150000

İnsanın öz pulunu haraya xərcləməsindən onun şəxsiyyətinin, ümumiyyətlə mövcudluğunun mahiyyətini anlamaq mümkündü. Mən, demək olar ki, heç vaxt özlərini “manıs” adlandıran musiqiçi zümrəsindən yazı yazmamışam. Ancaq bu dəfə elə bir xəbərlə qarşılaşdım ki, yazmaya bilmədim.
Həmin xəbərdəncə “xalq artisti” olduğunu öyrənib heyrətləndiyim müğənni Bilal Əliyev deyib ki, toya 150000-dən aşağı qiymətə getmir və fikirləşir ki, bundan sonra məbləği bir az da artıracaq.
Səhv etmirəmsə, “Oğuldu İlham” mahnısını bu adam oxuyub.
Ancaq mənim dərdim onun toya neçəyə getməsi deyil. Müğənnidi, deyir, qiymətim budu. Bir milyon da deyə bilər. Bazar iqtisadiyyatıdı. Dövlət belə işlərə qarışmır. Onun bu qədər qonorardan nə qədər vergi verib-verməməsi də ayrı mövzudu. Ehtimal ki, vergi məmurları “oğuldu İlham” deyən xalq artistini belə xırda iş üçün narahat etməz. Bilal Əliyev Rüstəm İbrahimbəyov deyil ki, onun xətrinə dəyələr. Çünki o, hələ də sözünün üstündə durub: “Oğuldu İlham”.
Hə, məsələ onun toya neçəyə getməsində deyil. Ona bu pulu nə üçün və kimlərin verməsindədi. Yəqin ki, Bilal Əliyevin bir musiqiçi kimi hansı səviyyədə olmasını hər kəs yaxşı bilir. Bəs necə olur ki, bu qədər pulu ona verirlər? Yəni doğurdanmı ona görə ki, o, xalq artistidi və ya “Oğuldu İlham” mahnısını oxuyub? Axı həmin tip mahnılardan oxuyan başqa müğənnilər də var, ancaq o qədər qiymətləri yoxdu. Və insafən desək, Bilaldan yüz qat yaxşı müğənnilərdən gedir söhbət.
Şəxsən mən buna bircə cavab tapa bilirəm. Bilal səviyyəsində olmaq. Yuxarı səviyyədisə, yuxarı, aşağıdısa, aşağı səviyyədə. Bu adamların başına güllə vur, o pulu toy üçün Alim Qasımova verməzlər. Alim onlar üçün dəlidən başqa bir şey deyil. Halbiki Vətənin bir adı da Alimdi! Və müsibətə baxın ki, Vətənin bir adının da Bilal olduğunu zənn eləyən adamlar var. Və biz bu adamlarla işıqlı sabaha bir yerdə gedirik.
Adamlara kitab oxu desən, 5 manatına qıymaz, rəsm əsəri al desən, sənə gülər; bir imkansız tələbənin yaxşı təhsil alması üçün ildə 2-3 min xərc çək desən, başını əzər; bir alimin müalicəsini və elmi işinin yatırımın üstünə götür desən, atana söyər və s. Ancaq dörd saat toy üçün Bilala 150 min verəcək. Nədi-nədi toyda atılıb-düşəcək, Bilalla şəkil çəkdirəcək.
Gerçəkliyimiz budur: toyu dünyada hər şeydən üstün tutan adamlarla bir ölkənin vətəndaşıyıq. Onların sabah daha azad və firavan yaşaması üçün çalışırıq, tutuluruq, döyülürük və yarı ac, yarı tox sürdüyümüz ömrü yelə veririk.
Bu xəbəri oxuyan yazıçılar, rəssamlar, bəstəçilər, dəyərli musiqi adamları, ömrünü elmə həsr edən alimlər, əlləri qızıldan qiymətli həkimlər, millətin sabahını tərbiyə edən müəllimlər, dövlət qulluğunda 5-10 manata çalışan, miskin məbləğli rüşvətdən başqa dolanışıq imkanı olmayan xırda məmurlar, əlli il dövlət üçün can qoyub təhqiramiz təqaüdə möhtac qalan ixtiyarlar, vətən uğrunda canını verən əsgərlərin ailələri, savaşda qolunu-qıçını itirib hələ də əlilik adı ala bilməyən qazilər nə düşünəcək görəsən?
Və o müəllimlər, o məmurlar, o həkimlər ki, bütün seçkilərin saxtalaşdırılması əsasən onların hesabına baş tutur. O yazıçı-şairlər, rəssamlar, sənət adamları ki, onların apolitikliyi, seçkiyə getməməsi hesabına seçkilər daha rəvan gedir, saxtalaşdırma daha asan başa gəlir…
Nəhayət, qarşıdan yenə seçki gəlir! Onsuz da min il keçə toya nə yazıçını-şairi, nə rəssamı, nə əlili-təqaüdçünü, nə qazini, nə xırda məmuru, nə həkimi-müəllimi çağıracaqlar Bilalın yerinə. Ona görə də qoy hər kəs ümidini bu seçkiyə bağlasın. Ki heç olmasa toya çağırılanda söyə-söyə getməsinlər və nəmər salmağa ciblərində bir şey olsun.