Rejimin avtoportreti – jurnalistikanı dəyərləndirmə faktı

Çağdaş dünyada jurnalistikanın rolu çox böyükdür. Buna görə jurnalistləri, jurnalist qurumlarını ələ almaq, əldə saxlamaq çağdaş dünyanın aparıcı tendensiyalarındandır. Mass-media düşüncələri biçimləyir, gərəkən axara yönəldir. Jurnalistikanı qısaca olaraq iki kateqoriyaya ayırmaq olar: gerçəkçi jurnalistika, yalançı jurnalistika. Gerçəkçi jurnalistika, professiya etikasına bağlı doğru-düzgünlük yolçularının yaratdığı jurnalistikadır. Anti-demokratik rejimlərdə bu jurnalistika ÇƏTIN YOL YOLÇULARININ yaradıcılıq missiyasıdır. Başqa cür desək, bu, demokratik jurnalistika yoludur.

Anti-demokratik rejimlərin ən böyük qorxusu demokratik-gerçəkçi jurnalistikadır. Despotik rejimlər demokratik-gerçəkçi jurnalistikanı sıradan çıxarmaq üçün yalnız çeşidli repressiya metodlarından yararlanmırlar. Anti-demokratik rejimlərin arsenalında ideya-mənəvi repressiya metodları da var, özü də bu metodlar çox geniş yayılıb. Ideya-mənəvi repressiya metodlarının geniş yayılmasının bir başlıca nədəni var: az itkiylə çox qazanmaq. Jurnalistlərə güllə atan, jurnalistləri öldürən rejim çox keçmədən dünyada qınaq obyektinə çevrilir. Ancaq jurnalistləri çeşidli yollarla satın alıb ideya-mənəvi baxımdan öldürən rejim ölkə içində də, ölkə dışında da özünə uzun sürə yaşarlıq qazandıra bilir.

Anti-demokratik rejimlər başlıca olaraq oğru-korrupsioner-kriminal xarakterli olduqlarından bu rejimlər demokratik-gerçəkçi jurnalistikaya düşmən, yalançı-satqın jurnalistika ilə dost olurlar. Demokratik-gerçəkçi jurnalistika oğru rejimin cinayətlərini açıb göstərdiyinə görə düşmən gözündə görülürsə, yalançı-satqın jurnalistika rejimin cinayətlərini ört-basdır etdiyinə, malaladığına görə oğru-korrupsioner rejimin ayrılmaz dostuna çevrilir. Dost saydığın nədir, onu qazancına, başqa cür desək, oğurluqlarına ortaq etməmək, oğurladıqlarından ona pay verməmək nədir? Bu bir Ata sözüdür: dost dosta tən gərək, tən olmasa, gen gərək. Gen olmaq… olmaz! Dostu yaxına çəkmək, yaxında tutmaq gərəkdir; belə olmasa, dost dediklərin, dost bildiklərin bir-bir aradan çıxıb müxalifətə, müxalifətçi jurnalistikaya qoşular…

Doğal resurslar baxımından Azərbaycandan qat-qat yoxsul Estoniyada jurnalistlər doğal resurslarla dopdolu Azərbaycandakından qat-qat artıq aylıq-qonorar alırlar. Bizdə çox aşağı aylıq-qonorarla, reklam bazarını qapamaqla, monopoliyanı da rüşvət-korrupsiya kimi dövlət siyasətinə çevirməklə demokratik-gerçəkçi jurnalistika ilə birlikdə demokratik-gerçəkçi jurnalistləri də dözülməz dolanışıq bataqlığına batırmaqla “Yandım, çək” durumu yaradırlar. Başqa bir yanda yalançı-satılmış jurnalistikaya, yalançı-satılmış jurnalistlərə yüksək yaşayış örnəkləri yaradılır – çeşidli ödülləndirmələr yoluyla.

Bir neçə gün qabaq prezidentin adından jurnalistlərə ev verildi. Ortada 155 sayı var. Ortada çoxlu sayda maxinasiya, yalan, korrupsiya faktı var. Kimlərsə daha bir ev almaq üçün “boşanaq-evlənərik” metoduna əl atıblar. Kimlərsə evlərindən başqa bağ evləri də ola-ola yalançı kağız-kuğuzla yenidən ev alıblar. Bakıda üçotaqlı evini satıb illərdən bəri Türkiyədə yaşayanın biri yenidən gəlib hansı yollasa üçotaqlı ev alıb. Ortada 10-15 min manatlıq rüşvət faktları olduğu da danışılır. (Başqa, çox ilginc faktlar da var). Sözsüz, bunlar rejim yetkililərindən gizli faktlar deyil. Əflatun Şurasının ev bölgüsündəki maxinasiyaları da bəllidir.

Jurnalistlərin hamısının yaxşı tanıdığı, olduqca dəyərli fotojurnalist Əjdər Nağıyevin ailəsi özünün sağlığında kirayədə yaşadığı kimi, indi də kirayədə yaşayır. Intellektual jurnalistikamızın yenilməz öncülü Hüseynbala Səlimov ailəsi ilə bilikdə hələ də yataqxanada, birotaqlı mənzildə yaşayır. T.Fikrət demiş: Dövlətsə də, qanunsa da artıq yetər olsun!..