«Naxçıvan» qruplaşması hakimiyyət daxilində çaşqınlıq yaranmasından istifadə edib
Ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın dəstəkləyən partiyalara hücumlarla bağlı yeni məlumatlar almışıq. Məlumatlarda bildirilir ki, məsələnin kökündə həm də komanda daxilindəki çaşqınlıq dayanır.
Mehriban Əliyevanın namizədliyinin gündəmə gəlməsi xüsusilə icra hakimiyyətlərini və YAP-ın rayon təşkilatlarını çaş-baş qoyub. Məlumatlara görə, partiyanın icra katibi Əli Əhmədov rayonlara səfər edərkən ona bu barədə suallar verilib. Ilham Əliyevin, yoxsa Mehriban Əliyevanın təbliğatının aparılması soruşulub. Əli Əhmədov isə öz növbəsində hakimiyyətin namizədinin Ilham Əliyev olduğunu bildirib. Bu halda icra katibinə Mehriban Əliyevanın namizədliyi ilə bağlı addımların qarşısının niyə alınmadığı soruşulub. Məlumatlarda bildirilir ki, hər yerdə Əli Əhmədova bu tip sualların verilməsi icra katibinin məsələni “yuxarılar”ın diqqətinə çatdırmaq məcburiyyət qarşısında qoyub. Mehriban Əliyevanın namizədliyinin əleyhinə olan hakimiyyətdəki “Naxçıvan” qruplaşması da vəziyyətdən məharətlə istifadə edib. Və Ilham Əliyevin xanımının namizədliyini irəli sürən partiyalara hücum əmri verilib.