O lətifədəki adamın son mərci

Açığı, son vaxtlar özümə müxalifətdaxili çəkişmələr mövzusunda yazmamaq qadağası qoymuşdum. Amma axır günlər yenidən alovlanan qarşılıqlı ittihamlardan sonra fikrimi dəyişdim. Düşündüm ki, artıq xirtdəyimizəcən gəlmiş bu mövzuda SON DƏFƏ yazıb, onu özümçün bitmiş, bağlı elan edim. 

Əslində heç indi də yazmazdım, amma az qala getdiyim hər yerdə, qarşılaşdığım hər kəsdən “bunlar yenə niyə didişirlər, yenə nəyi bölə bilmirlər, olmaya filankəs satılıb, bəhmənkəs yenə niyə su bulandırır” şəklində suallar eşidirəm. 

Əksər hallarda bu sualları cavabsız qoyuram, ona görə yox ki, cavabım yoxdur, ona görə ki, həvəsim yoxdur, artıq adam iyrənir bu haqda danışmağa. Axı insan eyni filmi nə qədər seyr edər? 

20 ildir eyni hamam, 20 ildir eyni tas. Qarşılıqlı sevgisizlik və sayğısızlıq. Qarşılıqlı nifrət. Qarşılıqlı inamsızlıq. Qarşılıqlı səmimiyyətsizlik. Qarşılıqlı güzəştsizlik.

Milli maraqlar adı altında pərdələnib elliklə YAP-ın qərargahına gedə, Heydər Əliyevin şəkli altında otura, Əli Əhmədovla, Fəzail Ağamalı ilə eyni kağıza qol çəkə bilirlər, amma bu güzəşti bir-birlərinə gedə, bu xoşgörünü bir-birlərinə rəva görə bilmirlər. 

Hansısa “Jalə” şirəsindən bəslənən bir saytdan “müxbir” qiyafəsində kiminsə telefon açıb bircə qızışdırıcı sual verməsi kifayət edir ki, qarşılıqlı ittihamlar havada uçuşsun. 

Milli Şuranın yaradılması ilə bəlkə artıq fərqli bir film seyr edəcəyimizi düşünürdük. Olmadı. Hər şey qaldığı yerdən davam edir. Və insanların ömrü gedir – veclərinə deyil. 

Bir-birlərinə 20 ildən bəridir davam edən bu nifrətlərinin, qəzəblərinin mində biri rejimə qarşı çevrilmiş olsaydı, bəlkə indi biz tamam fərqli bir ölkədə yaşayırdıq. Bəlkə indi arzularımızın, xəyallarımızın çoxu gerçəkləşmiş olacaqdı.

Amma nə yazıq ki, hərlənib-fırlanıb yenə başa qayıdırıq:

O qarşılıqlı nifrətə…

O qarşılıqlı düşmənçilik ruhuna…

O qarşılıqlı güzəştsizliyə, səmimiyyətsizliyə.

Rejim mirzələrinin təhriki ilə bir-birlərinin qanını içməyə hazır olan bu adamlardan (bugünkü situasiyada birini digərindən ayırmıram, al birini, vur ötəkisinə, hətta kimlərsə indiki qarşılıqlı ittiham savaşından kənardadırsa, əmin olun, onun da bu döyüşə qarışması üçün “Jalə” şirəsi içən saytların birindən bir müxbir zəngi kifayətdir) soruşuram indi:

Üç aşağı, beş yuxarı, 20 ildir eyni yolu gəlirsiniz. Bir-birinizin cikini də bilirsiniz, bikini də. Bir-birinizin hər üzünə bələdsiniz. Keçmişdə olanları unutmayacaqdınızsa…

Firqəçiliyi bir kənara buraxıb bu ölkəni və milləti qurtarmaq adına sonadək əlinizi eyni daşın altına qoymayacaqdınızsa…

