«Vahid namizəd seçmişiksə, bütün gücümüzü onun qeydiyyata alınmasına yönəltməliyik»
Mirvari Qəhrəmanlı: «Mehriban Əliyevanın namizədliyi ətrafında baş verənlər siyasi oyundur və cəmiyyətin fikrini öyrənməyə hesablanıb»
Müsahibimiz Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıdır. M.Qəhrəmanlıya ilk sualımız bir müddət əvvəl onun rəhbərlik etdiyi təşkilatın ARDNŞ-də çalışan qadın işçilərə qarşı cinsi təhrik iddiaları ilə bağlı ictimailəşdirdiyi məlumatla bağlı oldu. Belə ki, bu məlumatı ictimailəşdirdikdən sonra M.Qəhrəmanlıya təzyiqlər edilmişdi. Müsahibimizdən məsələylə bağlı son durumu da öyrəndik.
– Ilk olaraq ARDNŞ-dən bu informasiya ilə bağlı üçmərtəbəli bəyanat verildi. Təşkilatımız bəyanat verdiyi zaman onun üzərində bir gün işləyir ki, orada bir-birini təkzib edən cümlələr olmasın. Biz öncə açıqlayacağımız informasiya ilə bağlı hüquq departamentində məsləhətləşmələr apardıq. Insanların razılığı olmadan biz onların adını açıqlaya bilməzdik. Biz sadəcə olaraq onları məhkəmədə müdafiə edə bilərdik. Bizim missiyamız bu addımları atmaqdan ibarətdir. Əvəzində isə mən və təşkilatım ARDNŞ-dən gələn bəyanatda kiməsə işləməkdə suçlandıq. Mən ömrü boyu azad fəaliyyət göstərmişəm. Bəyanat sırf sovet üslunda yazılmışdı. Bəyanatın ikinci hissəsində mən əməkdaşlığa dəvət olunuram. Sənədin sonuncu hissəsində hədə-qorxu gəlinirdi. Əvvəlcə biz təhrikə məruz qalan qadınların adını açıqlamaq istəmirdik. Amma sonradan onlar özləri bunda israr etdilər. Biz həmişə fakta söykənərək hərəkət edirik. Tərəflər artıq görüşüblər. Əgər bundan sonra qadınlara qarşı təzyiqlər davam edəcəksə, bu bizim haqlı olduğumuzu bir daha təsdiqləyəcək.
– Son zamanlar, ümumiyyətlə, cəmiyyətdə siyasi təzyiqlər artmaqdadır. Qarşıdan seçkilərin gəlməsinə baxmayaraq, gənclərin həbsi, siyasi mövqe ortaya qoyan şəxslərin cəzalandırılması davam edir. Bütün neqativ məqamlar nəzərə alınarsa, ölkədə normal seçkinin keçiriləcəyini söyləmək olarmı?
– Ölkədə seçki öncəsi qəddarlıq müşahidə olunur. Hakimiyyətin bəyanatlarına baxmayaraq, iqtidarın demokratik seçki keçirmək niyyəti hiss olunmur. Insanlara basqılar hər ötən gün daha da artır. Haqq-ədalətdən danışanlara, demokartik fikir irəli sürənlərə qarşı həmin an təzyiqlər baş verir. Hazırda siyasi məhbusların böyük siyahısı yaranıb. Indi yaşanan tendensiya təhlükəlidir. Insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməli və heç bir təzyiqlə üzləşməməlidirlər. Bir ölkədə dövlət başçısı 3-cü dəfə namizədliyini verirsə, potensial seçicilərə qarşı bu cür münasibət bəslənirsə, orada normal seçkidən söhbət gedə bilməz. Gələcəyimiz olan cavanları türmələrdə çürütmək, onları sındırmağa çalışmağa nə ad vermək olar? Əli Həsənovun gənclərə məsləhətləri ayrı-seçkilik yaradır. Millətin bəzi nümayəndələrinə hər cür imkan yaradılır, digərləri isə ədalətsiz, haqsız yerə türmələrdə çürüyür. Kim onlara bu səlahiyyəti verib? Hazırkı mühiti heç cür demokratik adlandırmaq olmaz.
