Yetim, papağını əlindən alıb sonra onu özünə qaytaranda necə sevinirsə, bunlar indi bizi bax eləcə sevindirirlər. Ölkənin milyardları bir ovuc adamın cibinə axır, amma hardasa müalicəyə ehtiyacı olan bir vətəndaşın dadına yetişməklə hər şeyi unutdururlar. Ya da unutdura biləcəklərini düşünürlər.
Qarşıdan seçki gəlir və nə kəramətdirsə, biz az qala hər gün sistemin yeni humanist aksiyaları ilə tanış oluruq. Aylar öncəyədək vətəndaşın evini başına yıxıb, onun üstünə buldozerlə gələn bir zehniyyət indi harda kimin ayağına daş dəysə, müalicə xərcini üstünə götürür. Sonrası məlumdur – təşəkkür şouları… minnətdarlıq növbələri…
***
Həmişəki kimi, soruşanlar, sorğulayanlar isə yenə azdır. Get-gedə də azalır.
Ətrafınıza göz gəzdirin, görün, bir-birini əvəz edən bu “humanizm tamaşaları”na baxıb nə qədər adam soruşur: niyə bunca sərvətlərə rəğmən, bu ölkənin vətəndaşı hələ də sağlamlığına qovuşmaq üçün yardım kampaniyalarına möhtacdır? Kiminsə mərhəmətinə möhtacdır? Bəs hanı onun icbari tibbi sığortası? Hanı onun həyatda qalmaq, üzləşdiyi hər bəlanın öhdəsindən gəlmək üçün yetərli olan maaşı, gəliri?
Bəs deyirlər ki, bu ölkədə yoxsulluq aradan qalxıb? Bəyəm bu ölkə vətəndaşı günün 14-16 saatını çalışıb evinə bir qismət çörək apara bilirsə, bu, artıq onun yoxsul olmadığı deməkdirmi? O xəstəxanaya niyə gedə bilmir? Onun müalicə üçün öz imkanları niyə yoxdur?
Niyə bu “analoqsuz inkişaf” ölkəsində, niyə “regionun lider dövləti”ndə jurnalistlər öz maaşı ilə ev ala bilməzlər? Niyə prezident maaşı ilə Dubayda villa almaq olar?
Nazir maaşı ilə Londonda 40 milyonluq mülk almaq olar?
Niyə icra başçısı maaşı ilə hətta qayınanaya da imarət almaq olar, amma jurnalist maaşı ilə öz ölkəndə bir uçuq daxma almaq olmaz?
Niyə bu ölkə insanının gözü illah ki, başqasının əlində olmalıdır?
Niyə həkimin gözü xəstənin cibinə baxmalıdır?
Niyə müəllimin gözü tələbənin qiymət kitabçasının arasında gəzişməlidir?
Və niyə bizi, məşhur teletamaşada deyilən kimi, “dütdülü” ilə sevindirməlidirlər – məsələn, hansımızınsa müalicəsini üstlərinə götürməklə.
Və niyə bu “humanizmin təntənəsi” olmalıdır, axı?
Lap elə eyni humanizmi biz keçən il üzü çürüyən əsgərlə bağlı niyə görmədik? Günlərlə yazıldı, pozuldu, ailəsi gecə-gündüz fəryad etdi, amma o əsgəri yalnız iş-işdən keçəndən sonra müalicə üçün Türkiyəyə aparmağa razılaşdılar. Əsgər təyyarədə keçindi… Onun bircə bəxtsizliyi, bircə şanssızlığı vardı – keçən il seçki yox idi.
Seçki yox idisə, deməli, tamaşaya da ehtiyac yox idi…
***
Əslində yalnız sistemə yüklənmək də artıqdır. O toplumun incə damarını hardan tutacağını bacarır.
Əgər bir ölkədə haqqın, ədalətin bərqərar olmasını hər kəsdən daha yüksək bağırmağa borclu olanlar bir deputat mandatı qarşısında…
Bir mənzil qarşısında…
Bir prezident təqaüdü qarşısında duruş gətirəcək qədər onurğalı deyilsə, bütün bu olanlardan təbii, məntiqəuyğun nə var?
Məlum deyilmi bütün bu “niyə”li, “nə üçün”lü sualların cavabı?
Ölkənin aydınlıq üzü olmalı insanlar…
Onu bu qaranlıqdan qoparmalı…
Bu bataqlıqdan çəkib çıxarmalı olan insanlar maddiyyat önündə bu qədər rahatca gücsüzləşərkən, əyilərkən, prinsiplərin valyuta ilə qarşılığını bu qədər asan taparkən, sistemi niyə qınayaq?
Niyə günahlandıraq, niyə suçlayaq sistemi? Niyə umaq, niyə küsək ondan?
Axı əsas sual o deyil ki, rejim bu cür “tamaşa”larla, şoularla öz pis idarəçiliyini davam etdirməkdə nə qədər israrlıdır.
Əsas sual odur ki, bəs biz o siyasi tamaşalarda rol almamaq, o siyasi şoularda göbək atmamaq üçün nə qədər davam gətirə bilirik? Nə qədər dirəşir, nə qədər dözürük?
Azərbaycanın bu ağrılı hala gəlib düşməsində əsl günahkarların – mənəvi, əxlaqi məsuliyyəti olanların kimliyi məhz bu sualın cavabında gizlidir.
Ayıb olsun hamısına!