Rüstəm Ibrahimbəyov – “diletant”

Rejissor, dramaturq, senarist, eləcə də “Oskar” ödülçüsü olaraq Rüstəm Ibrahimbəyov Azərbaycanı dünyada tanıdan kompleks kimsədir. Hələlik başqası yoxdur, o, təkdir. Başqsının, ondan daha ünlüsünün, daha üstününün ortaya çıxması üçün bizə illər gərəkdir: üç il, beş il, on il, ola bilsin, əlli il. Indi biz istəsək də, istəməsək də bir Rüstəmimiz var, başqası yoxdur. Başqasının, eləcə də başqalarının olması üçün bizə, ən başlıcası, başqa bir hakimiyət gərəkdir – uyqarlığa, milli-mənəvi dəyərlərə bağlı bir hakimiyət. 44 ildir ölkədə uyqarlığa, milli-mənəvi dəyərlərə düşmən hakimiyət – Əliyevlər hakimiyəti sürməkdədir. Istər uyqarlığın, istərsə də milli-mənəvi dəyərlərin bütünlüklə tapdanıb ayaqaltı edilməsi bu hakimiyətin özünüyaşatma strategiyasıdır. Özü də lap başlanğıcdan – bəlli, uzaq Sovet illərindən.

Indiki rejimin bəlli yaradıcısı Azərbaycanı bugünkü bozluğa gətirib çıxarmaq üçün uzun illər ardıcıllıqla çalışmişdı – KQB-dən MK-ya, MK-dan Politbüroyadək. SSRI-nin dağılmasından sonrakı qayıdışı onun əl-qolunu daha da açdı. Sonsuz ağalıq – despotizm olanağı onun Azərbaycana bütünlüklə diz çökdürməsilə sonuclandı. Tanınmışları aldadıb, satın almaqla o, bütün ölkəyə diz çökdürdü. Azərbaycan intellektuallar ölkəsindən biliksiz kütlə ölkəsinə çevrildi. Indi bizim ölkəmizdə orta oxulu 90 faiz “2″ dəyərləndirməsi ilə bitirirlər. Bu, ölkənin bütünlüklə uçuruma yuvarlanması, yolsuzluğa uğraması deməkdir. 

Indiki hakimiyətlə bağlı R.Ibrahimbəyov belə deyir: “Tarix boyu rəhbərlikdə bir belə şərəfsiz adam toplaşmamışdı!” Onun başqa bir dediyi də var: “Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur. Ölkə korrupsiya içində boğulur”. R.Ibrahimbəyov bunları deməyə də bilərdi, ancaq deyir. Bunları dediyinə görə rejimin, rejim əlaltılarının amansız, ardıcıl təpkilərilə üzləşir. Bunlardan qat-qat artığını illərlə biz demişik, rejim bizim dediklərimizə çox da baş qoşmayıb, reaksiya verməyib. Niyə? Gərəkən yerlərdə, gərəkən çağlarda bizim yazdıqlarımızı bəlgəyə çevirib üzlərinə demokratiya maskası taxmaq üçün. Ancaq onlar R.Ibrahimbəyova dözmədilər, dözə bilmədilər, dözmək istəmədilər. R.Ibrahimbəyovun işə qarışması ilə sınırlar aşıldığına, əliyevçi demokratiya maskası altından kriminal – korrupsioner bir gerçəklik ortaya çıxarıldığına görə. Korrupsioner – kriminal rejim maskasını bizim yırtmağımızla R.Ibrahimbəyovun yırtması oxşar effekt doğurmurdu, doğura bilməzi. Istər-istəməz bizim işimiz lokal, R.Ibrahimbəyovun işi qlobal xarakter daşıyırdı. Başqa cür desək, bizim ölkə içində uzun illərdən bəri gördüyümüz işi R.Ibrahimbəyov ölkə dışına çıxarırdı. Buna görə o, (daha çox dünyada tanınan adı ilə bağlı) tezliklə rejim üçün ən qorxulu fiqura çevrildi. Indi bizim borcumuz hamılıqla onu qorumaq, hamılıqla ona arxa durmaqdır. 

Rejimə bağlı kimsələr, əlaltı cızmaqara adamları R.Ibrahimbəyovu “diletant” adlandırmağa girişiblər. Öz işinin professionalına “diletant” damğası vurmaq, onu belə bir damğa ilə gözdən salmağa çalışmaq yalnız indiki OĞRU hakimiyətə yaraşan bir görsənişdir. “Dövlət mənəm” prinsipi ilə dövləti, dövlətçiliyi oğurlayan bu adamlar R.Ibrahimbəyovun gerçək, dünyada tanınan adını oğurlayıban ona öz ad-damğalarını vurmağa çalışırlar. M.Ə.Rəsulzadənin böyük adını oğurlayıb tarixdən silməyə çalışanların R.Ibrahimbəyovun da adını oğurlayıb Azərbaycan gerçəyindən silməyə çalışmaları necə də acınacaqlıdır. Bunların keçmişə baxışları necədirsə, indiyə, indiki gerçəyə baxışları da eləcədir. Bunlar bizim yalnız keçmişimizi deyil, eləcə də bugünümüzü, eləcə də gələcəyimizi oğurlamaq istəyirlər. Buna görə R.Ibrahimbəyovu allahsızcasına “diletant” adlandırmaq, gerçək müxalifəti düşmən gözündə görmək gərəyi yaranır.