“Yeli çıxmaq” məsələsi

Azərbaycan hakimiyyətinin tənqidçi mətbuata münasibəti hər kəsə aydındı. Var qüvvəsi ilə və gözə tir kimi batmayacaq vasitələrlə çalışır ki, həmin mətbuat əzablar içində qovrulsun, cəhənnəm atəşində yansın və nəhayət kül olsun. Guya belə qəzet və saytlar qalmayacaqsa, onların əbədi taxt-tac və hakimiyyət məsələsi həll olacaq. Əslində isə məsələ necədi? Iqtidar düzgün yol seçibmi? Bu suala cavab verməyə cəhd edəcəyəm.

Cavab cəhdindən qabaq bunu da əlavə edim ki, guya hər şey qanun çərçivəsində aparılır. Hakimiyyət bu işlərə qarışmır. Hətta bəlkə narazıdı, razı olduğu bir məqam varsa, o da mübahisəli məsələlərin guya sivil – məhkəmələr yoluyla həll edilməsidi. Məsələn, “Azadlıq” hansısa məmurun nəhəng biznesindən, yaxud hansısa ticarət mərkəzində baş verən qanunsuzluq və allahsızlıqdan yazıb, adamlar öz iradələri ilə qalxıb qəzeti məhkəməyə verir və təbii ki, davanı qazanır. Buyur, “Azadlıq”ın belinə yeni cəriməni yükləyirlər. Elə ağır cərimə ki, onun ağırlığına bu ölkədə illərdi ki, ancaq “Azadlıq” kimi fil dözə bilir. Hətta bu yükün növbəti ağır şələsini elə bir gün yükləyirlər ki, həmin gün allah qoymasa Milli Mətbuat Günüdü və şəhərin bir başında dövlət başçısı mətbuata qayğıdan danışır, mətbuatın azadlığından söhbət açır, bağ belə, bostan belə, jurnalistlərin dostu olmağın ləzzəti belə və… şəhərin o biri çox da uzaq olmayan başında məhkəmə “Azadlıq” haqda ölüm hökmü çıxarır. Bəli, bir tacirin nəfsi-izzəti bu millətin ümid yeri olan qəzetə bu ölkədə ölüm hökmü çıxartdırır və o yanda dövlət başçısı mətbuata qayğıdan danışır. O yanda jurnalistin evini yıxırlar, bu yanda ona ev verirlər. O yanda ona qəbir qazırlar, bu yanda yeni evlər üçün təməl.

Ev alacaq 155 jurnalist cəmi 155 adam deməkdi. Onların əsil evi olan qəzetlər isə, söhbət bir-iki qəzetdən gedir, öz işçi personalının sayı ilə ifadə olunmur. Bu qəzetlər jurnalistikamızın tarixini, millətin ölüm-dirim savaşını, bu gününü, sabahını, arzu-istəklərini, təfəkkür tərzinin formalaşmasını, millət olaraq yetişdirilməsini ifadə edir və kimsə etiraz etməz ki, kimlərəsə, qoy onlar lap 500 nəfər olsun, ev hədiyyə etməklə əbədiyyətə təminat almaq olmaz. Əvəzində isə bütün sadalananları məhv etmək mümkündü və hakimiyyət də məhz elə bu yolu tutub. Lakin 500 nəfəri “ev”ləndirməklə bu boyda tiranlığın, talançılığın əbədiyyət qazanacağını düşünmək, yumşaq ifadə etsək, dərrakə problemindən xəbər verir.

Və tənqidçi jurnalistikanı məhv eləməklə nə boyda yanlışa qol qoyduğunu anlaya bilməməsi ilk növbədə yalnız tiran rejiminin özünə ziyan vurur.

“Nərimanov” parkında bir qurğu var. Hər gün dostlarla çay içməyə gedəndə onun səsi beynimə düşür. Qurğunun üstünə “BOXSER” yazılıb. Yəqin nə olduğunu anladınız. Gənclər yığışıb boks torbasına zərblə vurur, dəhşətli səs çıxır, sonra elektron tabloda onların zərbəsinin çəkisi yazılır. Hər gün, hər gün yüzlərlə gənc burda zərbə endirir. Bu gəncləri üst-üstə gəlin, bu “boxser” olmasaydı onların dağıdıcı gənclik enerjisinin mütləq sərf olunacağı bir obyekti düşünün və nəzərə alın ki, bütün bu gənclər öz həyatlarından necə narazıdırlar.

…Bir baməzə bir əmim vardı. Bir də, daş kimi sakit, ətini kəssən səsi çıxmayan. Bir gün baməzə əmimin bir azyaşlı övladı çox atılıb-düşür, daş kimi əminin əsəblərini xarab eləyirdi. Ancaq dinmirdi. Birdən uşaq qarnında toplanan qazların ağzını yığışdıra bilmədi və bir səs eşidildi. Uşaq duruxub dayandı, pörtdü. Onda lal-daş əmi sevincək dilləndi: “Yelin çıxdı..?” Yəni dincəldin?

Bilin və anlayın cənablar! Tənqidçi mətbuat dincəldir və köp alır, onu məhv etsəniz, kütlənin qazı artacaq və bir gün dəhşətli partlayış səsi eşidəcəksiniz. Siz ev paylamağın yerinə belə şeylər düşünün, yaxşısı. Söhbət balaca bir uşaqdan yox, bütöv toplumdan gedir.