Axı sən nə istəyirsən, Tofiq Qasımov?

Rüstəm Ibrahimbəyovun ölkəyə dönüşünün bir neçə günlük ertələnməsinə sosial şəbəkələrdə verilən reaksiyalar, ajiotaj, hətta qarşılıqlı ittihamlar bir şeyi ortaya qoydu: HAMI ONU GÖZLƏYIRMIŞ! Istəyənlər və istəməyənlər – hamı! Bu boyda reaksiya ancaq bu fikri diktə edir. 

Kimsə qaçaraq sevincini bölüşdü, kimsə “gördünüzmü?” deyə qəhqəhə çəkdi, kimsə aparılan iyrənc təbliğatın təsirinə düşüb burda hansısa oyunun getdiyi qənaətinə gəldi və “bəsdirin, bu oyunları qurtarın” yazıb, sağlı-sollu bütün siyasiləri ittiham, hətta təhdid etdi. Sanki ölkədə bu anormal şəraitin səbəbkarı elə Rüstəm bəy və Milli Şura imiş. Doğrudu, insanımızın məyusluğu və impulsiv şəkildə reaksiyası başadüşüləndi. Illərin ürəkbulandıran hansısa açıq və konspiroloji, sanki hər şeyin bir mərkəzdən idarə olunması haqqda dolaşan mif vətəndaşımızı əldən salıb və adi bir ertələnmə xəbəri adamları dərhal ruh düşkünlüyünə soxa bilir.

Bu məsələdə hakimiyyətin təlaşını, canfəşanlığını anlamaq o qədər çətin deyil. Açıq-aydın anlayırlar ki, nə zaman o zamandı, nə bu həna o həna. Indi onların düşüncəsi bəlkə də gecə-gündüz Vahidin məşhur qəzəlinin havası üstə köklənib: “Xoş ol zaman ki, yar bizə həmzəban idi,\ Dəmlər o dəmlər idi, zaman ol zaman idi…”

Lakin bir kəsim də var ki, hakimiyyətdən deyillər. Hakimiyyəti sevmirlər də. Bəzən ona qarşı açıq müxalif, əsasən isə susqun mövqe sərgiləyirlər. Çoxunu da hakimiyyət ölkədən, siyasətdən perik salıb. Ancaq nənələr demiş, odlarını götürüb düşüblər müxalifətin, bu dəmdə isə Ibrahimbəyovun üstünə. Əslində isə, bu cür anarxist fikirlər, bir başa hakimiyyətin çeşməsindən su içir. Və qəribə mənzərə yaranır.

Onların yazdıqlarından, bölüşdükləri fikirlərdən bir nəticə hasil olur – kimsəni istəmir, kimsəni qəbul eləmirlər. Isa Qəmbər, Əli Kərimli, Ilham Əliyev, Rüstəm Ibrahimbəyov və s. və i.a. Heç birini. Sual çıxır – yaxşı, siz kimi istəyirsiniz və ya Heydər Əliyevin o məşum günlərdə Milli Məclisdə dediyi kimi: “Axı siz nə istəyirsiniz, Tooofiq Qasımov?..

Hə, bu adamlar gerçəkdən nə istədiyini bilmir. Bəs görəsən bircə dəfə özlərinə bu sualı verirlərmi ki, bizim istədiyimiz nədi və ya kimdi? Axı heç olmasa bircə siyasi haqda xoş sözləri yoxdu bunların. Heç nə, məsələ aydındı: hakimiyyətin təbliğat maşınının iti çarxları arasında xıncım-xıncım olmağın yekunu. Təsirə düşmək, qapılmaq və ruhunu şeytani qeyri-müəyyənliyə təslim edərək başqalarını da azdırmaq, çaşdırmaq, sapdırmaq. 

Yaxşı, deyək ki, məsələ siz dediyiniz kimidi. Siz haqlı çıxdınız. Ibrahimbəyov səbatlı deyil. Ölkəyə gəlməyə cəsarəti çatmır. Yerdə qalanlar da hamısı ucdantutma pisdi. Hakimiyyət daha güclüdü. Seçkini də yenə rahatca saxtalaşdırıb taxtda qalacaqlar. Olsun, tamam, bəs bu sevincin adı nədi? Nəyə sevinirsiz? Ona ki, rejim hələ daha neçə illər bu ölkənin, bu millətin qanını soracaq, sizi bu cür əl meymunu kimi oynadacaq, həyatınızı zəhərə çevirəcək? Bu seviniləcək şeydimi, qardaşlar, bacılar? Yox e, siz axı nə istəyirsiniz?

Əslində isə məsələ o qədər bəsit, o qədər sadədi ki! Bəlkə bir dəfə qulağınızla yox, başınızla düşünəsiniz? Axı verilən açıqlamada açıq qalan bir xırda dəlik də yoxdu. Eldar Namazov deyir: “Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina ərizəsinə baxılması tam sürətlə getmir. Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə, bu prosedurda şəxsin fiziki iştirak lazımdır. (…) Hakimiyyət Rüstəm Ibrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər. Yəni Rüstəm bəyin ölkəni tərk etməməsi barədə qərar verə və bunu qondarma cinayət işi ilə əlaqələndirə bilərlər”.

Sevinmək üçün bir az tez deyilmi, qardaşlar?..