Gülər Əhmədovanın istintaqı niyə yubadılır?

Əyyub Kərimov: «Gülər Əhmədova mütləq məhkəmə qarşısına çıxarılacaq»

Aslan İsmayılov: «Gülər Əhmədova icraçıdır, təşkilatçılar isə hakimiyyətdə olan şəxslərdi»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin gizli videoları, demək olar, Azəebaycanın gündəminə çevrildi. Bu video görüntülərdə Azərbaycan parlamenti, Prezident Administrasiyası, güc nazirlikləri, məhkəmə sistemi tam ifşa olundu.
Bu görüntülərin təsirlisi və ən yaddaqalanı keçmiş millət vəkili Gülər Əhmədovanın adı ilə bağlıdır. Hazırda Gülər Əhmədovanın işi ilə bağlı istintaq prosesi gedir.
Xatırladaq ki, Gülər Əhmədova bu il fevralın 13-də saxlanılıb. Həmin gün Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
Maraqlı burasıdır ki, 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, Gülər Əhmədovanın istintaq prosesi yekunlaşmır. Daha doğrusu bu iş düyünə düşüb. Vəkillərə isə mətbuata məlumat vermək yasaq edilib. Aydın görünür ki, hakimiyyət bu hadisənin unudulmasını istəyir.
Qeyd edək ki, bu iş üzrə adı keçən Arzu Kazımovun təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində isə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib və V.Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bəzi məlumatlara görə, Gülər Əhmədovanın istintaq prosesi qəsdən yubadılır və bu proses seçkilərdən sonra davam edəcək.

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, Gülər Əhmədovanın istinaq prosesi yekunlaşacaq və o, mütləq məhkəmə qarşısına çıxarılacaq: “Gülər Əhmədovanın işi ilə bağlı hansı istintaq hərəkətlərinin aparılmasından xəbərsizəm. Ancaq əminliklə deyə bilərəm ki, bu işə xitam verilməyəcək və Gülər Əhmədova məhkəmə zalına gətiriləcək. Ancaq bu istintaqın nə vaxt yekunlaşacağı, Gülər Əhmədovanın məhkəmədə nə deyəcəyi, özünü hansı formada müdafiə edəcəyi haqda dəqiq bir söz deyə bilmərəm. Bu işlə bağlı Gülər Əhmədovun vəkilləri müxtəlif taktikalar seçə bilərlər, cəmiyyətə hansısa məlumatlar sızdıra bilərlər, Gülər Əhmədovanın xəstəliyi ilə bağlı məlumatlar yaya bilərlər, bəzən susmaq taktikası seçə bilərlər. Bu onların hüququdur. Ancaq yenə də təkrar edirəm ki, bu işlə bağlı başqa qərar qəbul edilə bilməz”.

Vəkil Aslan Ismayılov bildirdi ki, Gülər Əhmədovanın istintaqının yubadılmasının səbəbi bəllidir. Çünki Gülər Əhmədova bu işdə icraçıdır, təşkilatçı deyil: “Gülər Əhmədova ilə bağlı istintaq bundan sonra da davam edəcək. Əgər ölkədə dəyişiklik olmasa, seçkilərdən sonra bu işə xitam veriləcək. Yəni həbs qətimkan tədbirini dəyişib, haqqında şərti cəza çıxaracaqlar. Çünki bu işin təşkilatçıları hakimiyyətdə təmsil olunurlar. Bu haldasa obyektiv qərar gözləmək olmaz”.

İlham Hüseyn