“Azadlığ”ın əməkdaşı barədə məxfi tapşırıq

Xalid Qarayevin yaxınları polisə çağırılaraq sorğu-sual edilib

“Azadlıq” qəzetinin əməkdaşı, videoblogger Xalid Qarayevə hakimiyyətin təzyiqləri başlayıb. Bu barədə “Azadlıq”a açıqlama verən Xalid Qarayev bildirib ki, Imişlidə yaşayan qohumları rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini Imanov (o, telefonla danışarkən özünü belə təqdim edib-red.) tərəfindən şöbəyə dəvət edilib. Qohumlarından Xalid haqqında məlumatlar istənilib, həmçinin onların özlərinin harada işləməsilə maraqlanıblar.
Xalid Qarayev sözügedən polis mayoru ilə əlaqə saxlayıb və təzyiqlərin səbəbini aydınlaşdırmağa çalışıb. Imanov isə bildirib ki, onlara bu barədə məxfi idarədən tapşırıq gəlib.
Əməkdaşımız özünə və yaxınlarına qarşı baş verənləri özünün jurnalistika və videobloggerlik fəaliyyətilə əlaqələndirir.
Qeyd edək ki, Xalid Qarayev ölkənin ən ağrılı problemlərilə bağlı onlarla videosüjetin müəllifidir.