni gündəmdə saxlaması mənim sərbəst buraxılmağıma xidmət etdi”.
Yalçın Qəhrəmanoğlu onu da qeyd edib ki, bu cür təzyiqlərə baxmayaraq, Milli Şuraya dəstəyini davam etdərəcək: “Hətta bundan da yüksək səviyyədə fəaliyyət göstərəcəm. Fürsətdən istifadə edib ”Azadlıq”a da təşəkkürümü bildirirəm”.


