“Xəzər” klubu hansısa Israil klubuna 8-0 hesabı ilə məğlub olub, azarkeşlər də bundan möhkəm qəzəbləniblər, komandalarının rəhbərliyinə istefa aksiyası keçirmək istəyiblər, amma polislər onları toplaşan kimi dağıdıb. Tağı Əhmədovun sözü olmasın, “belə çox gülməli”.
Əvvəla mən əminəm ki, lənkəranlı azarkeşləri özündən çıxaran məğlubiyyət yox, böyük hesablı məğlubiyyətdir. Əgər sevimli komandaları deyək ki, 1-0, 2-0 uduzsa yenə kədərlənəcək, üzüləcəkdilər, amma bu aşırı qəzəbə, polislə toqquşmaya çevrilməyəcəkdi. Əsl azərbaycanlı məntiqidir. Bizim məğlubiyyətlərə də özünəməxsus münasibətimiz var, belə deyək, bizim məğlubiyyətlərimiz də dəhşətli dərəcədə milli-mənəvidir, mental və motaldır. Məsələn, Qarabağın işğalından danışanda mütləq “yurdumuzun dilbər guşəsi” deyirik, guya Qarabağ “dilbər guşə” olmasa onun işğalına dözmək olardı. Və yenə guya Qarabağın işğalını dözülməz, ağır edən məhz onun “dilbər guşə” olmasıdır. Eyni məntiq futbolumuzda da keçərlidir, 6-0, 7-0, 8-0 uduzanda bu artıq faciəyə çevrilir, amma kiçik hesablı məğlubiyyətlərə qanunauyğunluq kimi baxılır, rahatca sinəyə çəkilir. Tutaq ki, “Xəzər”dən əvvəl “Neftçi” həm heyətcə, həm də büdcəsinə görə özündən qat-qat zəif, bir alban klubuna uduzdu, amma məğlubiyyət kiçik hesablı idi deyə, heç kimin ağlından bunu ciddi şəkildə sorğulamaq gəlmədi.
Ikincisi, klub rəhbərliyinin onları istefaya səsləyən azarkeşlər haqqında açıqlamasını, xeyli ləzzət elədi. Açıqlamada deyilirdi ki, etirazçı fanatlar “öyrədilmiş adamlar”dır, kimlərsə kənardan onları qızışdırıb “Xəzər”i dağıtmaq istəyir. Mənə ləzzət edənsə klub rəhbərliyinin lap ölkə rəhbərliyinin üslubunda danışmasıdır. Necə ki, ölkə rəhbərliyi hansısa haqsızlığa, ədalətsizliyə etiraz edənləri “xarici qüvvələrin əlaltıları”, “Azərbaycanı istəməyən qüvvələr tərəfindən öyrədilən adamlar” adlandırır, Lənkəran klubu rəhbərliyinin də eyni üslubdan yararlanması lap yerinə düşdü. Hətta deyərdim ki, ürəyimdən tikan çıxardı. Çünki Israil komandası ilə oyundan əvvəlki bir matçda tribunadan “”Xəzər-Lənkəran” azarkeşləri Ilham Əliyevi dəstəkləyir” pankartı asanlar yenə dəstəkləməyə davam etsinlər, gələcəkdə bizim ölkə rəhbərliyindən eşitdiyimiz sözlərin hamısını – “antimilli ünsürlər”, “elementlər”, “naftalin iyi verənlər”, “düşmən dəyirmanına su tökənlər və s. və i.a.” öz klub rəhbərliklərindən eşitsinlər.
Nəhayət, üçüncüsü, futbol hər hesaba açıq oyundur, gözlənilməzliklərlə doludur, orda məğlubiyyət də var, qələbə də. Futbolda uduzmağı dərd eləməyə dəyməz, amma dərd orasındadır ki, biz ümumilikdə hər keçən gün futbolun özünü uduzuruq. Digər sahələr kimi. Bir ölkədə hər sahədə gerçək tərəqqinin, qalxınmanın, davamlı yüksəlişin tək çarəsi o ölkənin doğru yönəldilməsidir, doğru idarə olunması, doğru yolda yürüməsidir. Əgər sizin ölkədə yuxarıdan aşağı pis idarəetmə varsa, hər sahədə qaranlıq, kirli işlər çevrilirsə, şəffaflıq yoxdursa, toplum sorğulama, hesab istəmə, nəzarət etmə imkanlarından məhrumdursa, hətta ara-sıra qazanılan kiçik uğurlar da keçicidir. Ötəridir. Əlbəttə, heç kim demir ki, Azərbaycan normal, çağdaş bir ölkə olsa, biz futbolda ancaq qalib gələcəyik. Yox, əlbəttə, yox! Sadəcə, onda məğlubiyyətlərin səbəbini meydanda axtaracağıq, futbolun qanunauyğunluqları, fəlsəfəsi, strategiya və taktikaları ilə izah edəcəyik. Amma indi səbəbin meydandan kənarda – futbola da bulaşan korrupsiyada olduğunu, oliqarxların onu çirkli pullarını yumaq üçün vasitəyə çevirməsindən qaynaqlandığını bilməyənmi var?
Bir sözlə, “Xəzər” azarkeşlərinin klub rəhbərliyini suçlamasını doğru saymıram, ona qalsa, məncə, əsl günahkar Lənkəranın icra başçısıdır. Bəli, bəli, məhz o… Axı olmazdımı əli dəyənəkli, daşlı, yumurtalı zəhmətkeşləri ənənəvi qaydada, Israil komandası Lənkərana gəlməmişdən əvvəl rayonun girişinə düzsün, rəqibin avtobusunun şüşələri sındırılsın, o gəldiyi kimi geri qayıtmağa məcbur edilsin? Belədə bu ağır hesablı məğlubiyyət də yaşanmazdı. Yoxsa gücünüz ancaq Isa Qəmbərə çatır?