Ziya Məmmədovun “Milyarderlər İttifaqı”nın üzvü ilə məxfi görüşü

Hakimiyyət ona qarşı yönəldiyi ehtimal olunan bütün tərəflərlə intensiv danışıqlara başlayıb

Samur sərhəd-keçid məntəqəsində Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov arasında görüş keçirilib. Görüş zamanı Samur çayı üzərində yeni körpünün tikintisi və köhnə körpünün təmirilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq protokol imzalanıb.
Tədbirdə Azərbaycanda son illər ərzində əldə olunan nailiyyətlər, nəqliyyat-yol kompleksində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər, habelə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

Amma bu, məsələnin necə deyərlər, rəsmi hissəsidir. Daha doğrusu, rəsmi açıqlamanın bir hissəsi. Söhbət ondan gedir ki, Ziya Məmmədov sərhəddə təkcə Rusiyanın nəqliyat naziri Maksim Sokolovla görüşməyib. Nazir Dağıstan Respublikasının prezidentinin səlahiyyətlərini icra edən, “Milyarderlər Ittifaqı”nın üzvü Ramazan Abdulatipovla da görüşüb. Amma bu görüş haqda heç bir rəsmi açıqlama verilmir. Elə şəkildən də gördüyünüz kimi, Abdulatipov Ziya Məmmədovu sərhəddəcə qarşılayır. Sonra, yenə də şəkildə gördüyünüz helikopterlə hər ikisi Dərbəndə uçublar.

Bu xəbəri verən mənbənin sözlərinə görə, Dərbənddə onların görüşdüyü məkan polis və OMON tərəfindən mühasirəyə alınıb. Onların arasındakı söhbətin bir saata yaxın davam etdiyi bildirilsə də, danışıqların məzmunu barədə məlumat yoxdur.

Ekspertlərin fikrincə, Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Abdulatipovla Ziya Məmmədovun görüşü sıradan olmayıb. Söhbət ondan gedir ki, “Milyarderlər Ittifaqı”nın sədri Abbas Abbasovla Abdulatipovun sıcaq dost münasibətlərinin olduğu heç kimə sirr deyil. Abdulatipov Abbasovu, hətta Rusiya prezidenti Vladimir Putin səviyyəsində rəsmi görüşlərə və tədbirlərə belə dəvət edir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, söhbət ondan gedir ki, kritik seçki mərhələsinə qədəm qoyan Azərbaycan iqtidarı ona qarşı yönəldiyi ehtimal olunan bütün tərəflərlə intensiv danışıqlara başlayıb. Belə danışıqların birini Elmar Məmmədyarov Brüsseldə aparır. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə ABŞ-da olduğu deyilir. Belə bir şəraitdə nəqliyyat naziri Ziya Məmmədovun Ramazan Abdulatipovla mübhəm görüşü də az məna daşımır. Ola bilər ki, körpü tikintisi və ya təmiri sadəcə, görüşün necə deyərlər, görünən tərəfidir. Bəlkə də elə bu səbəbdən Ramazan Abdulatipov-Ziya Məmmədov görüşü haqda rəsmi məlumat verilmir. Amma fakt budur ki, onlar görüşüblər. Söhbət zamanı ehtimal olunan mövzunun isə qarşıdan gələn prezident seçkiləri olduğu istisna deyil.

Hikmət