Bugünlər Azərbaycan jurnalistikasının “bayramıdır”. Belə bayramların, bilindiyi kimi, öz xarakteristikası var: At… it… qarşılaşdırması ilə. Jurnalistikamızın ünlü yaradıcısı Həsən bəy Zərdabi dirilsəydi, şoka düşərdi: Gerçək-gerçəkçi jurnalistlər, gerçək-gerçəkçi jurnalistika qalıb… başqaları ödülləndirilir. Zərdabi adına ödül, ev, “Ali Media Mükafatı” kimlərə verilir?! Hamısı bir yana, Azərbaycan jurnalistikasının utanc yeri olan, BDU-da uzun illərdən bəri “jurnalistika müəllimi” adını daşıyan, ancaq ortada bir neçə yaltaq yazıdan, bir neçə yalmanma çıxışdan savayı nəyisə olmayan birisinə 5 min manatlıq “Ali Media Mükafatı” verilir. Başqaları kimlərdir? Ona yoldaş kimsələr – günümüzün jurnalistikasını ZURNALISTIKAYA çevirənlər!
Adını çəkmək istəmədiyim bir jurnalist ölkə prezidenti I.Əliyevi bütün bunlarla, kriminal-korrupsiya xarakterli ödülləndirmələrlə bağlı suçlu saymadığını bildirir. Elədə suçlu kimdir? Işdə başlıca paylayıcı-bölüşdürücülər olan Əflatun Amaşov, Vüqar Səfərli, Əli Həsənov? Yox, elə deyil: onlar o işi indiki sayaq görmək üçün görəvləndirilmiş kimsələr – əliyevçi siyasi sistem ÖTÜRÜCÜLƏRIDIR. I.Əliyev də siyasi sistemin başda duranı olaraq onların kimə, necə alıb-verdiklərini gözəl bilir. Gizli polis ayaq üstə, dosyelər, gündəlik agentura bilgiləri əl altındadır. Mexanizm də aşağıdan yuxarıya, yuxarıdan aşağıya işlək durumdadır. Intellektual, original, üstəlik, bağımsız düşüncə-yazıları ilə seçilən kimsələr (deyək, Hüseynbala Səlimov kimiləri) o seçənəkdən keçə bilməz. Ən yuxarıda “Mən dövlətəm!” prinsipi işləkdir, aşağılardasa “Biz sənin kölələrinik!” prinsipi. Siyasi sistem belədir, qurğu belə qurulub. Nə etməli? Hamılıqla əl-ələ verməklə siyasi sistem dəyişikliyinə getməli! Siyasi sistem faktoru olaraq Ölkəmizi bürüyən kütləvi aşınma-deqradasiya faktından qurtulmağın yolu budur, başqası yoxdur.
Biz indi gerçək bir dəyişiklik astanasındayıq. Indilikdə bu dəyişikliyin simvolik bir adı var: Rüstəm Ibrahimbəyov! Bütün böyük dəyişikliklər illüziyalardan başlayır. Rüstəm Ibrahimbəyov bizim böyük dəyişiklik illüziyamızdır. O illüziyanı çox keçmədən gerçəyə çevirəcək böyük, qarşısıalınmaz bir güc var: Milli Birlik! Hər bir Milli Birlik milyonların diriliyindən keçir. Milyonların diriliyi, diriliyə canatma istəyi Milli Birliyə gətirir. Milli Birlik olan yerdə “mən”, “sən”, “o”, “mənim partiyam”, “sənin partiyan”, “onun partiyası” olmur – BIZ olur, BIZIM PARTIYAMIZ olur. Bizim partiyamız bu gün TƏK ADAY olaraq tanıdığımız, güvəndiyimiz Rüstəm Ibrahimbəyovdur! Azərbaycanın indiki ağırdan-ağır durumunda hər hansı biçimdə olur olsun Rüstəm Ibrahimbəyovun TƏK ADAY statusunu tanımamaq, çeşidli bəlgələrlə onunla bağlı inamsızlıq-güvənsizlik yaymaq istər-istəməz indiki hakimiyətə qulluq, xalqa düşmənçilikdir!
Çox, ya az istəməyimzdən asılı olmayaraq, bu gün biz hamımız – Rüstəm Ibrahimbəyov! – deyib durmalı, rejimə qarşı çıxanların, Ölkəmizin dəyişib demokratikləşməyini istəyənlərin TƏK ADAYI olaraq yalnız seçki komissiyasında deyil, HƏR YERDƏ onun adının keçərli olmasına çalışmalıyıq! Kimliyindən asılı olmayaraq, ortada ikinci bir ad olacaqsa, bəri başdan bilməliyik: bu ikilikdən-dualizmdən udan əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim, uduzansa BIZ olacağıq, Azərbaycan olacaq! Bizim uduşumuz üçün, Azərbaycanın uduşu üçün indilikdə hamılıqla bir ad çəkmək, bir adın arxasınca getmək, yürümək gərəyi yaranır: Rüstəm Ibrahimbəyov! Istəsək də, istəməsək də o bu gün bizim Milli Birlik simvolumuzdur. Gəlin onu hamılıqla dikəltməyə, yüksəltməyə çalışaq – Azərbaycanı dikəltmək, yüksəltmək istəyilə!!!