Namizəd olmaq üçün kimin haqqı daha çox idi?

Ölkənin müxalifət siyasətində elə mürəkkəb vəziyyət yaranıb ki, insanlar ortaqlıq yaratmaq, müxtəlif siyasi baxışları bir müstəviyə gətirmək üçün hətta mənəvi kriteriyalara belə müraciət etməkdən çəkinmirlər. Belə kriteriyalardan biri də siyasətdə haqq məsələsidir. Təbii ki, hətta qanuni haqların yetərincə tanınmadığı bir ölkədə mənəvi haqlardan danışmaq bir qədər mübahisəlidir və bəzən bəlkə də yersizdir. 

Amma bir məsələ var ki, əgər qanuni haqların tanınması ilə dövlət institutları məşğul olursa, mənəvi haqları təmin etmək cəmiyyətin, onun nüfuzlu şəxslərinin işidir.

Ona görə də bu gün “Kimin vahid namizəd olmağa daha çox haqqı var?” sualı bir o qədər də predmetdən kənar deyil, baxmayaraq ki, prezident seçkisinə elə də çox vaxt qalmayıb.

Üstəlik, son günlər Milli Şurada baş verən proseslər – Islam Partiyasının nümayəndələrinin Şuradan geri çağırılması, Müsavat ilə Açıq Cəmiyyət Partiyası arasındakı kəskin polemikalar hələ bir müddət böhranlı günlərin olacağını, hətta Şura tərkibində müəyyən dəyişikliklərin baş verəcəyəni deməyə imkan verir.

Düşünmürük ki, mətbuatda müzakirə edilən əsas məsələdə – I.Qəmbərin, ya R.Ibraihimbəyovun hansının daha çox haqqı olmasını müəyyənləşdirməkdə yetərincə nüfuzumuz və təcrübəmiz var. 

Onlar hər ikisi özlüyündə haqlıdır. Amma siyasət daha çox məqsədəuyğunluq kriteriyası üzərində qurulur. Ona görə də bu gün kimin namizədliyinin daha məqsədəuyğun olmasını araşdırmaq daha yaxşı olardı, nəinki kimin daha çox haqq sahibi olduğunu müəyyənləşdirməyə cəhd etmək.

Hakimiyyət üçün seçim imkanı…

I.Qəmbər ehtiyat namizədin vacibliyini israr etməkdə davam edir. Amma bu məsələdə ciddi bir dolaşıqlıq var. Ehtiyat namizəd məsələsi tək müxalifətin deyil, hakimiyyətin də manevr imkanlarını artırır, müxalifətin müxtəlif namizədləri arasında özünə sərf edən seçim aparmağa imkan verir.

Düzdür, əvvəllər zənn edirdik ki, Milli Şuradan bir namizəd olacağı təqdirdə hakimiyyət onu seçkiyə buraxmaq məcburiyyətində qalacaq. Amma hakim partiyanın təmsilçilərinin bəyanatlarından, çıxışlarından belə bir nəticə hasil etmək olar ki, hakimiyyət heç də belə düşünmür, 2008-ci ildə olduğu kimi bu dəfə də əsas müxalifətin iştirak etmədiyi seçkiyə start verməyi özü üçün bir o qədər də böyük problem saymır.

Qərəz, vəziyyət çox mürəkkəbdir. Bu mürəkkəb vəziyyətdən praqmatik çıxış yolu tələb olunur, nəinki məsələnin fəlsəfi-teoloji aspektlərini araşdırmaq. Etiraf etmək lazımdır ki, təxminən iki ay bir qurumun yaranması üçün sərf edildi və axıra qədər də yaradıb qurtarmadılar. 

Hətta ötəri bir baxış kifayət edir ki, Milli Şura ilə bağlı qərarların zəruri olduğundan gec qəbul edildiyin düşünəsən. Əslində müxalifət bu işi bir qədər tez başlamalı idi. Elə R.Ibrahimbəyov da öz problemlərini bir qədər əvvəl sahmana salmağa çalışmalı idi.

