Lənkəranda futbol etirazı

«Xəzər-Lənkəran»ın fanatları ayağa qalxdı; polislə toqquşma oldu, saxlanılanlar var

8-0-lıq biabırçı məğlubiyyətlə heç cür barışa bilməyən “Xəzər Lənkəran” azarkeşləri iyulun 26-ı saat 20:00-da “Fırtınalar Meydanı” adlandırdıqları Lənkəran Şəhər Mərkəzi Stadionunda rəhbərliyi istefaya çağırmağı planlaşdırırdılar.
“Qafqazinfo”nun məlumatına görə, azarkeşlər stadionun yaxınlığındakı körpüdə polis zorakılığına məruz qalıblar. Lənkəranlı fanatların bəzilərinin saxlanıldığı deyilir. Onların arasında “Futbolpress” saytının əməkdaşı Elvin Cəbiyev də var.
Fanatlar aksiyadan əvvəl sosial şəbəkələrdə bəyanat yayıblar. Bəyanat aşağıdakı mətndən ibarətdir: “Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan, amma Lənkəranı biabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bu gün axşam saat 8-də hər kəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nə də mühafizədən! Bu gün etməsək nə vaxt edəcəyik?! Komandamız batır! Hər kəs gəlsin!! Axşam saat 8-də Fırtınalar Meydanının önündə olun! Biz bunu bacaracayıq InşAllah!!!”

Axşam saatlarında “Futbolpress”in əməkdaşı Elvin Cəbiyev sərbəst buraxılıb. O, başına gələnləri sayta belə nəql edib: “Polislər və mülki geyimli şəxslər körpünün yanından stadiona tərəf irəliləyən azarkeşləri oradan uzaqlaşdırmaq istəyirdilər. Həmin vaxt mənim press-kartım qırıldı, çaya düşdü. Sonra şəkil çəkəndə iki polis məni tutudu. Bunlardan qurtulmaq istəyəndə, başqa bir mülki geyimli şəxs də gəldi, məni maşına basdılar. Digər tutulanları vururdular. Adını bilmədiyim həmin mülki geyimli dedi ki, biz elə bu işlərə baxırıq, sonra oturdu sifətim üstünə. Başım dəmirə dəyirdi, qışqırırdım, buraxmırdı. Belə edəcəyik, sizi elə edəcəyik deyirdi. Bölmədə rəsi əvvəlcə dedi ki, sizə 15 sutka verəcəyik. Daha sonra mənə qayıtdılar ki, burdan çıxanda nəsə yazmayacağına söz ver, yoxsa tutulan digər azarkeşləri buraxmayacağıq. Dedim ki, mənə görə bu azarkeşləri saxlamayın, narahat olmayın, heç nə yazmayacam. Təxminən bir saat orda qaldıq”.