“Milli Şuranın yaradılması ilə insanlar dəyişikliklərin baş verə biləcəyinə inanıb”
– Milli Şuradakı ehtiyat namizədlə bağlı məsələ mətbuatda ciddi müzakirə olunmaqdadır. Və bu müzakirələrin nəticəsi olaraq ACP ilə Müsavat Partiyası arasında başlanılan qarşılıqlı ittihamlar cəmiyyətdə birmənalı qarşılanmır. Buna münasibətiniz necədir?
– Bəli, bu istiqamətdə baş verənlər birmənalı qarşılanmır. Bir QHT rəhbəri kimi günümün böyük hisəssini sosial şəbəkələrdə insanların fikri ilə tanış olmaqla keçirirəm. Ictimaiyyətdə gedən proseslər, ona reaksiyalar sosial şəbəkələrdə əksini tapır. Artıq hər bir aktiv vətəndaş gündəlik mətbuatla tanış olmaqla yanaşı, sosial şəbəkələrdəki rəylərə də nəzər yetirir. Milli Şurada hazırda baş verənlərlə bağlı narahatlıq açıq formada ifadə olunur. Baş verənlərdən hakimiyyət düşərgəsi təbliğatında istifadə edir. Halbuki cəmiyyət Milli Şuranın yaradılması ilə Azərbaycanda dəyişikliklərin baş verə biləcəyinə inanıb. Milli Şuranın yaranması uzun müddətdir siyasi proseslərdən kənarda qalan təbəqəyə də təsir edib. Milli Şuranın yaranması və vahid namizədlə çıxış etməsi böyük seçici potensialının meydana çıxmasına səbəb oldu. Amma bu müsbət tendensiyalara Milli Şura daxilindəki partiyaların qarşılıqlı ittihamları kölgə salır. O zaman bizim iqtidardan fərqimiz nədə olacaq? Vahid namizəd seçmişiksə, bütün gücümüzü həmin namizədin qeydiyyata alınmasına yönəltməliyik. Bütün Milli Şura və onun təəssübkeşləri demokartik qüvvələrin nümayəndəsinin dövlət başçısı olmasına çalışmalıdır. Bir-birini təhqir edəcək, sancacaq ifadələr bu günün gündəmi deyil. Bu addımlar iqtidarın dəyirmanına su tökməkdir. Baş verənlər cəmiyyətdə çaşqınlıq, ümidsizlik yaradır. Toplum düşünür ki, hazırda vahid namizəd olduğu halda demokratik qüvvələr bir-birini təhqir edirsə, həmin qüvvələr vahid namizədi dəstəkləməyə bilər. Bu zaman biz cəmiyyətin, beynəlxalq aləmin qınağı ilə üz-üzə olacağıq. Partiyalar dözümlülük nümayiş etdirməli, bir-birini qıcıqlandıracaq addımlar atmamalıdırlar. Hər deyilən sözə, bəyanata reaksiya verməyə dəyməz.
– Sizcə, Rüstəm Ibrahimbəyov ölkəyə döndükdən sonra ehtiyat namizədlə bağlı məsələləri kənara qoymaq olarmı?
– Müsavat Partiyası namizədini irəli sürməklə bağlı yanvarda qərarını verib. Bu qərara hörmətlə yanaşmaq lazımdır. Amma mən düşünmürəm ki, Rüstəm Ibrahimbəyov namizədliyini irəli sürəndən sonra Müsavat Partiyası da öz namizədini gündəmdə saxlayacaq. Müsavat Partiyası vahid namizədin dəstəklənməsiylə bağlı mövqe nümayiş etdirib. Bu yanaşmanı əsas götürmək lazımdır. 2003-cü il prezident seçkilərində ADP-nin Siyasi Şurası qərar qəbul etməliydi ki, Isa Qəmbərin namizədliyini dəstəkləyir. O zaman Rəsul Quliyevin təkidindən sonra ADP Müsavatın namizədini dəstəklədi. Amma kim deyə bilər ki, Isa Qəmbərin namizədliyinə bütün partiya üzvləri səs vermişdi. Hər bir partiya üzvü namizədinin əsas namizəd olmasını istəyir. Mən düşünürəm ki, Rüstəm Ibrahimbəyov vətəndə namizədliyini verdikdən sonra Müsavat Partiyası təkid etməyəcək. Çünki Milli Şuranı yaradanlardan biri də Müsavat Partiyasıdır.
