«Siz onsuz da Rusiyada və digər ölkələrdə Azərbaycan diasporunun parçalanması üçün xeyli səylər göstərmisiniz»
Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov “Yeni Müsavat”a müsahibəsində “Milyarderlər Ittifaqı”nın üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un keçmiş prezidenti Söyün Sadıqovu hədəfə alıb. N.Ibrahimov Söyün Sadıqovun söylədiyi bütün fikirlərin Azərbaycan dövlətinin zəifləməsinə, müxtəlif dairələrdən asılı vəziyyətə düşməsinə xidmət etdiyini deyib.
Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, Abbas Abbasov da Söyün Sadıqovla olan münasibətlərinə bir aydınlıq gətirməlidir. Çünki bu iki bir-birindən köklü surətdə fərqli fikirlərə məxsus insanlardan birinin dağıdıcılıq mövqeyi, o birisinin isə bəyan etdiyi kimi, quruculuq mövqeyində durması ən azı təəccüb doğurur.
Qarşı tərəf N.Ibrahimovun dediklərini cavabsız qoymayıb.
Söyün Sadıqov “Azadlıq”a açıqlamasında Nazim Ibrahimovdan Rusiyada yaşayan azərbaycanlılara, xüsusilə də ondan asılı vəziyyətdə olmayanlara müsbət münasibət gözləmədiyini bildirdi.
S.Sadıqovun sözlərinə görə, N.Ibrahimovun Diasporla Iş üzrə Dövlət Komitəsi rəhbəri postunda nə işlə məşğul olduğu heç kimə sirr deyil: “Diasporlarla real iş yoxdur. Hər bir sivil dövlət ölkəyə yönələk investisiyaları, ölkənin imicinin formalaşdırılmasına xidmət edən jurnalistlərin də aid olduğu əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll edən xeyriyyə layihələrini normal qəbul etməlidir. Təəssüf, vəziyyət elədir ki, jurnalistlərin təkcə həyat səviyyəsini deyil, peşəkarlıq səviyyəsini də qaldırmaq lazımdır. Boynumuza qoyulan ideoloji mübarizənin önündə olmaq üçün bu problemləri dərhal həll etmək lazımdır. Azərbaycan jurnalistlərinə kömək etmək niyyətimi açıqlayanda yalnız öz rifahı və cibi barədə düşünən Nazim Ibrahimov kimi məmurlar burda mənim tərəfimdən hansısa təxribat görüb. Bu, cəfəngiyyatdır… Cənab Nazim Ibrahimova sualım var: nəyə görə siz Azərbaycan icması tərəfindən olan təşəbbüsləri belə neqativ qarşılayırsınız. Nədən qorxursunuz? Siz onsuz da Rusiyada və digər ölkələrdə Azərbaycan diasporunun parçalanması üçün xeyli səylər göstərmisiniz. Yenə də diaspor üçün bu zərərli fəaliyyətinizi davam etdirirsiniz. Ancaq sizdə onsuz da heç nə alınmayacaq. Sizdə vətənə və həmvətənlərinizə qəribə, tamamilə anlaşılmaz və absurd sevgi var. Ancaq ümid edirəm ki, tezliklə ölkənin siyasi rəhbərliyinin gözü açılacaq və bütün bu eybəcərliklərə son qoyulacaq…”.
Fizzə