Baş əyməyin 100 üsulu

Neft yataqları və yaltaqlıqla zəngin olan vətənimiz bu günlərdə bir az da zənginləşdi. Əgər kimsə indiyə qədər “Space” telekanalının rəhbəri, rejissor Vaqif Mustafayevin Milli Mətbuat Günündə Heydər Əliyevin məzarı qarşısında baş əyməsini əks etdirən fotonu görməyibsə, həyatda nəyisə itirib, ya da Əliyevlərin hakimiyyəti ilə həyatımızda nəyi itirdiyimizi daha yaxşı anlamayıb. “Space”in (Kainatın) bir ovuc yumağa dönməsini göstərən bu səhnə yaddaşları təzələdi. Buna qədər də olub baş əymək səhnələri, fotolarını da görmüşük. Bəlkə doğrudan da belə əyilmə görməmişdik…

“Azadlıq”da çalışan tanınmış yazar Natiq Güləhmədoğlunun bu barədə gözəl bir yazısını oxudum. Yazıda Səməd Vurğunun yaratdığı Vaqif obrazı xatırladılır: şair Vaqif qılıncından qan daman hökmdar Qacarın qarşısında baş əymir və “Əyilməz vicdanın böyük heykəli” deyir. Bu, rejissor Vaqifin ikiqat əyilməsinin gerçək mənəvi fakturasını göstərmək üçün gözəl müqayisədir. Həmin fotoya ondan məzmunlu yazı həsr etmək mümkün deyil. 

Vaqif Mustafayevin əyilmə səhnəsinə sosial şəbəkələrdə də çox maraqlı şərhlərə rast gəlmək olardı… 

Amma bu fotoya baxanda yazıçı Seymur Baycanın xeyli öncə Vaqif Mustafayev haqqında olduqca fərqli bir yazısı da mənim yadıma düşdü. “Vaqif Mustafayevin məharəti” adlanan bu yazıda Seymur bəy yazır ki, Vaqif Mustafayev üçün heç bir dəyər yoxdur və o, bütün dəyərləri dolamaqda və ələ salmaqda peşəkardır, özünün də ona qarşı münasibəti çox pisdir. Lakin müəllif deyir ki, Vaqif Mustafayevin gələcək qarşısında alnı açıqdır. Vaqif Mustafayev filmlərinə “Nakəs”, “Yaramaz” adı qoymaqla əvvəldən özünü bütün məsuliyyətdən azad edib. O, Azərbaycanı və azərbaycanlıları yaxşı tanıyır və yaxşı ifadə etməkdə çox məharətlidir, çox istedadlıdır.ÿ

Mən bu iki maraqlı yazını onları qarşılaşdırmaq üçün xatırlatmadım. Əksinə, onlar bir-birini tamamlayır. Vaqif Mustafayevin əyilmə səhnəsi doğrudan da Natiq Güləhmədoğlunun yazısındakı kimi rəzalət idi, eyni zamanda Seymur Baycanın yazısındakı kimi məharət idi. Niyə?

O cür əyilmə ən azı həmin gün – prezidentin mətbuata ev payladığı gün yaşananları məharətlə ifadə edirdi. Bəlkə də o qədər bəzəkli, mürəkkəb bir layihəni bundan qısa və aydın ifadə etmək çətin idi. Indi çoxları sevinə bilər ki, onun o cür əyilmə fotosu yoxdur, amma yaltaqlıq, əyilmə yalnız fiziki olaraq baş əyməkdirmi ki?! Bəs o nitqlər? Yazılar və təşəkkürlər? Bütün prinsipləri adlayaraq şux geyinib pay almağa getmək? Bütün bunların doğrudanmı çox fərqi var?

Neçə illərdir bu hakimiyyəti tərifləməyin yüz üsulunu gördük. Hətta hakimiyyəti tərifləmədən onu tənqid edənləri ardıcıl hədəfə alanları da gördük. Bilirdik ki, bu da baş əyməyin bir üsuludur və gec-tez həmin adamın hiyləsi açılırdı.

“Mən dövlətçiliyə sadiq adamam!”, “Qarabağ dərdi ola-ola siyasət barədə söz demərəm!”, “Vətənpərvər ölkəsini pisləməz”, “Dörd tərəfimiz düşməndir!”, “Neyləyək, başqası yoxdur!”, “Rüşvət hər yerdə var!”, “93-də küçəyə çıxa bilmirdik” kimi sanki ziyansız, tərəfsiz görünən yanaşmalar özü də baş əyməyin üsullarıdır.

Ilahi, nə hoqqalardan çıxırlar, nə sözlər tapırlar, nə əməllərə əl atırlar?! Hamısı da həmin əyilmənin bir üsuludur. Amma Vaqif Mustafayev bütün bunları sadəcə, necə var, elə də ifadə etdi. Baş əydi və hamısını ümumiləşdirdi. Göstərdi ki, bu işin 100 üsulu var, amma hamısı elə budur. Rəzalət və məharət birləşdi. Hazır filmdir.