Rəsul Quliyev yenə Müsavatla qalmaqaldan danışdı

«Hədəf Müsavat yox, namizədliyin irəli sürülməsi və geri götürülməməsidir»

“Müsavat Partiyasını hədəfə alsaydım, daha çox şeylər yaza bilərdim”. Bunu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
ACP lideri bildirib ki, o, Müsavata qarşı deyil, sadəcə, partiyanın başqanı Isa Qəmbərin namizədliyini geri götürməməsinə etiraz edir: “Müsavat başqanının namizədliyini geri götürməməsinin düzgün olmadığını və hansı nəticələrə gətirib çıxaracağını diqqətə çatdırmışam. Indi Əli Kərimli, Lalə Şövkət Hacıyeva və başqaları öz namizədliklərini irəli sürməyiblər, mən necə onların əleyhinə yaza bilərəm? Hədəf Müsavat Partiyası yox, namizədliyin irəli sürülməsi və geri götürülməməsidir”.
R.Quliyev Müsavat funksionerlərinə cavab verməsini belə əsaslandırıb: “Indiyə qədər həmişə tərbiyəsiz adamlara cavab vermişəm”. Amma R.Quliyev qeyd edib ki, G.Aslanlıya verdiyi cavab “daha çox dostluq mesajına yaxın idi”(APA).
Xatırladaq ki, Gülağa Aslanlı APA-ya açıqlamasında Rəsul Quliyevin Müsavat Partiyasını hədəf seçməsinin səbəbini anlamadığını və onun indiyə qədər bu suala cavab vermədiyini deyib.