Allahı günaha qoşmaq

Çoxlarına elə gələ bilər ki, korrupsiya təkcə dövlətin resurslarından yararlanmaqla baş verir. Ancaq inanın ki, elə deyil. Bu, insan qanına, insanın ruhuna yerimiş elə bir mərəzdi ki, hətta dində də baş verir. Dində rüşvətin olduğunu hər kəs bilir. Ancaq korrupsiya! Bunu da gördüm. Burda tutduğu vəzifədən istifadə edib özünə çoxlu torpaq alanlar var, camaatın ev-eşiyini uçurub, dəyər-dəyməzinə alıb yerində hotel, market, göydələn bina, yavaxana, villa-qəsr tikənlər var. Övladlarını, qohum-əqrəbasını vəzifəyə yerləşdirənlər var. Tenderləri ələ keçirənlər, ofşorlarla ölkənin büdcəsini bir cibindən o biri, daha təhlükəsiz cibinə yerləşdirənlər var. Deməyəsən, Allahın resurslarından yararlanıb cənnətdə də özünə torpaq əldə eləmək fikrinə düşənlər varmış. Deyək ki, bir ateistin, deistin o imkanlara əli çatmır. 

Nə isə. Bu yaxınlarda bir ailə ilə tanış oldum. Ailənin başçısı 63 yaşlı nənədi. Bu nənənin övladı olan dostum ateist olmasa da, dinlərin heç biri ilə üst-üstə düşməyən inanc sistemi var. Anasının xəstə ola-ola oruc tutduğunu, ibadətindən qalmadığını və bütün keçən ömrü üçün qəza namazları qıldığını söylədi, mənim təəccüblü baxışımı tutdu. O an fikrimdən bu keçirdi ki, üzü o yana yaxınlaşdıqca adamı vahimə basır və başlayır “allahın yolu”na qayıtmağa. Elə beləcə də dedim: “Yəqin keçmiş günahlarını yumaq, allahın yoluna qayıtmaq istəyir”.

Dostumun cavabını gözləmirdim: “Yox, təkcə keçmiş yox, elə indiki günahlarını da yumaq istəyir…”

Lap təəccübləndim. Keçmiş günah heç, hərədə bir neçə növünü tapmaq olar, bəs bu yaşda nənənin indiki, hələ də işlənən günahı nə ola bilər ki?

Sonra söhbətdən aydın oldu ki, nənə uzun illərdi elə bir dövlət qulluğunda çalışır ki, onun orada günahsız çalışması mümkün deyil, çünki məlumunuz, bu dövlətdə idarəetmədə günah, sistemin mühərriki yerindədi. Olmasa sistem məhv olar. Bu nənə də hələ o qulluqda çalışmağa başladığından bəri həmin günahlarla qol-boyun yaşamalı olub. Və məsələ ondadı ki, o, hələ də bu qulluqda çalışır. Bir yandan günahını yerinə yetirir, o biri yandan da o günahları yumağa, növbəti dayanacaqda da özünə yer-yurd salmağa.

Insan yanlış təsəvvürlərlə belə ikili həyat yaşaya bilər, burda qəribə heç nə yoxdu. Xristianlıqdakı (katolisizmdə) indulgensiya alveri elə buna bənzər seydi. Bir növ axşamacan günah eləyir, ancaq axşam namazından, gecə dualarından sonra günahlardan arınır, ya arınacağına ümid eləyir ki, heç olmasa sabahı günahkar bəndə kimi açmasın və ya qəfildən o dünyaya yolu düşsə, təmiz getsin.

Hə, burda qəribə heç nə yoxdu, sadəcə, cahillik, inanc sisteminin qüsurluluğu var. Maraqlı olan budu ki, həmin sadəlövh nənə günah işlərə bulaşdığını bilir! Bunu gizlətmir də. Ancaq ehtiyat tədbirini də əldən vermir və inanın ki, Azərbaycan insanının 99 faizinin inanc sistemi bu gerçəkliyin üstündə qurulub. Hakimiyyətin mənimsədiyi dövlətlə yola gedib gün-güzəranını ağlamaq, Allahın resurslarından istifadə edib o tərəfi düşünmək. Indi gəl bu ölkəni bu unikal insanlarla bir yana çıxar görüm, necə çıxarırsan. Indi ona necə qandırasan ki, bu hakimiyyətin əməlləri, sizin ona sözsüz tabe olmanız ölkəni, dövləti fəlakətə sürükləyir, daha doğrusu, artıq fəlakətin içindəyik. Anlaşılan bu ki, bunlara Allahı yanlış tanıdıblar. Kim tanıdıb, canı cəhənnəmə. Ancaq bu dünyada inandıqları bir “allah” varsa, o da elə yerli hakimiyyətdi. Deməli, sabahımız hakimiyyətin, padşahın dəyişilməsindən asılıdı. Həzrət Əli boşuna deməyib: “Hökmdarlar dəyişəndə zəmanə dəyişər…”