“Hakimiyyət cəmiyyətin reaksiyasını gözləyir”
– Mətbuatın gündəmində olan daha bir məsələ YAP sədrinin müavini Mehriban Əliyevanın prezidentliyə namizədliyi ilə bağlıdır. Hazırda bu addımı atan təşkilatların rəhbərliyi təzyiqlərə məruz qalır. Ötən müddət ərzində nə baş verdi, nə dəyişdi ki, Mehriban Əliyevanın namizədliyi ilə bağlı bu cür addımlar atılır?
– Bu bir siyasi oyundur və cəmiyyətin fikrini öyrənmək üçün atılan siyasi gedişdir. Hamı çox gözəl bilir ki, hakim ailənin razılığı olmadan belə bir addım atılmaz. Hakimiyyət Mehriban Əliyevanın namizədliyi ilə bağlı cəmiyyətin reaksiyasını gözləyir. Amma o da istisna deyil ki, hazırkı hakimiyyət iqtidarın ötürülməsinə cəhd edir. Yəni Azərbaycanda da Rusiyadakı kimi Putin variantı baş verə bilər. Əgər beynəlxalq aləm Ilham Əliyevin 3-cü dəfə prezident seçilməsinə dəstək verməsə, qarşı çıxsa, iqtidar hakimiyyətin ötürülməsinə cəhd edə bilər. Ona görə də hakimiyyət ictimaiyyətin Mehriban Əliyevanın prezidentliyə namizədliyinə nə dərəcədə real baxdığını öyrənməyə çalışır.
– Sizcə, ictimaiyyətin Mehriban Əliyevanın prezidentliyə namizədliyinə münasibəti necədir? Çünki artıq uzun müddətdir ki, bu məsələ gündəmdədir?
– 2003-cü ildə çox qəddarlıqla prezident seçkisi aparıldı. Mən baş verənləri öz gözlərimlə gördüm. Bu hadisələr hər zaman içimdə bir yara olaraq qalacaq. O zaman Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi ona ünvanlanan ərizələrə müsbət cavablar vermişdi. Bəlkə də bu dövrdə Mehriban Əliyeva namizədliyini irəli sürsəydi, müəyyən dəstək alardı. Amma son zamanlar ölkədə baş verənlər hakimiyyətə münasibəti sərtləşdirib. Əgər real seçki keçirilərsə və hakimiyyətdən iki namizəd – Ilham Əliyev, Mehriban Əliyeva – seçkilərə qatılarsa, o zaman, Heydər Əliyev Fondunun prezidenti hazırkı dövlət başçısı ilə müqayisədə daha çox səs yığa bilər. Amma bu səs toplamaq rəqabəti iki hakimiyyət namizədi arasında baş verə bilər. Yəni söhbət Mehriban Əiyevanın demokratik qüvvələrin namizədi Rüstəm Ibrahimbəyovla müqayisədə alacağı səslərdən getmir. Hakimiyyətin hər iki namizədi müxalifətin namizədinə uduzacaq. Amma müqayisə aparanda, Mehriban Əliyeva Ilham Əliyevə nisbətən daha çox səs ala bilər.
– YAP yetkilisi Mübariz Qurbanlı vurğulayıb ki, müxalifətin cəmiyyətdəki dəstəyi 4%-dir. Hakimiyyət bir qayda olaraq büdcə təşkilatlarına təsirindən istifadə edir. Siz neft sektorunda çalışanlarla mütəmadi təmasda olursunuz. Bu sahədə hakimiyyətə münasibət necədir və reallıqda hakimiyyət hansı faizə iddialı ola bilər?
