“Həmişə AXCP-yə üzv olmağı arzulamışam”

Keçmiş siyasi məhbus İlqar Rzayev «Azadlıq»a danışdı

Iyulun 26-da vicdan məhbusu Ilqar Rzayev azadlığa çıxdı.   Xatırladaq ki, Ilqar Rzayev AXCP-yə də həbsdəykən üzv olub. Ilqar Rzayev ilk olaraq fikirlərini “Azadlıq”la bölüşdü.

– İlqar bəy, həbsinizi necə qiymətləndirirsiniz?
– Mənim həbsim ədalətsiz, hüquqa və qanuna zidd idi. Bu həbs onu göstərdi ki, ölkədə ədalətli məhkəmə, hüquq sistemi yoxdur. Mənim ömrümün 1 il 2 ayını oğurladılar. Düşünürəm ki, anamın mitinqdə kəskin çıxış etməsi, qardaşımın siyasi mövqeyi hakimiyyəti bu addımı atmağa vadar etdi. Ancaq bu həbs məni qorxutmadı, əksinə, bu sistemə qarşı nifrət yaratdı. Günahsız insanları həbslə cəzalandırmaq çıxış yolu deyil.

– Həbsdə olarkən AXCP-yə üzv oldunuz. Niyə məhz AXCP-ni seçdiniz?
– Mən həmişə AXCP-nin mübarizəsini, partiya sədri Əli Kərimlinin mövqeyini yüksək qiymətləndirmişəm. AXCP siyasi məhbusları da həmişə diqqətdə saxlayır, mənəvi dayaq olur. Mən əvvəllər də AXCP-yə üzv olmaq istəyirdim. Qismət oldu, həbsdə bu istəyimi reallaşdırdım. Birinci gün gedib Əli bəylə də görüşəcəm və cəbhədə fəaliyyətimi davam etdirəcəm. Əli Kərimliyə böyük hörmətim var.

– Bu həbs sizin həyatınızda nəyi dəyişdi?
– Həbsdə olarkən səhhətimdə bəzi problemlər yarandı, aclıq aksiyaları keçirdim, müəyyən çətinliklər oldu. Ancaq bu həbs və çətinliklər məni ruhdan salmır. Mübarizəmə davam edəcəm. Öz mövqeyimdən geri çəkilməyəcəm. Heç bir günahım olmadığı halda məni həbs etməklə bu hakimiyyət ancaq nifrətimi qazandı. Mən heç nəyə görə peşiman deyiləm. Həyatımda ciddi dəyişiklik yoxdur, ancaq düşüncələrimdə xeyli qaranlıq məsələlərə aydınlıq gətirdim. Əsas odur ki, bu gün azadlıqdayam, ailəmlə birlikdəyəm və haqqın yanındayam.

İlham Hüseyn