Dünən yenə informasiya məkanımız zəngin olub. Milli Şuraya təxribatdan başlayıb təhsil sahəsində rüşvətə qarşı mübarizəyə qədər çox maraqlı məlumatlar almışıq.
Milli Şuranın, onun namizədinin seçkidə 4 faizdən çox səs ala bilməyəcəyini bəyan edən YAP iqtidarı bütün arsenalını bu 4 faizə qarşı mübarizəyə səfərbər edib. Sən demə, 4 faiz 96 faizdən daha güclüymüş. Özlərinin etirafıdır.
Illərdir milyonlar xərclədikləri mətbuat orqanları, üstəlik, satın aldıqları qəzetlər də işə yaramır. Verdikləri pullar, yaratdıqları imkanlar, bu yaxınlarda payladıqları evlər də nəticə vermir. Informasiya məkanında uduzurlar. Hətta pulsuz payladıqları qəzetlərə belə baxan yoxdur. Gözlər yenə də Azadlıq adası kimi qalan tək-tük qəzetləri axtarır…
Indi də keçiblər internetə, onun vasitəsilə nəyəsə nail olmaq istəyirlər. Ancaq bu da keçmir. Əslində bu bazarı da uduzublar. Bir müddət qabaq Ictimai Palata ilə bağlı sayt yaratdılar. Alınmadı. Indi əsas hədəf Milli Şuradır, özlərini hər yola qoyurlar. Müxalifətə qarşı bütün əxlaq normalarını aşan təbliğat aparırlar. Əks-effekt verir, cəmiyyətdə bu hakimiyyətə nifrət hissini bir qədər də artırırlar. Hətta iqtidarın antixalq siyasətinə loyal yanaşanlar da mövqelərini dəyişiblər. Onlar da “belə davam etməz” deyirlər. Ancaq bunlar israrlıdırlar, görünür, başqa yol tanımırlar…
Dünən “Mediaforum” saytına müsahibə verən Milli Məclis üzvü, parlamentin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova tutduğu posta, hətta yaşına yaraşmayan sözlər danışıb. Onun qənaətinə görə, 21 ildir hakimiyyətdə olmayan müxalifət köhnəlib. Özləri 21 ildir hakimiyyətdədirlər, ancaq köhnəlməyiblər. Burdan çıxan məntiqi nəticə çox utancvericidir…
Neçə vaxtdır bütün telekanallarında Almaniyanı söyürlər, bu ölkənin böhran içində olduğunu, az qala dağılacağını deyirlər. Yaddan çıxarırlar ki, Ramiz Mehdiyevdən üzü aşağı hamısı sıradan çıxan, yaxud çıxmaqda olan orqanlarını bu ölkədə müalicə etdirə bilirlər. Ən alovlu saray şairləri Zəlimxan Yaqub bunların yolunda zora saldığı ürəyini Almaniyada düzəltdirə, klapanlarını işə saldıra bildi. Indi o, bundan sonra yaşayacağı günlər, illər üçün böhran içində olan bu ölkəyə borclu olmalıdır…
Nabranda ayağını itirən körpəni də sağaltmaq üçün Almaniyaya yola saldılar. Nicat Dağlar da artıq ordadır…
“Qanuni oğru”lara müraciət
Qarabağ müharibəsində əlil olmuş (1-ci qrup) Məğrub Bədəlsoy (o, həm də Qarabağ Əlillərinin Müdafiə Komitəsinin sədridir) dünən mətbuat konfransı keçirib dövlət adından reketçiliklə məşğul olanlara qarşı mübarizə üçün “qanuni oğru”lara müraciət edib, onlardan kömək istəyib. Sən demə, DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları əlillərə məxsus mağazadan 15 min manat pul aparıblar. Müxtəlif qurumlara müraciətdən sonra polislər pulun müəyyən faizinin onlara çatması müqabilində qalanını qaytarmaq istəyirlər. Buna da əlillər razı olmur. Dövlət qurumlarından əlini üzən əlillər çıxış yolu kimi “qanuni oğru”lara üz tutublar. Burda bir qədər yanlışlıq olduğu qənaətindəyəm. Qanunsuz oğru hakimiyyətdə “qanuni oğru” olmur, olsa belə onlar dövlətlə “razborkaya” girəcək gücdə olmurlar. Əlillər gərək bunu nəzərə alaydı…
***
Təhsil naziri Mikayıl Cabbarov “facebook” səhifəsində direktorları rüşvətə qarşı mübarizəyə səsləyib. O, təhsilin pulsuz olduğunu direktorların yadına salıb. Bu müraciətdən belə çıxır ki, məktəblərdə rüşvətin başında şagirdlər dayanır. Bundan sonra, təzə nazirin çağırışına uyğun olaraq, direktorlar rüşvətlə mübarizə aparacaqlar. Allah bizə bu günü də qismət elədi. Çoxları ondan – gənc və perspektivli nazirdən başqa addımlar gözləyirdi!..