Milli Şuranın Ukrayna təmsilçisi sərbəst buraxıldı

İyulun 29-na keçən gecə Bakı aeroportunda saxlanılan Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu 19 saatdan sonra buraxılıb.

Onun vəkili Mənsur Bayramov Turan-a bildirib ki, Y.Qəhrəmanoğlunu DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar və orada gəlişinin məqsədləri barədə soruşublar.

Y.Qəhrəmanoğlu özü Turan-a bildirib ki, ona qarşı fiziki təzyiq olmayıb. O hesab edir ki, saxlanmasına səbəb Milli Şurada iştirakıdır.

Y.Qəhrəmanoğlu vaxtilə “Qərbi Azərbaycana (müasir Ermənistanın ərazisi) qayıdış” İctimai Birliyinin fəalı olub, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun hüquqlarını Müdafiə Komitəsinə daxil olub.

***

29.07.2013

 Milli Şuranın Ukrayna təmsilçisi Bakıda həbs edildi

Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu iyulun 28-də Bakı aeroportunda saxlanılıb. Qohumlarının sözlərinə görə, o, ailəsi ilə birlikdə Kiyevdən gəlirmiş. Əvvəlcə sərhədçilər sənədlərdə “problemlər” aşkarlayaraq onu saxlayıblar.
Daha sonra aeroport binasından çıxarkən onu polisə təhvil veriblər. Bazar ertəsi səhər o, mobil telefonla doğmalarına DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş Idarəsinə aparıldığını xəbər verməyə müvəffəq olub. Bundan sonra onunla əlaqə kəsilib. Qəhrəmanoğlunun nədə ittiham olunduğu aydın deyil. Öz növbəsində, DIN-in mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər ki, Qəhrəmanoğlunun saxlanıldığı haqda məlumata malik deyillər.
Qeyd edək ki, iyunun 9-də Kiyevdə yaşayan azərbaycanlılardan ibarət qrup iclas keçirərək Qəhrəmanoğu başda olmaqla, Milli Şuranın nümayəndəliyini yaratmağı qərara alıblar.
Yalçın Qəhrəmanoğlu vaxtilə “Qərbi Azərbaycana qayıdış” Ictimai Birliyinin sədri olub və keçmiş səhiyyə naziri Əli Insanovun hüquqlarını müdafiə ictimai komitəsinə daxil olub.