Abbas Abbasova hücum əks-effekt verə bilər

Kifayət qədər məlumatlı şəxs olan baş nazirin keçmiş müavini açıqlamaları ilə iqtidarı pis vəziyyətə salmaq imkanındadır 

“Milyarderlər Ittifaqı”nın rəhbəri, baş nazirin sabiq müavini Abbas Abbasovun qarşısına şərt qoyulması barədə məlumat vermişdik. Bildirmişdik ki, Azərbaycan hakimiyyəti Abbas Abbasovdan Söyün Sadıqovla Rüstəm Ibrahimbəyovun əleyhinə bəyanat səsləndirməsi tələb olunur. Lakin Abbas Abbasov bu şərtlə razılaşmaq niyyətində deyil. Hakimiyyətin baş nazirin keçmiş müavininə qarşı hücumlarının bir səbəbi də bununla bağlıdır.

Bəs hakimiyyət Abbas Abbasova təzyiqlərlə istəyinə nail ola biləcəkmi? Baş nazirin keçmiş müavinini yaxından tanıyan şəxslər deyirlər ki, ona hücum iqtidar üçün başağrısına çevrilə bilər. Məsələ burasındadır ki, Abbas Abbasov uzun müddət indiki hakimiyyətin yanında olub, yüksək postda çalışıb. Heydər Əliyevlə yaxın münasibətləri olub. Kifayət qədər məlumatlı şəxs hesab edilir. Onun hakimiyyət barədə açıqlamalar verməsi cəmiyyətdə bomba effekti yarada bilər. Digər tərəfdən Abbas Abbasovun Rusiya siyasi dairələrilə sıcaq münasibətləri var. Eyni zamanda Şimali Qafqazda kifayət qədər nüfuz sahibidir. Onun Azərbaycanın Gəncəbasar zonasında hörmət sahibi olduğu bəllidir. 

Beləliklə də, hakimiyyətin Abbas Abbasovla toqquşması əks-effekt verə bilər.