Elxan Şahinoğlu: «Hakimiyyətin əsas məqsədi seçkilərə qədər Rusiya ilə gərginliyi aradan qaldırmaqdır»
Arif Yunus: «Putin Xəzəryanı ölkələrin sammitinə qatılacaq. Ondan başqa Nazarbayev də Bakıya gələcək»
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi xəbəri hakimiyyət dairələri və rəsmi mətbuat tərəfindən iki ölkə arasında münasibətlərin inkişafına yönəlik addım kimi təqdim olunur. Lakin politoloq Vəfa Quluzadə “Azadlıq”a açıqlamasında Putinin region dövlətlərinə səfərinin arxasında Rusiya-ABŞ münasibətlərinin gərginləşdiyinin dayandığını və bu səfərin ölkəmizə yaxşı heç nə vəd etmədiyini deyib. Ekspertin bu fikri birmənalı qarşılanmır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Putinin səfərini bir tərəfdən sürpriz kimi qiymətləndirmək olar. Çünki son illər Putinlə Ilham Əliyev arasındakı münasibətlərdə soyuqluq yaranıb. Bu da səbəbsiz deyil. “Wikileaks” sənədlərindən də Əliyevin Putinə müsbət yanaşmadığı bəlli oldu.
Bununla belə ekspert hesab edir ki, son zamanlar Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq üçün xeyli səylər göstərib. Azərbaycan hakimiyyəti seçki öncəsi Putinin səfərindən öz məqsədləri üçün istifadə etməyə çalışacaq: “Putindən seçkilərdə Əliyevə əngəl yaratmaması, Rüstəm Ibrahimbəyovu dəstəkləməməsi istəniləcək. Ancaq görüşlərin nəticələri ilə bağlı o qədər də nikbin deyiləm. Çünki seçki öncəsi Putin də Əliyevdən bəzi addımların atılmasını, o cümlədən Avrasiya Ittifaqı və Gömrük Birliyinə qoşulmasını istəyə bilər. Azərbaycan bununla razılaşa bilməz. Ən azı seçkiyə görə Azərbaycan hakimiyyəti buna gedə bilməz. Əgər seçkiyə görə buna getsə, ölkəni daha ciddi təhlükələrə ata bilər, Azərbaycanı Rusiyadan asılı vəziyyətə gətirə bilər”.
Ekspertin sözlərinə görə, hakimiyyətin əsas məqsədi seçkilərə qədər Rusiya ilə gərginliyi aradan qaldırmaqdır. Lakin seçkidən sonra gərginlik yenə arta bilər.
Konfliktoloq Arif Yunus isə Putinin səfəri ilə bağlı dəqiq məlumatın olmadığını deyir. Digər tərəfdən, səfər baş tutsa, bu, ikitərəfli görüş məqsədi daşımayacaq. Rusiya prezidenti Xəzəryanı ölkələrin sammitinə qatılacaq: “Söhbət əslində Putinin Bakıya gəlməsindən, Azərbaycan prezidenti ilə görüşməsindən getmir. O, Xəzəryanı ölkələrin sammitinə qatılacaq. Ondan başqa Nazarbayev də Bakıya gələcək”.
Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin səfərlə bağlı dedikləri də həqiqəti əks etdirmir: “Azərbaycan rəsmiləri hay-küy salırlar ki, guya bu, ikitərəfli görüşlə bağlı səfərdir. Bu belə deyil”.
Fizzə


