Deyəsən, qatar getdi axı…

Hələ iyulun ortalarından Rusiya prezidenti V.Putinin Bakıya səfər edəcəyi həqda səslənən ehtimallar axır ki, təsdiqini tapdı – prezident V.Putin avqustun ilk günlərində, bəlkə də birinci on günlüyündə Bakıya yeddi ildən sonra özünün növbəti rəsmi səfərini edəcək. 

Bu, onun müsəlman ölkələrinə heç də yeganə səfəri olmayacaq. V.Putinin avqust ayında Irana da səfəri gözlənir. Təbii ki, bu iki səfər arasında bir bağlantı axtarmaq siyasi məntiq sərhədlərini tamam aşmaq demək olardı. Iran-Azərbaycan-Rusiya üçbucağında həll olunası məsələlər olsa da (məsələn, Xəzərin statusu) hər halda bu iki səfər arasında ciddi bir bağlantı yoxdur. Ümumi siyasi cəhət odur ki, Iranda yeni prezident hakimiyyətə gəlir, Azərbaycanda isə köhnə prezident yenidən siyasi olimpdə qalmaq üçün cəhd edir, özü də V.Putinin siyasi təcrübəsini bir qədər dəyişilmiş formada təkrar etməyə hazırlaşır. Ona görə “V.Putinin təcrübəsi” deyirik ki, Rusiyada da Asiya modeli qalib gəldi və V.Putini də elə də böyük təhrifə yol vermədən “uzunömürlülər”ə aid etmək olar.

Bircə onu qeyd edək ki, indi Qərb yeni Iran prezidenti H.Ruhaniyə bir qədər ümidlə baxır. Rusiya bu ümidi artıracaq dövlətlərdən deyil, əksinə, qonşuluqda daha bir anti-qərbçi dövlətin olması onun geostrateji, geosiyasi maraqlarına cavab verir.

Azərbaycana gəldikdə isə, bu ölkə hələ Qərbin siyasi gündəmində Iran qədər önəm kəsb etmir – Azərbaycan bütün mənalarda Qərb üçün problem deyil, əksinə, bu dövlət öz daxilindəki mövcud siyasi balansı saxlamaq xatirinə həmişə Qərbin maraqlarını gözləməyə hazırdır.

Amma V.Putinin gəlişindən Avrasiya Ittifaqı və Gömrük Birliyi haqqqında da müzakirələrin start alması da istisna olunmur. Fəqət, demokratik müxalifət partiyalarını təmsil etməyən politoloqlar və təhlilçilər belə Azərbaycanın yalnız bir halda – Rusiyanın öz Qarabağ siyasətinə ciddi düzəlişlər verəcəyi təqdirdə bu müzakirələri açmasının mümkün olduğunu qeyd edirlər. 

Hakimiyyətin nə düşündüyünü demək çətindir. Maraqlıdır ki, avqust ayında Avrasiya Ittifaqı ideyasının əsas ideoloqlarından birinin – Qazaxıstan prezidenti N.Nazarbayevin də Bakıya səfəri gözlənir. O, türkdilli xalqların (buna hələ də “türk xalqlarının” deməyə qorxurlar) növbəti sammitində iştirak etmək üçün Bakıya gələcək. Ona görə də maraqlı sual yaranır: görəsən, N.Nazarbayev və yaxud da V.Putin rəsmi Bakının, xalq arasında deyildiyi tək, “saqqızını oğurlaya” biləcəkmi?

Rusiya Əliyevi daha yaxşı anlayır…

V.Putinin səfərini siyasi cəhətdən yozmaq elə də çətinlik törətmir. Bir müddət idi deyilirdi ki, Azərbaycan və Rusiya rəhbərlərinin yüksək səviyyəli görüşü gözlənir. Bu, səfər I.Əliyevə çox lazım idi. Ona görə ki, seçki ərəfəsində Rusiyanın xeyir-duasını almaq mühüm məsələdir. Sual ola bilər ki, Rusiya bu məsələdə Azərbaycana nə verir?

Rusiyalı siyasi texnoloqların seçki prosesinə birbaşa müdaxiləsini bir tərəfə qoyaq. Seçkinin tanınması məsələsi var. Rusiya və onu eşidən ölkələrin Azərbaycandakı seçkinin nəticələrini tanıması digər dövlətləri fakt qarşısında qoyur, onlar da Rusiyanın ardınca bunu etməli olurlar, çünki əks təqdirdə rəsmi Bakı onlara qarşı siyasi demarş edə, Rusiya ilə Qərbin maraqlarına cavab verməyəcək dərəcədə yaxınlaşa bilər. Bunu isə təbii, Qərb ölkələri arzulamaz. 

Indi Avropa ölkələrində belə fikir formalaşıb ki,  Azərbaycan Avropanın yanacaq problemlərinin qismən həlli üçün böyük işlər görür. Üstəlik, rəsmi Bakı öz qazının ixracı üçün başqa marşrut seçməklə Rusiyanın əsas qaz bazarı üçün – Şərqi Avropa seqmenti üçün problem yaratmadı. Elə vəziyyət yaranıb ki, həm Rusiya razı qalıb, həm də Avropa…

Ölkə siyasətinin digər kəsiminə – seçkiyə qatılmaqda iddialı olan müxalifətə gəldikdə isə, problem qəlizdir. Bəli, əvvəl belə bir təəssürat yarandı ki, Milli Şura R.Ibrahimbəyovu vahid namizəd etməklə(hələ də mübahisəlidir!) müəyyən qədər Rusiyanın siyasi dairələrinin münasibətini dəyişəcək. Amma bir anlığa düşünmək lazımdır: R.Ibarihimbəyovun seçkini udması Rusiyaya nə vəd edir?

Təsəvvür edin, R.Ibrahimbəyov iki il hakimiyyətdə olur. Onun ardınca isə qatı qərbçi kimi tanınan Ə.Kərimli və ya I.Qəmbər, yaxud da onlar ikisi birlikdə hakimiyyətə gəlirlər – hər halda, başqa ciddi iddiaçılar yoxdur… Bu variant Rusiyaya sərf edərmi? Onun maraqlarına cavab verərmi? Təbii ki, yox.

Elə bu səbəbdən də “Müxalifətin Rusiya ilə bağlı müəyyən gözləntiləri doğrulmadı” – desək, elə də böyük yanlışlığa yol vermərik. Rusiya bu dəfə də özüünün daha yaxşı anladığı və proqonozlaşdıra bildiyi I.Əliyevə dəstək verdi.