Rəsul Quliyevin cavabı ağır oldu

«Hökumət müxalifət hesab edilən kiminsə seçkilərdə iştirakına nail olsa, onda asanlıqla Rüstəm İbrahimbəyovu seçkilərə buraxmayacaq»

ACP lideri Rəsul Quliyev Facebook səhifəsində Müsavatın Icra Aparatının rəhbəri Arif Hacılının bir neçə gün qabaq ona qarşı səsləndirdiyi sərt ifadələrə cavab verib.
“Mən Müsavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyi barədə dəfələrlə izahat vermişəm, əks tərəf də buna reaksiya verib. Hər dəfə də mənim məntiqli izahıma kobud cavablar verilib. Indi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyəcan doğurub ki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib?”, – deyə R.Quliyev yazıb. Daha sonra o, öz mövqeyini xatırladıb: “Mənim yazdıqlarım qısa şəkildə bundan ibarətdir. Bu gün Rüstəm Ibrahimbəyov qələbə çalmağa şansı olan yeganə şəxsdir. Hökumət onu seçkilərə buraxmamağa çalışacaq. Ancaq seçkilərin legitim olması hakimiyyətə hava və su kimi lazımdır. Hökumət  müxalifət hesab edilən kiminsə seçkilərdə iştirakına nail olsa onda asanlıqla Rüstəm Ibrahimbəyovu seçkilərə buraxmayacaq. Hökumət bu rol üçün Isa Qəmbəri seçib. Ardınca qeyd edirəm, onun bu seçkilərdə iştirak edib, maksimum 2-3 faiz səs toplamasının Azərbaycana bir xeyri olarmı? Xeyr. Belə bir addımın atılması Azərbaycan xalqının gələcəyinin, bu gününün əleyhinədir”.
Bunun ardınca R.Quliyev A.Hacılının ona qarşı ifadələrini “hədyan” adlandırıb və A.Hacılı barəsində yazıb: “Bu adamın yazısından belə çıxır ki, 1991-ci ildən bu günə qədər bunları mən idarə edirəm. Hansı ağıl sahibi 2003-cü il məğlubiyyətini mənimlə bağlaya bilər. 10 ildir 2003-cü ildə seçkiləri udduq deyib fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. 2003-də Gürcüstanda müxalifət seçkiləri uddu. Çünki MSK müxalifətin uduzduğunu elan etməyinə baxmayaraq küçələrə çıxdılar, protokollar yenidən yoxlanıldı və saxtalaşdırma üzə çıxdı. 2004-də Yuşşenko seçkiləri uddu. Yenə MSK Yanukoviçin udduğunu elan etdi, hətta onu başqa ölkələrin başçıları təbrik etdilər, ancaq camaat küçələrə çıxdı seçki protokolları yoxlanıldı, saxtakarlıq üzə çıxdı. Azərbaycanda bu hadisələr baş vermədi. Ona görə bir neçə dəfə “biz udduq” dediniz kifayətdir, çünki bunu təsdiqləyən materiallar yoxdur, fərziyyədir. 2005-ci il sizin üçün ən uğurlu ildir, deputat yerləri alıb, oturdunuz parlamentdə. 2008-ci ildə müxalifət ölü vəziyyətində idi, mən heç orada nə vaxt prezident seçkiləri keçirilməsini də bilmədim. Kim sizə mane oldu mübarizə aparmağa? 2010-cu il parlament seçkilərində siyasətdə aktiv fəaliyyətim olmayıb, siz harada idiniz, hansı uğurlarınılzla öyünə bilərsiniz? Indi sizdən xahiş olunur ki, 1998, 2000, 2003, 2005, 2008, 2010-cu illərdə oynadığınız oyunları 2013-cü ildə qırağa qoyun, bəlkə bu xalq öz başına bir çarə qıla bildi”.
“O vaxt Rəsul Quliyev zavod direktorluğundan Azneft-ə müavin gəldi, qısa vaxtdan sonra da ordan baş nazirə müavin gətirildi. Təqdimatı konkret kimin hazırladığını bilmirəm, ancaq prezidentin fərmanıyla həmin posta gətirildi”. Bu sözləri isə moderator.az-a keçmiş daxili işlər naziri Isgəndər Həmidov bildirib. O daha sonra əlavə edib: “O zaman onun direktor olduğu zavodla bağlı müəyyən məlumatlar vardı, ancaq konkret onun adı hansısa cinayət işində hallanmırdı. Bu gün onun bir mafioz kimi təqdim edilməsi də doğru deyil və şəxsən məndə onun mafioz olduğuyla bağlı hər hansı konkret fakt yox idi”.