Rüstəm Ibrahimbəyovun həbsi “Nobel” mükafatı deməkdir

Hər gün “Rüstəm Ibrahimbəyov həbs olunacaq” tipli xəbərlər eşitməkdəyik. Içimizdəkilər və çölümüzdəkilər bu xəbəri tirajlamaqla sanki Milli Şuranın dağılacağı xəbərini cəmiyyətə eşitdirirlər. Sanki cəmiyyəti ruhdan salmaq istəyirlər. Ancaq bu gerizəkalılar anlamır ki, Rüstəm Ibrahimbəyovun həbsi demokratik düşərgənin imicinə zərrə qədər ziyan vurmur. Necə ki, cibindən nəşə çıxan müxalifətçinin narkoman olmadığı cəmiyyətə məlumdur, eləcə də Rüstəm Ibrahimbəyovun həbs olunacağının da səbəbi hər kəsə aydın olacaq.

Həmişə demişəm ki, repressiyalar bizi qalibiyyətə aparacaq. Çünki hər bir qanunsuz həbs minlərlə insanın bu hakimiyyət haqqında tərəddüdünü sıfıra endirir.

Açığı Rüstəm Ibrahimbəyovun həbs olunması yaxşı olardı. Biz bütün dünyaya sübut edərdik ki, bu ölkədə təkcə ənənəvi müxalifəti yox, dünya şöhrətli ziyalını da fərqli fikrinə görə cəzalandırırlar.

Digər tərəfdən, Rüstəm Ibrahimbəyovun həbs olunması Ilham Əliyevin özünüifşasıdır. Çünki bu adam Rüstəm Ibrahimbəyovun doğum günündə, səbəbkara o qədər tərif yağdırıb ki, heç peşəkar yaltaqlar Heydər Əliyev haqqında belə komplimentlər söyləməyiblər.

Yəni biz dövlət başçısına sual edəcəyik ki, Siz sevdiyiniz, dahi adlandırdığınız, tanıdığınız üçün qürur hissi keçirdiyiniz bütün insanlara sevginizi həbslə bildirirsiniz?

Bəlkə də yaptokratlar düşünür ki, Rüstəm Ibrahimbəyovu həbs etməklə yeni rekorda imza atacaqlar. Necə?

Bunlar jurnalisti, hüquqşünası, Harvard təhsilli gənci həbsə atmadılarmı? Indi də “Oskar” mükafatlı insanı həbs edib “repertuarlarına” yeni “uğur” əlavə edə bilərlər.

Ancaq burda bir problem var. Rüstəm Ibrahimbəyovun cibinə nəşə atmaq, üzünə adam durğuzmaq, evindən avtomat tapmaq real görünmədiyi üçün rejim xüsusi ŞƏR mexanizmi hazırlamalıdır.

Istənilən halda Rüstəm Ibrahimbəyovun həbsi bizim üçün alternativsiz arqumentdi.

Rüstəm Ibrahimbəyov həbs olunarsa, bu onun taleyində 2-ci “Oskar” mükafatını almaqdan daha uğurlu hadisə olacaq. Bəli, dünya görəcək ki, 75 yaşlı ziyalı, heç nəyə ehtiyacı olmadığı təqdirdə, demokratiya, insan haqları uğrunda irəliləyir. Bəlkə də hakimiyyət bu HƏBSLƏ Rüstəm Ibrahimbəyova NOBEL də qazandırdı.

Cənab yaptokratlar buna hazırsınızmı? 

Qaş düzəltdiyiniz yerdə göz çıxarmağınız bizə sərf edir.

Bir daha təkrar edirəm. Bu gün mübarizənin önündə olan insanlar üçün həbs keçilmiş yoldur. Bizi həbs xəbərləri ilə həyəcanlandırmaq olmaz.

Əgər məğlubiyyətinizi arzulayırsınızsa, buyurun həbs edin.

Mən YAP-ın namizədi olsaydım…

20 ildir bir qarışı geri alınmayan Qarabağ torpağı…

Minimum yaşayış ehtiyacını ödəməyən həkim, müəllim, elmi işçi maaşı…

Ölkədən didərgin düşmüş milyonlarla soydaş…

Tələbə olmaq istəyən on minlərlə abuturiyentin topladığı 100 bal…

Başı, dişi, ürəyi ağrayanların üz tutduğu Iran, Türkiyə, Almaniya…

Şərlənərək həbs olunan onlarla işıqlı gənc…

Şəxsi mülkiyyəti əlindən alınıb, ədalətsiz kompensasiya verilən vətəndaş…

Müalicə olunmaq və ev almaq üçün pulu olmayan jurnalist…

Kredit bataqlığında girov saxlanılmış xalq…

Minlərlə qeyri-döyüş şəraitində həlak olan əsgər…

Yalançı iş yerləri və saxta iqtisadi inkişaf…

Açılışdan sonra uçmağa hamilə olan körpülər və yollar…

Tamaşaçının zövqünü korlayan düşük və səviyyəsiz televiziya…

Ölkənin hər yerində dilənçilik edən, maşın şüşəsi silən, təkər qaraldan, antisanitariya şəraitində ömür sürən uşaqlar…

“Rüşvət bizim qanımızdadır” ifadəsinin beyinlərə həkk olunduğu ölkə…

Kasıblar üçün nəzərdə tutulmuş, ancaq varlıların ala biləcəyi Ipoteka krediti…

Millətə vəkillik etməli olanların bu adı pulla aldığını sübut edən görüntülər…

Məmurun, nazirin, prezidentin milyardlarla ölçülən sərvəti…

Yalnız kağız üzərində hakimiyyətin mənbəyi olan xalq…

Bütün sahələrinin monapoliya edildiyi iqtisadiyyat…

Yüksəlmək üçün tələb olunan yaltaqlıq…

Kasıblıq səbəbindən hətta ölməyə də utanan (qorxur meyidi ortada qalar) fəhlə…

Saxtalaşdırılan seçki, şər-böhtan atılan siyasi rəqib…

Və yüzlərlə bu kimi real faktların qarşısında xalqa nə deyərdim?

20 ildən sonra hansı vədləri verməyə özümdə hünər tapardım?

Bu hallardan sonra yenidən xalqa xidmət etməyi özümə rəva bilərdimmi?

Yəqin ki, yox. Elə ona görə də mən nəinki bu partiyanın namizədi, hətta sıravi üzvü olmağı da özümə rəva görməmişəm.