Ümumi maraqlar adına biriniz digərinizin xətasına göz yummayacaqdınızsa…

Biriniz o birinizin yanlışını sinəyə çəkməyəcəkdinizsə…

Həmişəkindən də qəzəbli tonda, aqressiv üslubda bir-birinizin üstünə yeriyəcəkdinizsə, bir-birinizin adresinə ağır sözlərlə haram, oğru pullarla bəslənən və tək məqsədi sizi bir-birinizin üstünə salıb rejimin çörəyinə yağ sürtmək olan saytların, qəzetlərin səhifələrini bəzəyəcəkdinizsə, nə üçün idi bu Milli Şura? Niyə ora daxil olurdunuz? Hansı məntiqlə, hansı məqsədlə?

Mən bilmirəm, sizin yan-yörənizdəkilər belə qovğalar haqqında nə düşünürlər, sizə nə deyirlər? Bəlkə deyirlər, adamlar sizin qarşılıqlı atışmalarınızı “Qurdlar Vadisi”nin yeni bölümü kimi həvəslə, intizarla gözləyirlər, bilmirəm.

Amma Azərbaycan sizin qərargahlarınızdan, idarə və rəyasət heyətlərinizdən, facebookdakı daxili qruplarınızdan ibarət deyil. Və inanın, insanlar artıq iyrənirlər. Onlar eyni filmi dönə-dönə izləməkdən beziblər, yorulublar. Ən pisi, onlar məhz buna görə prosesdən qaçaq düşürlər, inamsızlaşırlar, ümidsizləşirlər. Heç olmasa, bu dəfə hər şeyin fərqli olduğunu, olacağını düşünənlər eyni təranələrin səsləndiyini görüncə xəyal qırıqlığına uğrayırlar. 

Və əmin olun, sizin ətrafınızdakılardan kənarda heç kim üçün bu qovğalarda, didişmələrdə kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq maraqlı deyil. Adamlar artıq belə mənasız, yersiz yaxalaşmalara, kəllələşmələrə hakimiyyətin oyunları kimi baxır. Hakimiyyətin əlinə oynamaq kimi baxır. 

Yetər artıq, yetər! Bizi məşhur lətifədə alpinist haqqında filmə görə mərcə girən sadəlöhv adamın yerinə qoymayın.

Bilməyənlərə xatırladım, o lətifədə belə deyilirdi:

Iki nəfər ekran qarşısında oturub dağa dırmaşan alpinist barədə filmə baxırlar. Biri deyir, dağa qalxa biləcək, o biri deyir yox. O deyir, bu deyir, axırda qərara alırlar ki, babat bir qonaqlıqdan mərcləşsinlər. Alpinist dağın yarısına qalxanda qayadan düşüb ölür. Məğlub olan deyir, qalx gedək qonaqlığını verim.

Mərci udanın insafı əl vermir, deyir, axı bu düz deyil, mən əvvəllər bu filmə baxmışdım, bilirdim ki, dağa qalxa bilməyəcək.

Uduzan məyus-məyus dillənir:

– Mən də bu filmə əvvəllər çox baxmışam, amma fikirləşdim, bəlkə bu dəfə dağa dırmaşa bildi.

Dediyim odur ki, hörmətli bəylər, əmin olun, biz indi sizin ifanızda yenə də bu “tanış film”ə eyni həvəslə baxırıqsa, bu həmin lətifədəki məğlub adamın məntiqinə görədir. Bəlkə bu dəfə dağı fəth eləyəcəyinizə bəslədiyimiz uşaqca, sadəlöhvcə ümidə görədir. 

Gerisi sizin insafınıza, sizin seçiminizə qalıb: ya 20 illik bu mənasız qovğaları, qarşılıqlı düşmənçilikləri bir qırağa qoyun və “dağa çıxın”, ya da bundan sonra öz “tanış film”inizə baxmağa bizim kimi sadəlöhvləri bir daha tapa bilməyəcəksiniz.