Son günlərin ən aktual mövzusu jurnalist Nicat Dağlardır. Jurnalist dostları onun amansız xəstəlik tapmasına çox üzülür, Tanrıdan ona şəfa diləyirlər. Əllərindən başqa nə gəlir ki?!
Hər tərəfdən sıxışdırılmış, bu hakimiyyətin apardığı məqsədyönlü siyasət sayəsində imkansız durumda olan jurnalistlərin gücü ancaq Tanrıya əl açmağa çatır. Dostlarına maddi dəstək onların imkanında deyil.
Elə onlara mənzil verməsini də dövlət başçısı bununla əsaslandırdı ki, jurnalistlər özlərinə ev ala bilməzllər. Qabaqkı dövrü – Heydər Əliyev dövrünü demirəm, 10 ildir ölkəyə rəhbərlik edən adam təkcə bu sözüylə 10 ildə analoqsuz inkişafla bağlı dediklərinin “vozdux” olduğunu ortaya qoydu. Daha bundan sonra Nazirlər Kabinetində ilin hansısa dövrünün yekunlarıyla bağlı nə nağıl danışılsa, inanmayın. Nağılbaz özü bunların yalan olduğunu mötəbər bir tədbirdə – Milli Mətbuat günündə etiraf elədi.
Jurnalistlərin niyə ev ala bilməyib prezidentin niyə azyaşlı oğluna Dubayda villa, nazirlərin ada, komitə sədrlərinin təyyarə, gəmi və s. almaları barədə hörmətli həmkarım Elnur Astanbəyli sual səsləndirib, ona görə bunun üstündən keçirik. Durum bəlli. Koorupsiya, rüşvət məsələsində “hörmətli” siyahılarda öndə gedən dövlətdə əslində bütün sualların cavabı hər kəsə bəllidir.
Iki gündür bir xəbər dayanmadan fırladılır. Sən demə, Ilham Əliyevin jurnalistlərə ev paylaması dünya mediasının əsas mövzusuymuş. Türkiyənin hansısa saytının xəbərinə
görə, dövlət başçısının jurnalistlərə ev verməsi dünyada analoqu olmayan hadisəymiş. Buna kimsənin şübhəsi yox. Ancaq hakimiyyət jurnalistləri ölkənin adına utanc gətirən bu xəbərdən də təbliğat vasitəsi kimi yararlanırlar. Dünyanı “heyrətləndirən” daha bir hadisəsə dövlət başçısının sağlıq durumunda problem olan jurnalistə maddi kömək göstərməsidir. Bunu da xüsusi qabardır, gözə soxurlar. Minnətdarlıq ummaq bir yana, adamları minnətçi olmağa məcbur edirlər. Regionun lider ölkəsinin jurnalisti aldığı əmək haqqına nə müayinə, nə də müalicə oluna bilər. Maaşların “durmadan artdığı”, səhiyyəsinə son illərdə milyardlar ayrılan ölkədə dövlətin adını rüsvay edən onun normal diaqnostika mərkəzinin, xəstəxanasının olmamasıdır.
Fikrimi statistika ilə çatdırmaq üçün budget.az saytına baş vurdum. 2005-2012-ci illərdə Səhiyyə Nazirliyinə təkcə investisiya xərcləri 460 milyon 183 min manat olub. Iqtisadçı Rövşən Ağayev səhiyyəyə ayrılan pulların ildə 1 milyard dollara yaxın olduğunu deyir. Büdcədən ayrılan pullar, üstəlik, Dövlət Neft Şirkətinin regionlarda tikdirdiyi Diaqnostika Mərkəzləri üçün xərclənən vəsait ümumilikdə hər il 1 milyarda yaxın olur. Baxın, səhiyyəsinə ildə bu qədər vəsait ayrılan, xəstələri Irana, Rusiyaya, Almaniyaya, Türkiyəyə səpələnən dövlətə.
Dövlət başçısının ayırdığı vəsaitlə Nicat Dağlar Gürcüstanda müayinə, Almaniyada müalicə olunacaq. Hakimiyyətin zirvəsində dayanandan üzü aşağı bir nəfər də olsun məsul şəxs bu fakta görə xəcalət hissi keçirməyəcək.
“ALI”ləri tanıyın
Jurnalistlərin Ilham Əliyevdən ev alması, ev ala bilməyənlərin isə hay-küyü o qədər baş qatıb ki, Mətbuat Şurasının Ali Media Mükafatı yaddan çıxıb. Daha doğrusu onun laureatları. Bilməyənlər üçün xatırladım ki, birinci mükafat Cahangir Məmmədliyə(5 min manat), ikinci mükafat (2 min manat) Elçin Mirzəbəyliyə (“Xalq cəbhəsi”), Bəhruz Quliyevə (“Səs”) və Tapdıq Abbasa (“Paralel”) verilib. Məncə, üçüncü yerin sahiblərinin adına ehtiyac yoxdur. Əslində elə birinci mükafatçının adını çəkməklə də yetərlənçmək olardı. “Ali Media Mükafatı”nın hansı dəyəri daşıdığını bununla müəyyənləşdirmək mümkün idi. Ancaq ikinci mükafatçılar o qədər cəlbedici göründü ki, onları sizə tanıtmadan keçinə bilmədim. Adamı mediada olduğuna görə belə xəcalətli edər, yandı-qındı verərlər…