Qurban Məmmədovun vəkili Usubov və Qaralova müraciət etdi

Hüquqşünas ailə üzvlərinə etibarnamə verməli olsa da, notariusun təcridxanaya getməsi üçün vəkil müstəntiqdən  razılıq ala bilmir

Həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədovun vəkili Süleyman Qasımov daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib. “Moderator.az” həmin müraciəti yayıb. Bildirilir ki, Nəsimi Rayon Polis Idarəsinin müstəntiqi Miraqil Qiyasovun apardığı cinayət işi üzrə Qurban Məmmədova Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə ittiham elan edilib. Nəsimi Rayon Məhkəməsi 4 iyun 2013-cü ildə onun barəsində ilkin istintaq müddəti üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib və Qurban Məmmədov hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

Qurban Məmmədov daşınar və daşınmaz əmlaklarının idarə olunması üçün ailə üzvlərinə etibarnamə vermək niyyətindədir. Etibarnaməni təsdiqləmək üçün 39 saylı Dövlət Notariat Kontorunun notariusu istintaq təcridxanasına getməlidir. Bunun üçünsə işi aparan müstəntiq razılıq verməli və bu, Nəsimi Rayon Polis Idarəsinin rəisi tərəfindən təsdiqlənməlidir.

Vəkil bildirir ki, bu məqsədlə dəfələrlə müstəntiqə müraciət etsə də, Miraqil Qiyasov hər dəfə bir bəhanə ilə həmin razılığı verməkdən yayınır. Sonuncu dəfə müstəntiq deyib ki, o, tələb olunan razılığı tərtib edərək, təsdiqlənməsi üçün idarənin rəisinə təqdim edib, lakin rəis həmin razılığı hələ də təsdiqləməyib.

“Qurban Məmmədovun əmlakının başqa şəxs tərəfindən idarə edilməsi zəruridir. Notariusun onun saxlanıldığı yerə getməsinə qəsdən maneçilik törədilməsi Qurban Məmmədovun mülkiyyət hüquqları və bununla bağlı digər hüquqlarının pozulması deməkdir”, – deyə vəkil bildirir.

Müraciətinin sonunda vəkil baş prokuror və daxili işlər nazirindən Nəsimi Rayon Polis Idarəsinin rəisi və müstəntiq Miraqil Qiyasovun qanunsuz hərəkətlərinə son qoyulmasını, notariusun təcridxanaya getməsinə razılıq üçün göstəriş verilməsini xahiş edir.