Düzdür, burada müəyyən obyektiv səbəblər də var. R.Ibrahimbəyov heç də irəlicədən bilmirdi ki, o, vahid namizəd olacaq. Onun vahid namizəd olması I.Qəməbərlə Ə.Kərimlinin öz aralarında razılığa gələ bilməməsinin, həm də keçid dövrü ilə bağlı prinsiplərin razılaşdırılmamasının nəticəsində baş verdi.

Bu gün ən azı ehtiyat namizəd olmaqda israr edən I.Qəmbər bir məsələni diqqətdən qaçırdı ki, bir adamın siyasətə və cəmiyyətə verə biləcəyi töhfə bəzən illərlə ölçülmür, bəzən iki il prezident olmaq on il prezident olmaqdan daha önəmli və yaddaqalan olur. 

O, bunu ən azı özlərinin bir illik hakimiyyətləri haqqında öz dediklərini yada salmaqla, “bəzən bir ildə belə on ilin işini görməyin mümkün olmağını” xatırlamaqla qəbul edə bilərdi. Amma bu dəfə I.Qəmbər səmimi hərəkət etdi. O, özü də dərk etdi ki, məsələ tək öhdəlik götürməkdə deyil, ona əməl etmək də lazımdır. Bu məsələdə isə I.Qəmbər heç də diqqətli siyasətçi deyil, ən azı ona görə ki, bir neçə il bundan əvvəl o, partiya rəhbərliyindən getmək haqqında da öhdəlik götürmüşdü, amma buna əməl etmədi…

Ən çox haqqı olanlardan biri…

Vahid namizəd olmağa haqqı olan siyasi liderlərdən söhbət düşəndə gərəkdir ki, Ə.Kərimlinin də adını çəkək. Onun da vahid namizəd olmağa haqqının olduğunu, digərləri ilə müqayisədə bəlkə də daha çox şanslı olduğunu etiraf etməliyik. 

Bu adamın məqaləsi ABŞ-ın iki böyük qəzetlərindən birində dərc olunmuşdu. Ölkəyə gələn əcnəbilər müxalifət düşərgəsindən ilk əvvəl onu arayır, öncə onunla görüşməyə üstünlük verirlər. 

Bunun özü müəyyən diqqətin, hətta işarənin təzahürü kimi qəbul edilə bilər.

Amma Ictimai Palata məsələnin bu tərəfinə diqqət yetirə bilmədi və nəticədə nə I.Qəmbər Ə.Kərimliyə, nə də Ə.Kərimli I.Qəmbərə güzəşt etmədi…

Ona görə də üçüncü şəxs meydana çıxdı. Həm I.Qəmbər, həm də Ə.Kərimli buna artıq təsadüfi hal kimi deyil, əslində öz aralarında kompromiss tapa biməmələrinin nəticəsi kimi baxmalıdırlar. Qərəz, R.Ibrahimbəyov siyasətdə heç də yad adam deyil, o, həm də Ictimai Palatanın adamıdır…

Onun haqqında danışmırlar, amma…

Vahid namizədliyə real iddiaçılardan danışanda L.Ş.Hacıyevanı qeyd etməmək insafsızlıq olardı. Ən azı son on-on beş ildə o, özünün ardıcılığı və prinsipiallığı ilə həmişə seçilib. Lalə xanım sözün həqiqi mənasında vahid namizədliyə potensialı, gücü çatan siyasi liderdir. Güman edirik ki, namizəd olacağı təqdirdə o, digər iddiaçılardan heç də az səs toplamazdı.

Amma Ə.Kərimli kimi L.Ş.Hacıyeva da R.Ibrahimbəyovun namizədliyini müdafiə etdi. Düşünürük ki, elə bu detalın özü də hələ də tərəddüd edənlər üçün bir işarə olmalıdır…