Vasif Talıbovun çağırışına Naxçıvandan reaksiya

Elman Abbasov: «Talıbovun sözləri publika üçün deyilib»

Məlahət Nəsibova: «Hər il o, belə sözlər deyir, hər dəfə də tənqid yazanda təzyiqlərlə üzləşirik, hədələnirik»

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən KIV-ləri tənqidi materiallar hazırlamağa çağırıb. Bu barədə Ali Məclisin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. V.Talıbov bu sözləri iyulun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasındakı çıxışında deyib:

“Kütləvi informasiya vasitələri fəaliyyətlərini gücləndirməli, hazırlanan teleradio verilişlərinin və qəzet məqalələrinin yaradıcılıq baxımından keyfiyyəti artırılmalıdır. Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməlidirlər. Nöqsanların tənqid olunması ilə yanaşı, tarix və vətənpərvərlik mövzularına aid materialların verilməsi də diqqət mərkəzində saxlamalıdır. Mətbuat hər bir vətəndaşımızda vətənpərvərlik, yurd sevgisi, milli duyğular oyatmalı, milli dəyərlərimiz və milli mədəniyyətimiz təbliğ edilməlidir”. 

Repressiyaların, insan haqlarının pozulmasının miqyasına görə seçilən Naxçıvanda bundan sonra tənqidə dözümlülüyün nümayiş etdiriləcəyinə inanmaq çətindir. Xatırladaq ki, bir müddət əvvəl beynəlxalq təşkilatların hesabatında Vasif Talıbov mətbuatın düşmənləri siyahısında yer almışdı. Naxçıvanda fəaliyyət göstərən jurnalistlər və hüquq müdafiəçiləri də vəziyyətin dəyişəcəyini güman etmir. Naxçıvandakı KIV-lərin monitorinqini aparmış jurnalist Elman Abbasov Vasif Talıbovun əvvəlki illərdə də bu kimi açıqlamaları olduğunu, lakin yenə də tənqidi yazılara imkan verilmədiyini xatırlatdı: “Yerli mətbuat orqanlarında işləyən şəxslərin, jurnalistlərin o cəsarətin olacağına inanmıram. Çünki Naxçıvanda elə bir rejim qurulub ki, hakimiyyət tənqidi fikrə yaxşı münasibət bəsləmir. Eyni zamanda qarşıdan seçki gəlir, vəziyyət günü-gündən gərginləşir. Ona görə də Talıbovun sözləri publika üçün deyilib”.

Hüquq müdafiəçisi Məlahət Nəsibova da Vasif Talıbovun hər il Mətbuat günündə və Ali Məclisin sessiyası ərəfəsində bu tip fikirlər səsləndirdiyini bildirdi. Eyni zamanda Naxçıvan Ali Məclisinin sədri tənqid deyəndə yalnız məişət problemləri ilə bağlı rəsmi mətbuatda səslənən tənqidləri nəzərdə tutur. Bu, hakimiyyətin tənqid ediləcəyinə şəraitin yaradılacağı anlamına gəlmir: “Hər il o, belə sözlər deyir, hər dəfə də biz tənqidi materiallar yazanda təzyiqlərlə üzləşirik, hədələnirik. Əgər bu səmimi deyilmiş fikirdisə, tənqidə normal münasibət bəslənməlidir. Əslində isə elə deyil”. 

Fizzə