Nabrandakı dəhşətli hadisədə bir ayağını itirən 2 yaşlı Imranın və ağır xəstəlikdən əziyyət çəkən həmkarımız Nicatın müalicəsini üzərlərinə götürənlər onları hara göndərdilər? Almaniyaya. Inanaq ki, onların hər ikisi Azərbaycana sağlam dönəcək.
Mənə isə maraqlıdır: gecə-gündüz Almaniyanın böhrandan dağılması, orada camaatın acından ölməsi haqqında AzTV ilə azərbaycanlıların qulaqlarını dolduranlar indi necə olur iki vətəndaşımızı məhz Almaniyaya müalicəyə göndərirlər? O nə pəhriz idi, bu nə turşu?
Hələ bir tanınmış şairimiz də vardı, Avropa dəyərlərinin əxlaqsızlıq saçmasından, milli-mənəvi dəyərlərimizi sıradan çıxmasından tez-tez yazar, danışardı. O da indi Almaniyada müalicə olunur. Arzulayaq ki, Almaniya ona da şəfa versin, sağalıb gəlsin, xalqımızı sazın, qoşmanın, ağsaqqal və ağbirçəklərin, kəlağayının, aftafanın, motal pendirinin ətrafında sıx birləşdirsin.
Əlbəttə, yaptokratiyanın televiziya, qəzet və saytlarında Avropada aclıq, səfalət, böhran haqqında yazılanlara təəccüblənmək lazım deyil. Bu, Azərbaycandakı idarəetmənin Sovet bürokratik təfəkkürünə əsaslanmasının məntiqi sonluğudur. Yaptokratlar indi məhz o illərin təcrübəsindən çıxış edir, Qərbin “ac və səfil” obrazını yaradır, Azərbaycanı isə cənnət kimi göstərirlər. Və bu zaman incə bir məqamı unudurlar: 40-50 il əvvəl bəlkə də bunun bir faydası olardı. Amma indi vəziyyət kökündən fərqlidir. Biz informasiya çağında yaşayırıq və artıq bu cür təbliğat çox gülməlidir, insanlarda ikrah yaradır, əvvəl-axır isə təbliğat müəlliflərinin özünü pis vəziyyətdə qoyur. Lap elə öz vətəndaşını əlacsız qalıb, müalicə üçün səhərdən axşamadək “cəhənnəm” kimi təsvir etdiyin Almaniyaya göndərmək məcburiyyətində qoymaqla!
Əslində heç Sovet illərində də məlum təbliğatın hədəfə dəydiyini söyləmək mümkün deyil. O vaxtın özündə bu cür yanaşmanı ələ salan lətifələr az yaranmamışdı. Gəlin, onlardan birini xatırlayaq.
Uşaq bağçasında tərbiyəçi uşaqlara deyir:
– Sovet Ittifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRI-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün Sovet uşaqlarının gözəl oyuncaqları var.
Vova ağlayır:
– Mən, mən… Mən SSRI-yə getmək istəyirəm…
Buna oxşar lətifəni isə mən bu yaxınlarda sosial şəbəkədə oxudum. Kasıb ailənin üzvləri bir süfrə kənarında əyləşirlər. Pendir-çörəklə birtəhər qarınlarını doyurub televiziya qarşısına keçirlər. Kanalı AzTV-yə çevirirlər, orada həmişəki kimi Azərbaycandakı inkişafdan, insanların yağ-bal içində yaşamasından danışırlarmış. Ailənin ən kiçik üzvü dözməyib kədərli səslə dillənir:
– Ata, axı biz niyə gedib Azərbaycanda yaşamırıq?!
Yeri gəlmişkən, məsələ, yalnız AzTV-də deyil. Onun tör-töküntüləri olan digər telekanallarda da oxşar vəziyyətdir. Sadəcə, bizdə yalan sarıdan çoxnövçülükdür: ağ yalan, şit yalan, zır yalan… Və onların hərəsini bir telekanala tapşırıblar. Sizin hansı telekanala baxmaq istəməyiniz də hansı növ yalanı seçməyinizdən asılıdır.
Bu haqda da bir Sovet lətifəsi var, situasiya üç aşağı, beş yuxarı eyni olduğundan onu xatırlatmasaq olmaz.
Dördüncü kanalın işə düşdüyü ilk gün. Vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. Ikinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev… Dördüncü kanala çevirir. Orada KQB polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları yaman çox dəyişirsən haa…”
Sonda hamınıza bir gün həqiqətən AzTV-dəki Azərbaycanda, orada göstərilən, vəsf edilən Azərbaycanda yaşamağı arzulayıram – çiçəklənən, firavan, azad Azərbaycanda.