– Mübariz Qurbanlı sadə vətəndaşların arasında olmur. Ona görə onun açıqladığı bu rəqəm heç cür reallığa uyğun ola bilməz. Cəmiyyətin bu istiqamətdəki fikrini yalnız sorğu keçirən, araşdırmalar aparan şəxs deyə bilər. Mübariz Qurbanlının bir rayona səfəri zamanı əvvəlcədən öyrədilmiş insanlarla görüşməsi cəmiyyətin mövqeyini əks etdirə bilməz. Əgər Ilham Əliyev hakimiyyətdə olduğu müddətdə insanların həyat tərzi yüksələrdisə, yaşlıların təqaüdləri, əməkhaqqıları artardısa, o çox arxayınlıqla deyə bilərdi ki, onların seçici potensialı var. Neftçıxarma operatorunun bir saatı bir manatla, bir manat qırx qəpik arasındadır. Xarici şirkətlərdə əməkhaqqının çox olmasına baxmayaraq onun nümayəndəsinin övladı işsizdirsə, o özü gözlənilmədən işdən çıxarıla bilərsə, hansı təminatdan danışmaq olar. Binaların, körpülərin tikilməsi yaşayış səviyyəsinin yaxşılaşdırılması demək deyil. Yaşayış səviyyəsi istehlak səbətindən asılıdır.
“Hakimiyyətin sirlərini bilənlər onları açıqlamalıdır”
– Ölkə üzrə altı aylıq korrupsiya dövriyyəsinin 15 milyon olduğu bəyan edildi. Amma maraqlıdır ki, hesablamalara görə, bu məbləğ elə bir körpü tikintisində, yol çəklişində mənimsənilir. Amma ölkədə korrupsiyaya görə MIS işçiləri, sıravi bələdiyyə üzvləri həbs olunur. Böyük korrupsionerlərin adları niyə çəkilmir?
– Hakimiyyəti qoruyan korrupsiya pulları və korrupsionerlərdir. Ona görə onların adları çəkilmir, onlara qarşı mübarizə aparılmır. Təşkilatımızın apardığı monitorinq nəticəsində Oğuz-Qəbələ su kəmərindən 300 milyon mənimsəmənin olduğu məlum oldu. Indiyə qədər izah olunmadı ki, bu məbləğ hara gedib. Müxtəlif nazirliklərin adı korrupsiya layihələrində çəkilsə də, heç bir izahat verilmir. Bir nazir öz kürsüsündə nə qədər oturar? Düşünürəm ki, nazirləri işdən çıxarmağa da qorxurlar. Çünki nazirlərin iri kapital yığması onlara böyük güc gətirib. Iri korrupsionerlərin həbsi seçkiyə də təsir edə bilər. Doğrudanmı indiyə qədər çıxarılmayan nazirlər çox yaxşıdırlar, onların fəaliyəti effektiv və şəffafdır? Əgər onların fəaliyyəti şəffafdırsa, nəyə görə onlar gəlirlərini açıqlamırlar? Nazirin ən yaxşı halda əməkhaqqı olsun 2000 manat. Hardandır nazirlərdə bu qədər əmlak, villalar? Nəyə görə xarici neft şirkətlərində çalışan və 2000 manat alan əməkdaşların belə əmlakları yoxdur?
– Elşad Abdullayevin videoları hakimiyyət barəsində bilinən həqiqətləri konkret faktlarla ortaya qoydu. Hazırda Milli Şuranın təəssübkeşləri arasında vaxtilə hakimiyyət düşərgəsində təmsil olunanlar da var. Sizcə, onların da bildiklərini açıqlamaqlarının vaxtı çatmayıbmı?
– Elşad Abdullayevin açıqlamalarının bir qurbanı oldu. O da Gülər Əhmədova. Amma vaxtilə hakimiyyət düşərgəsində olan, lakin hazırda demokratik qüvvələri dəstəkləyən şəxslər ölkədə azad və ədalətli seçkilərin keçirilməsini istəyirlərsə, bildiklərini açıqlamalıdırlar, bizimlə birgə mübarizə aparmalıdırlar. Onlar cəmiyyəti kimin-kim olduğuna dair ayıltmalıdırlar. Necə ki, Gültəkin Hacıbəyli əvvəl Ziyalılar Forumunda, daha sonra isə Milli Şurada öz qəti mövqeyini ortaya qoydu, hazırda da digərləri o addımı atmalıdırlar. Məsələn, Əli Insanov hazırkı hakimiyyət barəsində çox hey bilir. Düşünürəm ki, artıq hakimiyyətin qaranlıq keçmişi ilə bağlı məqamları açıqlamağın vaxtı çatıb.
Xəyal



